Dünyanın bu günü - VİDEO
29 may 2020 10:48 (UTC +04:00)

Dünyanın bu günü - VİDEO

AYTƏKİN MƏMMƏDOV

(1967-1991)

1. Azərbaycanın Milli Qəhrəmanı Aytəkin İsrayıl oğlu Məmmədov 29 may 1967-ci ildə Gədəbəy rayonunun Göyəlli kəndində anadan olub. 1974-1984-cü illərdə burada orta məktəbdə oxuyub, 1985-ci ildə isə hərbi xidmətə çağırılıb. 1991-ci ildə DİN-in Xüsusi Təyinatlı Polis Dəstəsinə daxil olub, həmin il Xanlar rayonunun erməni işğalçılarından müdafiəsində iştirak edib. 1991-ci ildə qatıldığı döyüşlərin birində xeyli sayda yaraqlını məhv edərək özü də qəhrəmancasına həlak olub və Göyəlli kənd qəbiristanlığında dəfn olunub.Azərbaycan Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə Aytəkin Məmmədova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.

ASƏF HACIYEV

(1951)

2. AMEA-nın həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Hacı oğlu Hacıyev 1951-ci il mayın 29-da Gəncə şəhərində doğulub. Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib.Azərbaycan EA-nın Kibernetika İnstitutunda baş elmi işçi, sektor rəhbəri, Türkiyədə Boğaziçi Universitetinin professoru, AMEA-nın Kibernetika İnstitutunda laboratoriya rəhbəri və Bakı Dövlət Universitetində kafedra müdiri vəzifələrində çalışıb. I, II və III çağırış Azərbaycan Milli Məclisinin deputatı olub. 2 kitabın və 100-dək elmi məqalənin müəllifi olan Asəf Hacıyev hazırda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin rəhbəri və Parlament Məclisi Sədrinin müavinidir.

CON KENNEDİ

(1917-1963)

3. Amerika Birləşmiş Ştatlarının 35-ci prezidenti Con Fitscerald Kennedi 1917-ci ilin bu günü Bruklaynda anadan olub. London İqtisadiyyat Məktəbində,Prinston və Harvard universitetlərində təhsil alıb. Massaçusets Konqres dairəsindən Nümayəndələr Palatasının üzvü seçilib.20 yanvar 1961-ci ildə ABŞ tarixində ilk katolik prezidenti və Teodor Ruzveltdən sonra ölkənin ikinci ən gənc prezidenti olub. Con Kennedi 1963-cü il noyabrın 22-də Dallasda qətlə yetirilib və noyabrın 25-də Arlinqton milli qəbiristanlığında torpağa tapşırılıb, qəbrin üzərində isə xanımı Jaklin Kennedinin təklifi ilə daimi od yandırılıb.

ALEKSANDR ABDULOV

(1953-2008)

4. Rusiyanın xalq artisti, teatr və kino aktyoru, kinorejissor Aleksandr Qavriiloviç Abdulov 29 may 1953-cü ildə Tümen vilayətinin Tobolsk şəhərində anadan olub. İlk dəfə teatr səhnəsinə beş yaşında olanda Fərqanə Dram Teatrının “Kreml kursantları” tamaşasında çıxıb.Məktəb illərində idmanla məşğul olub, qılıncoynatma üzrə SSRİ idman ustası namizədi adını qazanıb. 1970-ci ilin əvvəllərindən etibarən kinoya çəkilib. Karyerası ərzində ümumilikdə 112 filmin çəkilişi və səsləndirilməsində iştirak edib, yaddaqalan obrazlar yaradıb. Aleksandr Abdulov 3 yanvar 2008-ci ildə Moskvada dünyasını dəyişib.

ƏLİYAR BƏY HAŞIMBƏYOV

(1856-1920)

5. Bu gün Azərbaycan Xalq Cümhuriyyəti daxili işlər nazirinin müavini, Zaqatalanın 1-ci qubernatoru, Qars vilayəti qubernatorunun köməkçisi olmuş general-mayor Əliyar bəy Haşımbəyovun xatirə günüdür. O, 1856-cı il martın 8-də Bakı şəhərində dünyaya göz açıb. 1871-ci ildə Tiflisdəki hərbi-piyada məktəbinə daxil olub. 1918-ci ildən artilleriya qoşunlarının piyada hissələrində xidmətə başlayıb. 1908-ci il dekabrın 6-da general-mayor kimi yüksək rütbəyə layiq görülüb və həmin il Qars vilayətinin hərbi rəisi təyin edilib. Birinci Dünya müharibəsində 3-cü Qafqaz araba-karvan briqadasının komandiri olub, 1917-ci ildə isə istefaya çıxıb. Bir il sonra Azərbaycan Milli Ordusunda könüllü xidmətə başlayıb, Azərbaycan Xalq Cümhuriyyəti daxili işlər nazirinin müavini, Hərbi İndendant İdarəsinin rəisi vəzifələrində xidmət göstərib. 1920-ci ildə Zaqatala qəzasının general-qubernatoru, daha sonra Cənub-qərbi Azərbaycanın general-qubernatoru olub. Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalından sonra həbs olunub və 1920-ci ilin mayında Nargin adasında güllələnib.

