“Məktub yazıb qoyub ki, məni Surxay öldürdü...” – Bulud Qaranın gündəliyi – 34-cü BÖLÜM
31 oktyabr 2019 20:15 (UTC +04:00)

“Məktub yazıb qoyub ki, məni Surxay öldürdü...” – Bulud Qaranın gündəliyi 34-cü BÖLÜM

 

Əvvəli: https://lent.az/news/329681

 

Mən bunu etməzdim...

Gözləyirdim bu günü. Sənubərin qətli ilə bağlı mənə veriləcək sualları bəlkə min dəfə ağlımdan keçirib, min dəfə də özümün hansı sualda ilişə biləcəyimi təsəvvür etməyə çalışmışdım.

Hərdən mənə elə gəlmişdi ki, polisin məni hələ də istintaqa çağırmamasında bir gizli hikmət var, bəlkə də məni elə birbaşa həbs edəcəklər o qətlə görə. Axı mən Sənubərin ölüm səbəbi olan həmin şantaj videosunun çəkilməsini də görmüşdüm, şantaj edənin də, şantaj videosunda iştirak edən təcavüzkarların da kim olduqlarını bilirdim. Və susmuşdum indiyə qədər! Bu isə məni cinayət əməlini və cinayətkarı gizlətməyə görə məsuliyyətə cəlb etmək üçün bəs edirdi.

Beləcə bunları düşünə-düşünə polis şöbəsinə yollandım.

Müstəntiq isə mənə Sənubərlə bağlı sadə, az qala primitiv suallar verdi. Haçandan mənim pasientimdir? Necə olub ki həkim-psixoloq kimi məhz məni seçmişdi? Neçə dəfə gəlib yanıma? Təkmi gəlirdi? Nələr danışırdı? Mən pasientlərlə olan söhbətləri xüsusi olaraq qeyd edib saxlayırammı? Üçüncü şəxsin həmin söhbətləri dinləmək, bilmək imkanları olurmu? Mənim xalam qızı Sənubərin rəfiqəsi olaraq, mənim onun barəsində həkim olaraq bildiyim hansısa sirri bilə bilərdimi? Niyə xalam qızı ilə bu qədər tələsik bir evlilik qurmuşuq?

 

Bax bu axırıncı sual məni möhkəm tutdu.

İndi nə deyəydim?

Gülnarı dayımız oğluna verirdilər deyə, onunla Surxayın evinə dərdləşmək, vəziyyətdən çıxış yolu tapmaq üçün getdiyimiz vaxt qəfildən yuxulayıb sonra çılpaq halda bir yataqda oyanmağımızı necə danışım? Necə deyim ki, mənim ən yaxın dostum, Gülnarın sevdiyi Surxay bizi o vəziyyətdə öz yatağında yaxalamışdı deyə, yataqda da qan ləkəsi vardı deyə, evlənməyə məcbur olduq? Necə deyəydim ki, hələ sonra da Gülnarın psixoloji olaraq yalançı hamiləlik sindromu yaşamasına baxmayaraq, o hətta bakirədir də?!

Susdum.

- Buyurun, eşidirəm sizi! - sərt şəkildə dedi.

 

- Çox üzr istəyirəm, amma sırf şəxsi olan özəl məsələlərdən danışmaq istəmirəm.

- Ə, necə yəni özəl məsələ? Qadın ölüb e! Arvadının rəfiqəsi deyil? Sənin də pasientin olub! Daha nə qaldı? Bəlkə elə ipin ucu sizdədir?

- Yoldaş müstəntiq, bizim Gülnarla təcili evlənməyimizin səbəbi başqadır, onu başqasına verəcəkdilər deyə...

- Adam dolamısız hə? - müstəntiq kürsüyə yayxanıb güldü, sol yanağında elə dərin bir çökək əmələ gəldi ki, təəccübdən gözlərim bərəldi, axı o boyda çökək necə yarana bilərdi birdən... - kənddi bura, heyləmi? Dağ başıdı, hə? Xalan qızı da məytəfliydi, mən də uşaq-muşağam səninçün, hə?

- Yox, bu nə sözdür...- mən bu müstəntiqdən başqa hər kəsə oxşayan adamdan ehtiyat etməyə başladım, - amma...

- Amması-mamması yoxdur! - qaşlarını çatıb əlini masanın üstünə vurdu, - biz Gülnar xanımı dindirmişik, o tamam başqa şeylər deyib!

