“İlk sevgim, yeganə həsrətim, son qadınım...” – <span style="color:red;">Bulud Qaranın gündəliyi  – <span style="color:red;">33-cü BÖLÜM
24 oktyabr 2019 20:15 (UTC +04:00)

“İlk sevgim, yeganə həsrətim, son qadınım...” – Bulud Qaranın gündəliyi33-cü BÖLÜM

Əvvəli: https://lent.az/news/328963

 

Qorxu

 

İlk söhbətimizdən tam iki sutka keçdi və mən Dünyanın gələcəyi gün nə üçünsə daha yaraşıqlı görünmək üçün ən yaxşı kostyumumu geyindim, ən gözəl ətirdən səpdim, saçlarımı bəlkə min dəfə arxaya, yana, o biri yana daradım, daradım, axırda da darağı kənara tullayıb, barmaqlarımla adətim üzrə bir əlimlə alnıma tərəf gətirib, digəri ilə bir azacıq sağa meylli olaraq arxaya sığalladım. Maşınımı yudurtdum, iş otağımı tərtəmiz sildirib, öz əllərimlə səliqəyə saldım. Şirniyyatçı qonşumdan aldığım qurabiyələri katibəyə verib, tapşırdım ki, dediyim andaca təptəzə dəmlənmiş çayın yanında otağa gətirsin. İstəyirdim bu sirli, mənim üçün ancaq sürməli gözlərindən ibarət olan qadının könlünü oxşayacaq nələrsə edim, onun xoşuna gəlim. Bunu nəyə görə etdiyimi belə bilmirdim. Hətta telefonumun səsini də aldım, təsəvvür edirsiniz?

Məhz elə telefonumun səsini alıb onu masanın üzərinə qoyduğum anda Lalə zəng vurdu. Açmayıb Lalənin adının telefonun ekranında necə bir-birinin ardınca görünüb-itməsinə tamaşa etməyə başladım. Bir gözüm isə qapıda qalmışdı. Dünya hər an içəri girə bilərdi.

O isə gəlmirdi...

Və o gün, günortadan ta axşamın qaranlığı düşənə qədər nə qədər gözləsəm də, Dünya gəlib çıxmadı. İş vaxtı bitdiyi zaman katibəm ehtiyatla qapını döyüb içəri girəndə necə diksinib yerimdən qalxmışdımsa, içəri girənin Dünya olmadığını gördüyüm anda eləcə də qəfil pərtlik hissi bürümüşdü məni. Katibəm evə getmək istədiyini bildirmişdi. Mən də daha onun üzünə belə baxmayıb, əlimi yelləmişdim ki, get.

Sonra otağın pəncərəsini açıb, siqaret çəkmişdim...

Mən bu tanımadığım qadına görə bu qədər həyəcan keçirməyimə görə özüm özümdən o ki var utandım və hisslərimə qapılmaqdan xilas olmaq üçün dərhal Laləyə zəng vurub, könlünü aldım, onu şəhərin ən yaxşı restoranlarından birinə dəvət edib, gecəni də yanında qalmaqla öz qəfil stress vəziyyətimdən çıxdım. Keçmiş təcrübələrimdən bilirdim, belə qəfil həyəcanlar vaxtı çətini ilk günün pərtliyini adlayanacandır, ondan sonra qadın da, onunla bağlı hisslər də qüvvəsini mütləq itirir.

Əsas odur ki, Lalə dünyanın xoşbəxtinə çevrilmişdi.

Dünya isə o gündən sonra demək olar ki, hər gün gəlirdi yanıma. Hər gəlişində eyni sürməli, linzalı gözləri görürdüm qarşımda. Təkcə çadralarının rəngi dəyişirdi. Bir dəfə tünd qəhvəyi, bir dəfə tünd göy olurdu onlar. Mən artıq Dünyanı həmin o ilk gündəki kimi həyəcanla dinləmirdim, bütün danışdıqlarına peşəkarlıq, soyuq beyin və analitik ağıl ilə yanaşırdım.

