16:20
29 Aprel 2020

Parklanma cərimələrin ləğvi sürücülərin etirazına da səbəb ola bilər - EKSPERT

Artıq mayın 1-dən Bakı Nəqliyyat Agentliyinin karantinlə əlaqədar qanunsuz parklanmalara qoyduğu güzəşt ləğv olunur. Həmin tarixdən başlayaraq, qadağan edilən yerlərdə avtomobil saxlayan sürücülər əvvəlki qayda ilə cərimə olunacaqlar.

Şəhər nəqliyyatı üzrə ekspert Hüseyn Abdullayev məsələ ilə bağlı Lent.az -a danışarkən, agentliyin ümumiyyətlə bu barədə güzəştə getməsi ilə razılaşmadığını bildirib:

“Hesab edirəm ki, hətta BNA-nin cərimələri müvəqqəti dayandırmağı düzgün deyildi. Çünki bu addım sürücülər arasında həmin əməli təkrarlamaq üçün stimul yaradır. Qanunsuz yerdə avtomobil saxlamaq bir vərdişdir. Cərimələr tətbiq edilir ki, insanları bu vərdişdən çəkindirsin. BNA-nin cərimələri müvəqqəti ləğv etməsi əhaliyə hədiyyə kimi olsa da, əslində elə deyildi. Ümumiyyətlə, cərimələr olsa belə, böyük parklanma sahələri idarə edilmir. Onları idarə etmək üçün lazım olan qaydaların qəbulu, görünür ki, istənilmir. Həm də cərimələrin ləğv edilib yenidən tətbiqi sürücülərin etirazına da səbəb ola bilər. Məsələn, bundan əvvəl plyonka üçün icazə verilmişdi. Hamı maşınına plyonka vururdu. Sonra plyonkalara qoyulan qadağaya görə etirazlar çoxaldı”.

Həmsöhbətimiz qanunsuz parklanmaya görə sürücülərə güzəşt edilməsini “müvəqqəti qanun pozmaq üçün azadlıq” adlandırıb:

"Həm də nəzərə almalıyıq ki, metro da bağlıdır və ictimai nəqliyyatın yükü marşrutların üzərinə düşüb. Marşrut avtobuları da qanunsuz parklanmalara görə problemlə üzləşirlər. Təsəvvür edin ki, cəmiyyətin kiçik bir qrupuna qanun pozma azadlığı verilib, ictimai nəqliyyatın fəaliyyətinə zərbə vurulub. Təəssüf ki, cərimələr qanunsuz parklanma vərdişlərinin ləğvi üçün kifayət deyil. Bir sözlə, sürücülərə müvəqqəti qayda pozma azalığı verilmişdi və indi azadlıq ləğv olunur. Cərimələrin tətbiqində mənfi cəhət görmürəm. Onsuz da nəqliyyatın hərəkətində azalma var və parklama üçün yer tapmaq çətin deyil”.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi ölkədə tətbiq olunan karantin rejimi ilə bağlı olaraq, martın 21-dən etibarən qanunsuz parklanmalara görə sürücülərə güzəştə getmişdi. Bununla da həmin gündən etibarən maşını icazəsiz yerlərdə saxlayan sürücülərə cərimə yazılmayıb.

Dİgər xəbərlər