Sabir Rüstəmxanlının yeni kitabı - “Özümüzdən böyük sözümüz'”
14 noyabr 2019 19:18 (UTC +04:00)

Sabir Rüstəmxanlının yeni kitabı - “Özümüzdən böyük sözümüz'”

“Ömür kitabı” əsəri ilə Azərbaycan xalqının milli və yurdsevərlik duyğularının oyanmasında ciddi rol oynamış Xalq şairi Sabir Rüstəmxanlı hər yeni kitabı ilə ədəbi mühitdə böyük rezonans yaratmağı bacaran söz adamlarındandır. İstər şeirləri, istər publisistik yazıları, istərsə də nəsr əsərləri ilə böyük oxucu məhəbbəti qazanmış Xalq şairi dünən olduğu kimi bu gün də mənsub olduğu xalqın ömür kitabını yazmaqda davam edir. Bəlkə də yeni kitabını “Özümüzdən böyük sözümüz (ədəbi düşüncələr)” adlandırması heç də təsadüfi deyil. “Sözümüz doğurdan da özümüzdən daha böyük olduğu üçün kitabın adını belə seçdim. Sözümüz tarixin ən dərin qatlarından keçsə də özümüz o söz coğrafiyasını doldura bilmirik”,- deyir şair.

Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycanın Xalq şairi, filologiya üzrə fəlsəfə doktoru Sabir Rüstəmxanlının ədəbi düşüncələrdən ibarət yeni kitabında dilimiz, ədəbiyyatımız, cəmiyyətimiz haqqında fikirləri, ədəbi-nəzəri məqalələri, eləcə də müxtəlif nəsilləri və müxtəlif xalqları təmsil edən tanınmış qələm sahibləri haqqında portret-oçerkləri toplanıb. Əsasən üç bölümə ayrılan (“Dil. Ədəbiyyat. Cəmiyyət”, “Yazıçının özü və sözü (ədəbi portretlər)” və “Sərhədlərdən o yana”) kitabın ilk hissəsində ana dilimiz, ədəbiyyatımız, eləcə də cəmiyyətlə bağlı geniş nəzəri yazılar yer alıb.

“Qanun” nəşriyyatında nəfis tərtibat və yüksək poliqrafik səviyyədə işıq üzü görən kitabın redaktoru və “Prometeyin odu qoruduğu kimi” sərlövhəli “Ön söz”ün müəllifi Səhər Əhmədlidir. O yazır ki, nəşrin hər bölümü özlüyündə bitkin bir kitab təsiri bağışlayır: “Kitabın ana xətti kimi keçən milli birlik yanğısı, öz kimliyinə, sözünə, folkloruna, tarixinə bağlılıq, bu sevgini dağların döşünə sığınmış kənd evlərindən başlayıb böyük şəhərlərə qədər, el yoluyla, dağ cığırlarıyla, dənizlər, səmalar boyu ürəyində gəzdirən bir vətən aşiqinin sədaqətidir. “Yazıçının özü və sözü” bölümündə o, bu doğmalığı bütün oxuduğu, sevdiyi müəlliflərin yaradıcılığında, hətta onların qonaq olduğu ata yurdlarında, nəsil şəcərələrində axtarır. Hər doğma izi, bu doğmalığı ifadə edən hər misranı tapanda uşaq kimi sevinir. “Dil, ədəbiyyat, cəmiyyət” bölümündə yenə də mərkəz hücumçusu mövqeyində dayanıb hədəfi nişan alan müəllif uzun müddət Yazıçılar Birliyinin qurultaylarında Azərbaycan ədəbiyyatı adına hesabat verir, bəzən o kürsüdən ittiham , bəzən tələb, bəzən də o vaxtlar xam xəyal kimi görünən təkliflər səsləndirir.

“Sərhəddən o yana” bölümündə müəllif sınırlarımızın o üzünə düşən ədəbiyyatımızı “damla-damla” toplamaqla məşğuldur, sözümüzün dalınca Dərbənddən Elbrusun ətəklərinə qədər, Daşkənd, Səmərqənd, Buxara ellərindən Kərkükə, Arazdan Tuna çayının sahillərinə, Sınıq körpüdən Xüdafərinə kimi gəzib-dolanır.

Bu kitab bizim hamımızın kitabıdır, böyük bir ədəbiyyat tarixidir, ən böyük özəlliyi isə odur ki, müəllif özü də təsvir etdiyi hadisələrin əksəriyyətinin içindədir, oradan gələcəyə sanki “canlı yayım” edir, həqiqətləri olduğu kimi, dəyişikliyə məruz qoymadan ötürür, üstünə işıq salır. Məhz bu səbəbdən “Özümüzdən böyük sözümüz” döyüşlərdən sağ çıxmış bir müharibə iştirakçısının bütün cəbhə boyu apardığı müşahidələr, yazdığı memuar qədər əvəzsizdir”.

Kitabda toplanmış yazıların birincisi ilə axırıncısı arasında əlli illik bir məsafə olduğunu söyləyən müəllif bunu həm də özünün ədəbi yaradıcılığının tarixi kimi dəyərləndirir. “Bu kitaba yalnız toplaya bildiyim, əslini qoruyub-saxladığım yazılarım, dilimiz, tariximiz, cəmiyyətimizin mənəvi mənzərəsi haqqında düşüncələrim daxildir”, - deyir Xalq şairi.

Burdakı yazıların hər birində Sabir Rüstəmxanlının həyatı, yaradıcılığı, sevgisi, yurd yaddaşı, bir sözlə, hər şey var. Hər bir yazı Sabir Rüstəmxanlı qələminin, ürəyinin səmimiyyətindən süzülüb gəlib.

İnanırıq ki, “Özümüzdən böyük sözümüz” kitabı da “Ömür kitabı” kimi əl-əl gəzəcək, hər kəsi düşündürdüyü, kövrəltdiyi kimi, təbəssümsüz də buraxmayacaq.

# 1517
avatar

Oxşar yazılar