1294
10:24
05 Dekabr 2019

Bibiheybət yolunda sürüşmə baş verməyib - RƏSMİ

“Bibiheybətdə sürüşmə yox, uçqun baş vermişdi”.

Bu sözləri Lent.az -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin baş mühəndisi Əziz Qaralov deyib. O bildirib ki, uçqun baş verən yamacda sürüşmənin heç bir təzahürlərinə rast gəlinməyib:

“Orada aşınma, erroziya prosesləri var idi. Bunun isə ekzogen prosesə, yəni sürüşməyə aidiyyəti yoxdur. Hazırda yolun uçan hissəsində təmir-bərpa işləri gedir”.

Həmin yoldakı təmir-bərpa işlərinə gəldikdə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, proses bir neçə ay davam edəcək:

“Hazırda bu ərazidə təmizləmə və buna paralel olaraq mühəndis-geoloji kəşfiyyat işləri aparılır. Kəşfiyyat işlərinin nəticəsi hazırlanan hesabatda öz əksini tapacaq. Hesabata uyğun olaraq layihə hazırlanacaq və layihə təsdiqləndikdən sonra artıq ərazidə yenidənqurma-bərpa işlərinə start veriləcək”.

Xatırladaq ki, noyabrın 25-də Bakı-Ələt-Astara avtomobil yolunun Bibiheybət məscidi yaxınlığından keçən hissəsində sürüşmə baş verib və nəticədə dağın yamacında yerləşən istinad divarının dağılması səbəbindən yol çöküb.

Əlavə edək ki, Bakı Nəqliyyat Agentliyi (BNA) Bibiheybət yolunda baş vermiş torpaq sürüşmənin nəticələri aradan qaldırılanadək Yeni Salyan yolunda yaşayan sakinlərin rahatlığını təmin etmək məqsədi ilə 5 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.

Dəyişikliyə əsasən, 5 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar 20-ci sahə adlanan ərazidən şəhər istiqamətinə gedərkən yenidən Yeni Salyan yoluna (Jurnalistlər binası istiqamətində) daxil olacaq. Bakı Ali Neft Məktəbinə yaxın hissədən geriyə dönərək təkrar şəhər mərkəzi istiqamətində hərəkət edəcək.

Şəhər mərkəzindən Yeni Salyan yolu (Jurnalistlər binası istiqamətində) gələn sərnişinlərimiz də 5 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslardan istifadə etməlidirlər. Belə ki, həmin sərnişinlər 20-ci sahədə gəldikləri avtobusdan düşərək sonuncu dayanacaqdan 5 nömrəli xətt üzrə şəhər istiqamətində çıxan ilk avtobusa minməlidirlər. Avtobus dəyişən zaman sərnişinlərdən heç bir ödəniş tələb olunmur.