- Nə? - dilim topuq şaldı, - necə yəni? Nə deyib ki Gülnar?

- Gülnar xanım deyib ki, Sənubər səni sevirmiş.

- Nəə? - mən lap özümü itirdim.

- Bəli! - müstəntiq masanın üstünə əyilib gözlərini üzümə dikdi, - Sənubər səni sevirmiş!

- Gülnar xəstədir, onun psixi problemləri var bu dəqiqə, - heç özüm də bilmədim bu kobud adama niyə bunları dedim, - onun fikirləri yanlış ola bilər.

- Hmm, - bəlkə bir kağız da düzəldəsən ki, ümumiyyətlə, Gülnar laldı?

- Mən sizinlə mübahisə eləmək istəmirəm, xahiş edirəm ki, hörmət sərhədini keçməyək.

- Nə deyirsən ə? - müstəntiq ayağa qalxıb üstümə bağırdı, - harda olduğunu bilmirsən ha deyəsən!

- Sizin psixoloji problemləriniz var! - dedim və cibimdən vizit kartı çıxarıb masanın üstünə atdım, - əlaqə saxlayarsınız.

 

Mən bunu dedim və gözləri bərələ-bərələ qalmış müstəntiqi o vəziyyətdəcə otaqda saxlayıb çıxdım.

Çox yaxşı anlayırdım ki, onsuz da gərgin olan ümumi vəziyyəti bu davranışımla daha da qəlizləşdirmişəm, amma başqa cür də davranmaq əlimdən gəlmədi.

Dəhlizə çıxan kimi Gülnara zəng vurdum. Amma telefonu bağlı olduğu üçün danışmaq mümkün olmadı. Ona olan qəzəbimlə nə edəcəyimi bilmirdim. Axı o, mənə demədən necə gedib istintaqa, üstəlik də bu danqaz müstəntiqə o cür düşüncəsiz şəkildə ifadə verə bilərdi?

İfadə vermək?

Axı müstəntiq Gülnarın rəsmi ifadəsini aldığı vərəqləri mənə göstərmədi?! Belə adamlar adətən mütləq əllərində olan ən kiçik təsir vasitəsindən də istifadə edirlər. O müstəntiq isə...

Dayan, dayan, bu o demək idi ki, müstəntiq məni psixi təsir vasitəsilə dindirməyə cəhd etmişdi! Bəlkə də heç Gülnarla görüşməmişdi də. Axı Gülnar polisə çağırılsa, hətta özü mənə bir söz deməsəydi belə, xalam dünyanı dağıdar, mütləq xəbər edərdi.

 

Gülnara bir də zəng edib telefonunun sönülü olması bildirişini bir də dinləyəndən sonra xalamın nömrəsini yığdım. Xalam mənim zəngimi gözləyirmiş kimi nəfəsi təngiyə-təngiyə az qala qışqırmağa başladı:

- A bala, ay eşşək atasının belindən gələn yetim, sənə bayaqdan əlli dəfə zəng eləmişəm, niyə cavab vermirsən?

- Xala, telefonun səsini almışdım, polis...

- Cəhənnəm olsun polis də, o biri də, dur gəl bu dəqiqə bizə!

- Nə olub axı? Nəsə olub? Gülnar...

- Gülnarın başına daş düşməsin, çıxıb evdən, telefonu da söndürüb, bir dənə də məktub yazıb qoyub ki, məni Surxay öldürdü.

- Nəə?

- Tap o Surxayı, tez!

Xalam telefonu qapayan kimi mən Gülnarı bir də yığdım, amma yenə sönülü telefon bildirişi eşitdim. Dərhal Surxaya zəng vurdum. Zəng getsə də, cavab vermədi. Əl çəkmədim. təkrar-təkrar zəng vurdum Surxaya. Ta ki bezib telefonu açana kimi.

 

- Alo! - Tofiq cavab vermişdi Surxayın əvəzinə, - nə həyasız adamsan sən!

- Tofiq! Tofiq, telefonu ver Surxaya, tez! - tələsik deməyə çalışdım.

- Yoxdu Surxay! - bağırdı Tofiq və söhbəti telefonu qapadı.

 

Surxaya da, Tofiqə də nə qədər zəng etsəm belə cavab vermədilər.

Xalam məni yığdı. Ağlayırdı.

 

- Ay Bulud, bu nə işdi bu qız gətirir başımıza axı? Biabır elədi bizi bu itin qızı! Adam da ərli-ərli qaçar, özü də ərinin dostuyla?

- Xala, Surxayla deyil o!

- Qələt eləyir, onunladı, odey özü yazıb qoyub!

- Deyil!

- Bulud, tap onu, xala qurban, sən atanın goru! - xalam bayaq "eşşək" dediyi atamın adını çəkib ağladı.

Mən nə edəcəyimi bilmirdim. Gülnar hara gedə bilərdi ki? Onun yeganə rəfiqəsi Sənubər, yeganə sevdiyi adam Surxay, yeganə yaxın dostu da mən idim. İndi isə Sənubər ölmüş, Surxay onu atmış, mən də...

Ağlıma gələn ani fikirdən diksinib cəld polis şöbəsinin çıxışına sarı addımladım. Lakin qapıdan çıxmağıma imkan vermədilər. Dedilər, müstəntiqə qarşı kobudluq etdiyim üçün saxlanılıram.

 

Bir bu çatmırdı!

İndi qarşımı kəsib buradan çıxmağıma imkan verməyən bu polislərə müqavimət göstərmək cəhdimi də səbəb gətirib xuliqan kimi həbs edə bilərdilər məni.

 

- Mən təcili getməliyəm, başa düşün!

- Olmaz! - az qala xorla dedilər, - rəis deyib buraxmayın!

 

Bu vaxt qapıdan içəri girən adamı görəndə isə hər ikisi özünü yığışdırıb, səslərini qısdılar.

 

- Rəis burda? - adam məni görmürmüş kimi davranaraq üzünü polislərə tutdu.

- Bəli, - biri cəld dilləndi.

- Xe-xeyr! - digəri onun səhvini düzəltməyə çalışdı.

- Bəlkə bir qərara gələsiniz?! - gələn adam qımışaraq onların özünü itirməsindən həzz aldığını gizlətmədi.

- Xeyr! - ikinci polis daha inamla dedi.

- O, təzədir, müstəntiqə də "rəis" deyir.

- Üzr istəyirəm, - birinci polis mızıldandı.

- Həə, - gələn adam ləzzətlə şaqqanaq çəkib ikinci polisin çiyninə ərklə vurdu, - onda mənə də rəis de.

- Oldu, rəis! - ikinci polis sanki qəfildən dirçələrək, doğrudan da polisdəki yüksək vəzifəlilərdən biri kimi qəbul etdiyi adamın əlinin altında sıxılan çiynindən bir boy qalxdı.

 

Bu vaxt içəridən bayaq məni dindirən müstəntiq çıxdı və boynunu qısıb, əllərinin ikisini də salamlaşmaq üçün irəli uzadaraq gələn adamın üstünə cumdu.

 

- Salam, salam, gözəl insan! - deyə onunla görüşdü.

- Necədir işlər? - soruşdu gələn adam.

- İşlər yaxşıdı, siz olan yerdə ayrı nə cür ola bilər ki? - yaltaqlandı müstəntiq.

- Siz olan yerdə! - gələn adam onun səhvini düzəldirmiş kimi, "siz" kəlməsini də xüsusi vurğu ilə dedi.

 

Mən bütün bunları üzümdə çox güman ki, səbirsizlik və ikrah hissi olaraq izləməyə vadar olduğuma görə hirslənmişdim. Üstəlik, Gülnara görə çox narahat idim, xalam da fasiləsiz mənə zəng edirdi.

 

- İcazənizlə! - mən sərt halda hamıya bir baxış atıb, ümumi qarışıqlıqdan istifadə edərək, aradan çıxmaq istədim.

- Bir dəqiqə! - bayaqkı birinci polis qolumdan tutdu və dərhal da müstəntiqin zəhmli baxışı altında əriyib kənara çəkildi.

- Telefonu açıq saxla, yığacam - dedi müstəntiq.

 

Mən daha heç nə deməyib, küçəyə çıxdım.

Burada isə məni üç tanış sima gözləyirdi.

 

Qarnını qucaqlayıb qara gün eynəyinin altından mənə diksinmiş kimi baxan Sevda və Sehrbazın iki mühafizəçisi.

Onlar çox yəqin ki, Sehrbazın yolunu gözləyirdilər.

Sehrbaz isə müstəntiq və iki polis nəfəri ilə qapının o biri üzündə qalmışdı.

 

İçəridə.

 

(Davam edir)

 

# 2366
avatar

Bulud Qara

Oxşar yazılar