"Hamı yığmanın üstünə düşüb, baş məşqçini..." - Tərlan Əhmədovla MÜSAHİBƏ
22 noyabr 2019 15:10 (UTC +04:00)

"Hamı yığmanın üstünə düşüb, baş məşqçini..." - Tərlan Əhmədovla MÜSAHİBƏ

"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədovun apasport.az saytına müsahibəsi

- Azərbaycan Premyer Liqasının XII turda "Zirə" ilə qarşılaşacaqsınız. Oyuna hazırlıq necə gedir?
- Hər şey qaydasındadır. Cəzalı və zədəli futbolçumuz yoxdur. Təbii ki, bu məni sevindirir. Çempionatda ən vacib oyunlarımızdan birinə çıxacağıq. Noyabrın 24-dəki matçda qələbəyə köklənmişik. 

- Yaxşı formada olduğunuz ərəfədə yığma komandalara görə çempionatda yaranan fasilənin ziyanınıza olacağından qorxmursunuz?

 - Pis bir şey olmaz. Yığma komandalardakı futbolçularımız da düşərgəyə sağlam dönüblər. Həm də əhval-ruhiyyələri yerindədir. Fasilədən maksimum faydalanmağa çalışmışıq. Con Kamara Syerra Leone yığmasında 2 oyun keçirib. Vüsal İsgəndərli əsas yığmada idi. Tural Bayramov isə U-21-in düşərgəsində idi. Düzdür, oynamayıb. Yüngül zədəsi var idi. Ancaq artıq bizimlə məşqlərə başlayıb, oyuna hazırlaşır. 

- Millidən söz düşmüşkən, antirekordla yadda qalan komandamızın tsikli cəmi 1 xalla başa vurmasını necə dəyərləndirirsiniz?

- Hamı yığmanın üstünə düşüb, baş məşqçini, rəhbərliyi qınayır. Bəli, 1 xal toplaya bilməyimiz uğursuzluqdur. 23-24 ildən sonra ən zəif nəticəni təkrarlamışıq. Amma futbolda belə uğursuzluqlar olub, olur, olacaq. Yadınıza gələr, bir neçə il öncə final mərhələsində Almaniya, İtaliya qrupdan çıxa bilməmişdi və səhv etmirəmsə, 1 xal belə qazana bilmədilər. Belə hallardan sonra güclü ölkələr, güclü komandalar toparlanıb növbəti illərdə yüksəliş əldə edir. Uğursuzluq olanda islahat, dəyişiklik labüd olur. Öz komandamı nümunə göstərə bilərəm. Ötən mövsüm Premyer Liqanı tərk etmək təhlükəsi ilə üz-üzə qalmışdıq, çempionatı sonuncu pillədə bitirmişdik. İslahat həyata keçirdik və bu il ilk "üçlük"də qərarlaşmışıq. Əsas odur ki, vəziyyəti düzgün dəyərləndirək. Biz yığmanın baş məşqçisinə təkliflərimizlə kömək etməliyik.

- Məsələn, nə təklif edirsiniz?
- Mətbuat vasitəsilə hansısa təklif səsləndirməyim doğru olmaz. Yığmanın baş məşqçisi ilə görüşməyə, fikirlərimi bölüşməyə hazıram. Çünki milli hamımızındır. Mən bu tsikl millidə yaxşı məqamlar da gördüm. Emil Balayev, Bəhlul Mustafazadə, Vüsal İsgəndərli millidə çıxış etməyə başladı. Hamısı istedadlı gənclərdir.

- Yetirmənizin debütünü necə dəyərləndirirsiniz?
- Ona görə çox sevindim. Vüsalın məhz mənim rəhbərliyim dövründə milliyə dəvət alması xüsusilə sevindiricidir. Məncə, debütü normal alındı. Düzdür, həyəcan hiss olunurdu, amma ümumilikdə, pis deyildi.

- “Keşlə”nin rəhbəri Zaur Axundov son müsahibəsində bildirmişdi ki, qış fasiləsində yeni transferlər olacaq və bunu sizinlə müzakirə edəcək.
- Artıq görüşüb müzakirə apardıq. İki yeni transfer həyata keçirməyi planlaşdırırıq.

- Hansı mövqeyə?
- Qapı və müdafiə ilə bağlı sıxıntımız yoxdur. Hücumçu, ümumiyyətlə, hücumameylli iki transfer gerçəkləşdirmək istəyirik.

# 1301
avatar

Oxşar yazılar