519
16:43
31 Oktyabr 2019

Cəmil Həsənli icazəsiz mitinqi təxirə salmağı təklif etdi

Milli Şuranın (MŞ) sədri Cəmil Həsənli qurumun 2 noyabrda keçirməyi planlaşdırdığı razılaşdırılmamış aksiyanı təxirə salmağı təklif edib.
APA -nın məlumatına görə, C. Həsənli bu barədə özünün "facebook" səhifəsində yazıb.
C. Həsənli qeyd edib ki, MŞ Koordinasiya Şurası 2 noyabr mitinqinin “Məhsul” stadionunda keçirilməsinə razılıq verilməyəcəyi təqdirdə, "28 May" metrosu qarşısındakı meydanda və ya ona yaxın yerlərdə keçirilməsinə qərar verib.
C. Həsənli Respublika Prokurorluğu və DİN-in birgə bəyanat yayaraq, Milli Şuranı, xüsusilə də AXCP sədri Əli Kərimlini hakimiyyəti zorla ələ keçirməyə hazırlaşmaqda ittiham etdiyini xatırladıb. O, bütün bunları nəzərə alaraq, MŞ Koordinasiya Şurası üzvlərinə 2 noyabr mitinqini təxirə salmağı təklif edib.
MŞ Koordinasiya Şurasının üzvü Eldəniz Quliyev APA -ya deyib ki, C. Həsənlinin təklifi qurumda müzakirə edilərək, qərar veriləcək.
Qeyd edək ki, Milli Şura noyabrın 2-də mitinq təyin edib. Bakı Şəhər İcra Hakimiyyəti mitinq üçün Milli Şuranın müraciətə baxıb və mitinqin noyabrın 2-də saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi, Neftçi idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsinə razılıq verilib.
Lakin AXCP sədri Əli Kərimli ötən gün Bakı Şəhər İcra Hakimiyyətin təklifi qəbul etməyərək, mitinqi “28 May” metrostansiyasının qarşısında razılaşdırılmamış mitinq edəcəklərini açıqlayıb.