Cəbhədə əsgər, səhnədə general, yaddaşlarda bəy oğlu bəy... – HƏYAT HEKAYƏTİ
05 may 2020 10:00 (UTC +04:00)

Cəbhədə əsgər, səhnədə general, yaddaşlarda bəy oğlu bəy... – HƏYAT HEKAYƏTİ

Ömrünün sonlarında, 90-ı keçib 100-ə doğru istiqamət alanda hansı rolunu soruşsan, monoloqunu, dialoqunu əzbərdən söyləyərdi. Ən çox sevdiyi obraz Cabbarlının Aydını, Səməd Vurğunun Vaqifi idi. Aydın rolunu Cabbarlının xanımı Sonanın bəyəndiyindən şövqlə danışardı. Cabbarlının əsərlərinə sevgisindən böyük oğlunun adını Aydın qoymuşdu. Bir də Cahandar ağanı müzakirə etməyi çox sevərdi. Onun bütün hərəkətlərini Azərbaycan kişisinə örnək hesab edərdi.

 

Bu yerdə oxucu söhbətin kimdən getdiyi duymamış deyil, yəqin. Bəli, Cahandar ağanın əvəzsiz ifaçısı, Xalq artisti Ələddin Abbasovdan.

 

Lent.az doğum günündə aktyorun “Həyat hekayəti”ni danışır.

 

5 may 1922-ci ildə Gəncədə Aslanla Minaxanımın ailəsində doğulub. Ailədə 4 qardaş, iki bacı idilər. Kiçiyi Ələddin idi. Onun adını böyük qardaşı qoyub. Deyib ki, əlində sehrli gücü olsun Ələddin kimi, hamımızın arzularını həyata keçirsin. Hamısı oxuyan uşaqlar idilər. İkisi müəllim oldu, üçüncüsü həkim. Qızlar ailə qurub, evdən getdilər. Qaldı kiçik qardaş. Ələddin, deyəsən, həqiqətən də sehrli gücü olacağına inanıb, dərslə işi olmadı, oxumadı. Sevə-sevə getdiyi yalnız dram dərnəyi idi. Özünü tanıyandan baxdığı tamaşaların təsirinə düşmüşdü. “Aktyor olacam” deyib durmuşdu. Nə atası, nə də böyük qardaşı onun aktyor olmasını istəmirdilər. Ələddinsə inadından dönmürdü.

 

Bu uşaqlıq inadı sonradan qarşısıalınmaz arzuya döndü. Nəhayət, bu arzu onu heç bir təhsili olmadan, dərnəkdən Gəncə Dram Teatrının səhnəsinə aparıb çıxartdı.

 

Böyük qardaşı onun aktyor olmaq istəyinin ötəri həvəs olmadığını anlayıb, atasına – qarşısını ala bilməyəcəyik, ata, bəlkə xeyirlisi odur, qoy getsin - dedi.

 

Atası üzücü sükutdan sonra, gözləri yol çəkib bir nöqtəyə zillənmiş halda  - ona de, heç olmasa olursa yaxşı aktyor olsun, səhnədə nizə tutan olmasın – deyir.  

 

İlk rolları uşaq rolları olub. Cabbarlının “Sevil” dramında Gündüzdən başlayıb peşəkar səhnə fəaliyyəti. Ona qədər iki il teatrın yardımçı heyətində təcrübə keçir, kütləvi səhnələrə çıxır. Atasının “nizə tutan olmasın” fikri bir an beynindən çıxmır. “Doğrutmalıyam, özümü doğrultmalıyam ki, atam nizə tutan olmadığımı görsün. Bu gün nizə tutduğum bu səhnədə qəhrəmanları oynamalıyam” - deyirdi özünə.

 

Tarixini, keçmişini əzbər bildiyi Gəncə Dram Teatrının aktyor truppasına 1939-cu ildə ştata götürülüb. Bütün yaradıcılığı bu teatrla bağlıdır, yəni teatrın sonrakı tarixini yazanlardandır. Gənc, təcrübəsiz vaxtlarında teatrın peşəkar kollektivi - xalq artistləri Əşrəf Yusifzadə, Rəmziyyə Veysəlova, Məhəmməd Bürcəliyev, Sədayə xanım Mustafayeva, Zülfüqar Baratzadə, əməkdar incəsənət xadimləri Yusif Bağırov, Həsən Ağayev kimi sənət korifeyləri ilə bir səhnəyə çıxıb. Bu peşəkar aktyorları sonradan özünün məktəbi adlandırırdı. Həm də hər biri bir məktəb idi - deyirdi.

 

Əyalət teatrında tanınmaq, sevilmək hər aktyorun işi deyil. Bu aktyorların taleyi iki cür olur – ya səhnədə tanınıb sevilir, ya da səhnənin kölgəsində qalırlar. Bu səhnədən başqa tanına biləcəkləri başqa məkan olmur - əyalətdə aktyorun başqa fəaliyyət sahəsi, kinostudiya telestudiya yoxdur. Nə olacaqsa, o əyalət teatrının səhnəsində olacaq, ya da olmayacaq. Səhnədə arzuladığı, kənarlarında oynadığı əsas rolların bir addımlığında idi ki, müharibə başladı.

