Azərbaycanda bu uşaqlar üçün pulsuz hazırlıq kursu var - VİDEO
14 yanvar 2020 13:46 (UTC +04:00)

Azərbaycanda bu uşaqlar üçün pulsuz hazırlıq kursu var - VİDEO

Prezident İlham Əliyev 2020-ci ili Azərbaycanda “Könüllülər ili” elan edib. Könüllülük təmənnasız əməkdaşlıq sayılır. Yəni şəxsi mənafe anlayışı bir kənara qoyulur və bəşəri dəyərlər naminə birləşən bir qrup insanın fədakarlıq tablosu ilə qarşılaşırıq. Onlar maddi durumları imkan yaratdığı qədər vətəndaşlara əl tutur, uşaqların qayğısına qalır, abituriyentlərə pulsuz təhsil verirlər.

 

Belə könüllülərdən biri də “Böyük Dayaq” İctimai Birliyini (BDİB) yaratmış gənclərdir. Onlar tələbə olmalarına rəğmən, dalandar məhəllələrdə kirayə mənzil tutub aztəminatlı ailələrdən olan məktəbliləri ali təhsil ocaqlarına hazırlayır və mütəxəssis olmaları üçün əllərindən gələni edirlər. Birliyin təsisçisi Nərmin Nizamın sözlərinə görə, qurum 2017-ci il dekabrın 3-də yaranıb: “Yəni dekabrın 3-dən artıq elanlar getdi sosial şəbəkədə, könüllülər toplandı və 25 dekabrda ilk dərsimiz keçirildi. Ancaq planımız lap əvvəldən var idi ki, biz belə bir şeyi yaratmaq istəyirdik”.

 

Nərmin xanım deyir ki, könüllü müəllimliklə bağlı postları diqqət cəlb etsə də, birliyə tədris materialları bağışlayan gənclərdən başqa kimsə onlara daimi maddi dəstək göstərməyib. Bu günəcən nə bacarıblarsa, öz qazancları və yardımsevər vətəndaşların  dəstəyi hesabınadır: “Biz, ümumiyyətlə, yarandığımız vaxtdan maddi baxımdan sıxıntılar yaşayırıq, dərs keçdiyimiz məkanlar baxımından sıxıntılar yaşayırıq, həmin məkanların sahibləri ilə çox sıxıntılar yaşayırıq ki, bizi anlamaqda çətinlik çəkirlər. Başa düşürük, hər kəsin maddi asılılığı var, ona görə bizi anlamaq istəmirlər, ancaq elə bir qurum yoxdur ki, bizə dəstək olsun, bizi maddi baxımdan və yaxud da bina baxımından təmin eləsin”.

 

Lakin bütün narazılıqlara baxmayaraq, komanda müəllim heyəti cəhətdən problem yaşamır: “Hazırda dərs deyənlərdən 30 müəllim fəaliyyət göstərir. Ancaq belə üzv olanlardan 50 könüllümüz var”. 

 

Nərmin Nizam bildirir ki, komanda ayrıca qrafik əsasında – aşağı və yuxarı sinif şagirdləri üzrə çalışır. Abituriyentlərə gəlincə, onlar da öz gənc tələbə müəllimlərindən razı olduqlarını deyir, hətta aralarında məzun olduqdan sonra bu estafetə qoşulanlar da var.

 

Abituriyent Eltun Ağazadənin sözlərinə görə, əvvəlcə bacısı BDİB-də təhsil alaraq nailiyyət qazanıb ali məktəbə daxil olub: “Ona görə mən də BDİB-də təhsil alaraq nailiyyət qazanmaq istədim”.

 

Aydan Zeynalovanın bura gəlməsinə bibisi qızı vasitəçi olub: “Mənim bibim qızı əvvəl burada dərs keçirdi. O da məni əvvəl, keçən il hazırlaşdırmışdı fizika üzrə. Məktəb üzrə birinci yerə çıxmışdım.  Yaşım aşağı olduğuna görə respublikaya çıxa bilmədim, ona görə də bura yönəldim”.

 

Əvvəllər burada abituriyent kimi hazırlaşan Rauf Bağırzadə isə hazırda kursda müəllim kimi çalışır: “Mən bu birliyin varlığından internet vasitəsilə xəbər tutmuşam və gəlib bu kursda təhsil almışam. Kursda təhsil aldıqdan sonra yüksək balla Aviasiya Akademiyasına qəbul olunmuşam və hazırda da BDİB-də könüllü müəllim kimi fəaliyyət göstərirəm”.

 

Onların qazancı təkcə yardımsevərlik deyil, həm də gələcək nəsillərin inkişafı uğrunda mübarizə aparmalarıdır. Bu günədək yüzə yaxın abituriyentin arzusunu təmənnasız şəkildə həyata keçirən gənc könüllü müəllimlərdən danışarkən Nazim Hikmətin məşhur şeirini xatırlamaq yerinə düşər:

 

Sən yanmasan, mən yanmasam, biz yanmasaq,

Nasıl çıxar qaranlıqlar işıqlığa?

 

Yaxşı olardı ki, yarandığı gündən “Könüllülər ili”nədək təhsil verdiyi abituriyentlərin sayı qədər belə dəstək görməyən könüllü birlik, heç olmasa, bundan sonra çıxdığı yolda tək-tənha addımlamasın. Bizə isə “Böyük Dayağ”ın uğurlarını birgə izləmək qalır...

 

Mir Çingiz Ağazadə

Vətən Sadatlı

APA TV

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1636

Oxşar yazılar