Bazarda alıcıların ən çox narazı qaldıqları məsələ... REAL QİYMƏTLƏR - SİYAHI
01 dekabr 2019 10:18 (UTC +04:00)

Bazarda alıcıların ən çox narazı qaldıqları məsələ... REAL QİYMƏTLƏR - SİYAHI

"Hələki qiymətlərə gücümüz çatır, gəlib ala bilirik. Onsuz da bahalı mal almaq istəyən bura gəlmir. Düzü, o qədər də bahalılıq yoxdur. Heç olmasa hər şeydən biraz almağa pulumuz çatır".

Bazarda söhbətləşdiyimiz alıcılardan Kərim dayının bu sözləri “8-ci kilometr” bazarının hazırki vəziyyətini qismən də olsa əks etdirir. Daha ətraflı təsəvvür üçün Bakının ən köhnə bazarlarından biri, xalq arasında “Vosmoy bazarı” kimi tanınan bazarı biz də dolaşdıq. Danışdığımız başqa alıcılardan isə bəziləri bahalıqdan gileyləndilər.

Reportaj zamanı bazarda çeşid-çeşid məhsulların piştaxtaları bəzədiyini gördük. Bazarın meyvə-tərəvəz hissəsində yayın pomidor-xiyarı, fəsillərin “sadiq” tərəvəzlərindən olan kələmi, kartof-soğanı da əksik deyildi. Feyxoa, naringi, nar, heyva, xurma, üzüm kimi mövsümün sevimli meyvələri də görmək olur. 

- Müştərilər meyvələrdən indi ən çox mandarin, xurma, nar, heyva alırlar. Camaat hər fəslin öz meyvəsindən yemək istəyir. Almanı, armudu həmişə alırlar də.

Bizimlə söhbətə ən çox satdığı meyvələrdən danışmaqla başlayan gənc satıcı Maqsud, insanların çox vaxt indiki qiymətdən razı qaldığını deyir. Daha sonra Maqsud sübh tezdən bazara gəlib yaxşı mal seçdiyini, əsas da adlarını çəkdiyi meyvələri aldığını söylədi:

- Səhər tezdən saat 4-də, 5-də gəlib mal alıram. Tez gəlməlisən ki, yaxşısın seçib götürə biləsən. Yoxsa heç nə tapmaq olmur. İndi hələki gücü vermişik xurma, nar və heyvaya. Müştərilər gəlir bu meyvələri alırlar. Alma-armudun satışı bir müddət zəifləyəcək.

Meyvə-tərəvəzin çoxluğu alıcıların da sayına müsbət təsir edir. Yeri gəlmişkən deyək ki, bazarda insan əlindən tərpənmək olmurdu. Alıcıları bura cəlb edən amilin bolluqla yanaşı qiymətlərin də digər bazarlara nisbətən ucuz olduğunu düşünürdük. 

Qiymətlər belədi: 

Kartof- 3 kiloqramı 2 manat (60-70 qəpik)
Soğan- 1 kiloqramı 40-50 qəpik
Bərdə kələmi- 1 kiloqramı 40 qəpik
Lobya- 1 kiloqramı 1 manat 30 qəpik
Badımcan- 1 kiloqramı 50 qəpik
Zirə pomidoru- 1 kilqoramı 1 manat 50 qəpik
Qazax pomidoru- 1 kilqoramı 1 manat 20 qəpik
Ağdaş xiyarı- 1 kiloqramı 1 manat
Balakən yelpənək xiyarı- 1 kiloqramı 70-80 qəpik

Onu da bildirək ki, bazarda 2 manata da satılan pomidora rast gəlmək mümkündür. Həmsöhbət olduğumuz Nailə xanım məhsulun bol olduğunu, lakin qiymətlərdən narazı qaldığını dedi:

- Söz yox bazarda bütün məhsullar var. İstər meyvə, istər tərəvəz az deyil. Amma qiymətlərdən razı deyiləm. Hələ qış gəlməyib pomidoru 1 manatdan yuxarı satırlar. Bu bir yana qalsın, o qiymətə pomidor alanda da özümüz seçib almağa imkan vermirlər. Elə bil mən onun necə gəldi yığıdığı məhsulu almalıyam?!

Nailə xanımın bu narazılığı digər həmsöhbətlərimizin də dilindən eşitdik:

- Soyuq havalar ilə əlaqədar meyvələrin çoxu zədələnir. İnsanlıq edib icazə verirsən ki, malı satan özü yığsın, gedib baxırsan ki, birinin altı çürük, birinin yan tərəfi. Bizə də yazığınız gəlsin, pul veririk.

Meyvələr isə bu qiymətə satılır:

Mandarin- 1 kiloqramı 1 manat 50 qəpik- 2 manat 50 qəpik
Feyxoa- 1 kiloqramı 1 manat- 1 manat 50 qəpik
Nar- 1 kilqoramı 70 qəpik- 2 manat
Üzüm- 1 kiloqramı 1 manat 20 qəpik
Heyva- 1 kiloqramı 70 qəpik- 2 manat
Xurma 1 kiloqramı 60 qəpik- 1 manat 20 qəpik
Düşes armud- 3 kiloqramı 2 manat
Banan- 1kiloqramı 2 manat

“Palmet”, “Smirinka” və “Canatan” kimi alma sortlarının 3 kiloqramı 2 manata.

10 ildən artıqdır müxtəlif bazarlarda alverlə məşğul olan Əlizamin müştərilərin narazılığına belə cavab verdi:

- Elə olur heç gecəni yatmırıq. Ya özümüz gedib rayondan mal gətiririk, ya gecə ilə malımız gəlir deyə məcbur olub tez gəlirik. Biz də malı alanda qutu ilə, yeşik ilə alırıq. Altını üstünü çevirib baxmırıq. Kilo ilə almırıq ki, belə edək?! Ona görə də bir kilo meyvənin ya tərəvəzin içində 2-3 xarab mal olur. Amma nə olsun, şəxsən mən müştəriyə özünün seçib yığmasına imkan verirəm. İmkan verməyənləri də qınamıram. Gör yerdə nə qədər mal qalır? Hamısı ziyana getsə, daha bu millət nə işləsin burada?!

 

# 4061
avatar

Mehman Nəbiyev

Oxşar yazılar