 

1941-ci ildə Ələddinin 19 yaşı vardı. Sıravi əsgər kimi 1945-ci ilə qədər cəbhənin alovundan keçib. Döyüş yoldaşları ilə nəfəslərini dərməyə imkan tapan kimi səngərin bir hissəsini səhnəyə çevirib, onlara Otellonun monoloqunu, Vaqifin şeirlərini deyərdi.

 

Özündən böyük qardaşı ilə Ələddinin payına düşmüşdü vuruşmaq. Müharibə başa çatanda Ələddin qayıtdı, qardaşı yox...

 

Onun ölüm xəbəri atasını vaxtından tez qocaltdı. Ələddin Abbasovun ömür boyu təəssüfləndiyi bir məqam vardı. “Atam məni səhnədə Aydın kimi, Oqtay kimi, Qaçaq Nəbi, Qatır Məmməd kimi, Cahandar kimi görə bilmədi, gördüyü elə nizə tutmağım oldu” - deyirdi.

 

Müharibədən sonra teatrın, mədəniyyətin yüksəliş dövrü idi. Sovet hakimiyyəti öz ideologiyasını kütlələrə daha geniş çatdırmaq üçün mədəniyyətə, təhsilə önəm verirdi.

 

Ələddin Abbasovu taleyi vaxtında yönləndirmişdi. Tez bir zamanda səhnədə böyük sənətkarlardan aldığı dərs, keçdiyi məktəb onu uzaqlara, sənətin, şöhrətin zirvələrinə qədər apardı.

 

24 yaşında teatrda sevdiyi qızla ailə həyatı qurur. Teatrın kassasında çalışan Tamara onun evlənmək təklifinə cavabını heç ləngitmir. Ətrafda bu yaraşıqlı, artıq Gəncəbasarda tanınan, sevilən aktyordan evlənmək təklifi almaq arzusunda olan o qədər qız vardı ki.

 

Ələddin Abbasov Cabbarlının dramaturgiyasını çox sevirdi. Onun sənət yolunda Cəfər Cabbarlının əsərləri onurğa kimi keçir. Bütün əsərlərinin tamaşasında baş rolları oynayıb. Dünyaya gələn üç övladının üçünün də adı Cabbarlının qəhrəmanlarının adıdır. Obrazlarını oğlanlarına verib, böyük oğlunun  adı Aydın, ikincinin Oqtaydır. Qızı isə Gültəkin adını daşıyır.   

 

Evdə böyüyən uşaqların adını daşıyan qəhrəmanları isə Gəncə teatrının səhnəsində yaradırdı aktyor Ələddin Abbasov. O tamaşalarla təkcə Azərbaycanda deyil, ölkədən kənara da qastrollara gedirdi.

 

Ona görə Bakıdan sənətkar dostları tez-tez Gəncə teatrının tamaşalarına baxmağa gəlirdilər.

 

Məmmədrza Şeyxzamanovla, Adil İsgəndərovla, Mehdi Məmmədovla yaxın dost olublar. Onun sənətinin kulminasiyası sayılan Cahandar ağa obrazına çəkilməsinin də səbəbkarı Adil İsgəndərov olub.

 

1969-cu ildə Ələddin Abbasov Gəncə teatrının kollektivi ilə Tiflisdə qastrolda imiş. Eyni vaxtda iki teleqramla onu Bakıya çağırırlar. Teleqramın birini rejissor Hüseyn Seyidzadə vurmuşdu, birini isə Adil İsgəndərov: “Təcili Bakıya gəl”.

 

Ələddin Abbasov Tiflisdən Bakıya gəlir. Kinostudiyada ona deyirlər ki, səni “Dəli Kür” filminin çəkilişləri üçün təcili çağırıblar. İnanmayıb ki, onu Cahandar ağa roluna çəkərlər. Düşünüb ki, sıradan bir obraza çəkərlər yəqin. Bir dəfə başına belə bir olay gəlmişdi. “Onu bağışlamaq olarmı?” filminə dəvət olunanda Tiflisdə qastrolda idi. Dörd tamaşa ilə getmişdilər, hamısında Ələddin Abbasov əsas rolları oynayırdı. Teatrın rəhbərliyi Bakıya teleqram vurub ki, Ələddini buraxsaq, gərək qastrolun ortasında onda iştirakdan imtina edək. Bu da mümkün deyil. Nəticədə həmin filmə Ələddin Abbasov çəkilməli olan Tərlan roluna kənardan aktyor dəvət olunub.

 

“Dəli Kür” filminin çəkilişlərinin başlanmalıdır, amma Cahandar ağa tapılmır. Əsərin müəllifi İsmayıl Şıxlı hər gün kinostudiyaya gəlir, maraqlanır. Rolu rejissor Adil İsgəndərova təklif edib. O vaxt kinostudiyaya rəhbərlik edən aktyor deyib ki, məndən Cahandar ağa olmaz, amma Gəncə Teatrında Cahandar ağa var. Adil İsgəndərov onu Gəncə Teatrının səhnəsində “Dəli Kür” tamaşasında Cahandar ağa rolunda görmüşdü.