MURAD GƏRAY BƏY TLEXAS

(1874-1920)

6. Azərbaycan Xalq Cümhuriyyəti ordusunun general-mayoru, milliyyətcə çərkəz olan Murad Gəray bəy Tlexasın anım günüdür. O, 1874-cü il oktyabrın 21-də Kuban vilayətinin Krasnodar şəhərində hərbçi ailəsində doğulub. İlk təhsilini Maykopda alıb, Sankt-Peterburq Mixaylovski Artilleriya Məktəbini bitirib. 1912-13-cü illərdə 51-ci artilleriya briqadasında kapitan rütbəsində xidmət edib və Port-Artur savaşına, 1-ci Dünya müharibəsinə qatılıb. Əlahiddə Azərbaycan Korpusunun tərkibində olan 2-ci nişançı topçu briqadasının komandiri, Bakı İstehkamçılar hissəsinin rəisi təyin edilib. Baş Qərargahda Baş Artilleriya İdarəsinin rəisi, Bakı möhkəmləndirilmiş rayonunun general-qubernatoru olub. Döyüşlərdə göstərdiyi igidliyə görə «Müqəddəs Georgi», «Müqəddəs Anna», «Müqəddəs Vladimir» ordenləri və medallarla təltif edilib.Bolşevik işğalından sonra həbs olunan Murad Gəray bəy Tlexas 1920-ci ilin mayında güllələnib.

QOÇU NƏCƏFQULU

(?-1920)

7. Bakı qoçusu, Üzeyir Hacıbəyovun"O olmasın, bu olsun" operettasında yaratdığı Qoçu Nəcəfqulunun prototipi Qoçu Nəcəfqulunun anım günüdür. Onun doğum tarixi məlum deyil. 1918-ci ildə ermənilər Bakıya hücum edən zamanöz vəsaiti hesabına aldığı silah-sursatı camaata paylayaraq müdafiə dəstələri yaradıb. Erməni və rus birləşmiş qoşunlarının hücumunun qarşısı onun rəhbərliyi ilə yaradılmış “Maştağa dəstəsi" tərəfindən Zabrat yolunda alınıb. Qafqaz İslam Ordusu Bakı kəndlərinə daxil olduqdan sonra dəstə silahlı heyətini genişləndirərək, “Maştağa qarnizonu” adını alıb, Bakı üzərinə həlledici hücum zamanı bu qarnizon böyük rəşadət göstərib. Nuru Paşa göstərdiyi igidliklərə görə ordenlə təltif edib. 1920-ci ildə bolşevik işğalından sonra 12 məşhur Bakı qoçusu həbs olunaraq, Bayıl türməsinə gətirilib.Qoçu Nəcəfqulu mayın 29-da Bayıl qazamatının həyətində güllələnib.

ROMİ ŞNAYDER

(1938-1982)

8. Romi Şnayder kimi tanınan Avstriya aktrisası Rozmari Maqdalina Albaxınanım günüdür. O, 1938-ci il sentyabrın 23-də Vyana şəhərində anadan olub. Ona bir melodramda oynamağı təklif ediləndə hələ 15 yaşı tamam deyildi və həmin il “Fişəng” filmində çəkilib. “Sissi”, “Sevgi oyunu”, “Marko Polo”, “Bank sahibəsi”, “İlkin təhqiqat altında” və başqa filmlərdə yaddaqalan obrazlar yaradıb. “Sadə tarix” filmindəki roluna görə “Sezar” mükafatına layiq görülüb. Romi Şnayder1982-ci ilin mayında öz evində ölü vəziyyətdə tapılıb və Paris yaxınlığında Buassi-sen Avur qəbiristanlığında dəfn edilib. İlk olaraq intihar edildiyi düşünülsə də, ekspertizadan sonra məlum olub ki, infarktdan dünyasını dəyişib.

# 2503
avatar

Oxşar yazılar