358
15:08
02 Dekabr 2019

Çörək sexinin fəaliyyəti məhdudlaşdırıldı: həyətində ...

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan məlumat əsasında agentlik əməkdaşları İmişli rayonu, M.Əsədov ev 34 ünvanında vətəndaş İbrahimov Xəqani Abbasəli oğluna məxsus çörək sexinə baxış keçiriblər.

Lent.az -a qurumun mətbuat xidmətindən verilən məlumata görə, yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu aşkarlanıb. Məlum olub ki, müəssisədə temperatur və rütubət rejiminə əməl edilmir. Un anbarda divarla məsafə gözlənilmədən yığılıb saxlanılır. Müəssisədə istifadə edilən alət və ləvazımatların, çörək yığılan rəfin istismar müddəti keçib, onların dezinfeksiyası normalara uyğun aparılmır.

Çörək bişirilən təndirlərdən 2 metr məsafədə sanitariya qovşağının olduğu, müəssisənin giriş hissəsində isə ev heyvanlarının saxlanıldığı aşkarlanıb.

Yoxlama zamanı xəmir kündələrin üstünun kisələri ilə örtüldüyü aşkar olunub. Müəyyən edilib ki, müəssisədə istifadə olunan su mərkəzləşdirilmiş sistemdən götürülsə də, filtrdən keçirilmir, döşəmə, divar və tavan asan yuyulub təmizlənə bilən gigiyenik materiallarla üzlənməyib.

Müayinələrin aparılması üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim olunub. Qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.