 

Rola ondan başqa altı aktyor sınağa çəkilib, keçməyiblər. Axırda İsmayıl Şıxlı rejissordan – nooldu, ay seyid, bu boyda Azərbaycanda Cahandar ağanı oynayacaq bir adam tapmadın? - soruşanda rejissor Ələddin Abbasovu göstərib, “bax, bu oğlan oynayacaq” - deyib. İsmayıl Şıxlı aktyora ötəri bir nəzər salıb, narazı halda başını bulayıb, gedir.

Sınaq çəkilişlərinə baxandan sonra isə müəllif  – budur, xalis Cahandardır - deyib, Ələddin Abbasovu bəyənib. Leyla Bədirbəyli ilə Ələddin Abbasovun sınaqları eyni vaxtda təsdiqlənib.

 

Əllədin Abbasov üçün Cahandar ağa obrazı etalon idi. Deyirdi bəlkə mən də Cahandar ağanın böyüklüyünü göstərə bilməmişəm.

 

Ən çox sevdiyi aktyor Ələsgər Ələkbərov idi. Deyirmiş, hamı məni Cahandar ağa obrazında görürdü, mən Ələsgər Ələkbərovu. Onun yaratdığı “Böyük dayaq”dakı Rüstəm kişi obrazı sənətin zirvəsidir.

 

“Dəli Kür”ün çəkilişləri başlamamış rejissor aktyorlarla cıdıra gediblər ki, aktyorlar at çapmağı öyrənsinlər. Hüseyn Seyidzadəni dərd götürüb ki, indi Ələddin Abbasovun  Cahandar ağaya layiq at çapması üçün nə qədər vaxt lazımdır.

 

Ələddin Abbasov heç nə demədən hələ məşqçi gəlməmiş atın belinə sıçrayır, cıdırı o tərəf - bu tərəfə necə çapırsa, rejissor tamaşaçı oturacağında quruyub qalır. Aktyor gülə-gülə atdan düşüb “mən Kəpəzin ətəyindən Murova, ordan Hacıkəndə, Samux meşələrinə qədər at çapa-çapa böyümüşəm” - deyir.  

 

Bu filmdən sonra Gəncəli aktyor Ələddin Abbasov bütün sovet məkanında tanınır. Xarici ölkələrdən onu kinolara çəkilməyə dəvət edirlər. Gəncə teatrındakı rollarını qoyub gedə bilmir. Onu Akademik Dram teatrına dəfələrlə dəvət edirlər. Gəncə teatrını qoyub gəlmək istəmir. Onun oynadığı tamaşalara Gəncə teatrı Bakıda fəaliyyət göstərən teatrlardan daha çox qastrollara gedirdi.

 

Teatrda 300-dən artıq dünya və Azərbaycan klassik əsərlərindən rollar oynayıb. Müasir dramaturgiyadan da maraqlı obrazları var. “Kişilər” komediyasındakı baş rolda görməyən inanmaz ki, Ələddin Abbasov kimi dramatik xarakterli obrazlar aktyoru belə bir komik obraz da yarada bilər.

 

“Azərbaycanfilm” kinostudiyasının "Koroğlu", "Torpaq, dəniz, od, səma", "Mən ki gözəl  deyildim", “Qatır Məmməd”, “Qətl günü”, “Məkanın melodiyası”, “Mən ki gözəl deyildim”, “Özgə vaxt” kimi 20 bədii filmdə əsas rollarda çəkilib.

 

Sənətə məhəbbətini övladlarına da ötürə bilib. Böyük oğlu Aydın teatrda rəssamdı. Qızı Gültəkin musiqi müəllimidir. Nəvələrindən ikisi aktyordur - Samirlə Elnur Gəncə teatrında babalarının yolunu davam etdirirlər.

 

1971-ci ildə Xalq artisti adına layiq görülüb.

 

Ömrünün son illərində Gəncə Teatrının səhnəsində son dəfə “Mahnı dağlarda qaldı” tamaşasında Böyük bəy rolunu oynayıb. Bir də ondan bir neçə il sonra, 90 illik yubileyində sevimli, doğma teatrının səhnəsinə çıxdı - yubilyar kimi. Bütün kollektiv başına yığışıb, onun oynadığı rollardan danışdı, onun rollarını oynadı. O isə səhnədə son rolunu oynayırdı... “Gəncə Dövlət Dram Teatrının binası 1868-ci ildə tikilib. 1895-ci ildə isə şəhərdə ilk tamaşa qoyulub” – deyə heç unutmadığı tarixi bir daha təkrarlayırdı yetirmələrinə. “Görürsünüz - deyirdi, istəyirsiniz oynadığım bütün rolların sözlərini də danışım sizə - Bircə ayaqlarım sözümə baxmır”.

 

İki il sonra - 2014-cü ilin 13 iyulunda bu dünya ilə əbədi vidalaşdı. Gəncədə Fəxri xiyabanda dəfn olunub...

# 50484
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar