837
12:16
20 Dekabr 2019

Kəmaləddin Heydərov Qusarda vətəndaşları qəbul edib

Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Qusar rayonunda vətəndaşları qəbul edib.

APA-nın şimal bürosunun xəbərinə görə, qəbulda Qusar rayon sakinlərinin və həmin rayonda məskunlaşan məcburi köçkünlərin müraciətlərinə baxılıb.

Fövqəladə Hallar naziri tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan başqa, kadr məsələləri və digər məsələlərlə bağlı müraciət etmiş vətəndaşlar da müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul edilib.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb.

Qeyd edək ki, bu gün Fövqəladə Hallar nazirinin birinci müavini Rəfail Mirzəyev Qubada, Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev isə Xaçmaz sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulunu həyata keçirib.