O deyirdi ki, uşaq vaxtı bir oğlana vurulubmuş. Deyirdi ki, ailəsi ilə birlikdə kənddə yaşadıqları illərdən bəri yadında qalan o oğlanı həmişə düşünürmüş, onu tapmaq, görmək, bütün ağrılarını unutmaq istəyirmiş. Deyirdi ki, bir dəfə televiziya kanallarının birindəki sosial verilişlərin birində görübmüş onu. Oğlan çıxış edirmiş o verilişdə. Dünya isə veriliş canlı efirdə ikən evdən çıxaraq, həmin telekanalın qarşısına gedibmiş. Deyirdi ki, həmin oğlanın teleşirkətin qapısından necə çıxmasını, maşınına sarı necə getdiyini ürəyi sinəsindən partlayıb çıxacaq qədər həyəcanla izləyibmiş. Sonra isə arxasınca düşübmüş oğlanın, ta onun yaşadığı binaya qədər... Sonra isə maşınından düşüb mənzilinə qədər qarabaqara izləyibmiş oğlanı. Ertəsi gün isə səhər tezdən binanın qarşısında hazır imiş. Beləcə də oğlanın həm mənzili, həm iş yeri, həm dostları ilə, həm qohumları ilə olan hər şeyi haqda öyrənibmiş...

***

- Sən məni izləyirdin, hə? - deyə, mən indi artıq kimliyini bildiyim Leylanı qucaqladım.

- Hə... - dedi və mənə qısıldı.

- Dəli... mənim dəlim...

Hə, bu, o idi. İlk sevgim, yeganə həsrətim, indi isə bəlkə də son qadınım.

Bu anlarda belə "son qadınım" deməkdən çəkinmirəm və bu mənə, açığı, ləzzət edir.

Leyla mənə həyatımdan gəlib keçən bütün digər qadınları elə unutdurmuşdu ki, onların heç birinin az qala adını belə xatırlamırdım. "Gəlib keçən" nə deməkdir iki? "Keçmiş" demək deyilmi? Leyla mənim indim idi, bu günüm idi, hətta ilk uşaqlıq illərimizdəki xatirələri ilə də "indi" idi o. Keçməmişdi, keçib unudulmamışdı çünki. Yaşayırdı, yaşanırdı həyatımda...

***

Qapının qəfil zəngi bizi bir-birimizdən ayırdı. Mən keçib baxdım, sahə müvəkkilini gördüyüm zaman isə təəccüblə Leylaya baxdım və o da özünü yetirdi. Gözlükdən baxıb, məni içəri itələdi.

- Səni görməsin, baxım nə deyir, - deyərək qapıya sarı çöndü, - kimdir?

- Sahə müvəkkili Məmmədov, - eşitdim.

- Eşidirəm sizi, - Leylanın qapını açıb soruşduğunu da artıq yataq otağından eşitdim.

- Sizin bu qonşuya bildiriş gətirmişəm, amma evdə yoxdurlar deyəsən, - Məmmədovun səsi dəhlizdən keçib mənə çatdı.

- Hansı qonşu? - Leyla özünü tanımazlığa vurdu, - sağ ya sol?

- Dəli doxtorunu deyirəm, - sahə müvəkkilinin qımışaraq dediyini hiss etdim və qanım beynimə vurdu.

- Kimi? - Leyla adamı dolamağa başlamışdı deyəsən, bu da məni daha çox qısqandırıb, özümdən çıxarmağa başladı.

- Bu kefkom oğlanı deyirəm də, nə əcəb tanımırsız? - Məmmədovun səsi rəsmi tonun əndazəsini çoxdan keçmişdi.

- Yoldaş sahə müvəkkili Mamedov, - Leyla ciddi səslə dedi, - sizə kim və nə lazımdır? Mənim qapımı niyə döymüsünüz?

- Birincisi, Mamedov yox, Məmmədov, - səs dərhal ciddiləşdi, deyəsən sahə müvəkkili Leylanın ciddi müraciətindən sonra özünü yığışdırdı, - ikincisi, bu bildirişi ona çatdırmağınızı xahiş edirəm, qapıya özüm ilişdirmək istəmirəm, uşaq-muşaq dəyər, itər kağız.

- Nə bildirişidir ki? - Leyla soruşdu.

- İstintaq ifadəsi verməsi üçün...

***

Nəhayət!

Məni Sənubərin qətli ilə əlaqədar olaraq istintaqa dəvət edirdilər.

Sahə müvəkkili gedəndən sonra Leyla ilə bir-birimizə baxıb, xeyli səssizcə danışdıq.

Məsələ burasındadır ki, o, Sənubərin həm həyatı, həm də ölümü haqqında məndən daha çox bilirdi. Bundan o qədər əmin idim ki!

Lakin mən heç vaxt Leylanı bu qarışıq və qəliz məsələnin problemləri ilə yükləmək istəməzdim. Eyni zamanda, o yeganə insan idi ki, məni istəmədən düşdüyüm vəziyyətdən çıxara bilərdi. Həm də bəlkə hətta Sənubərin də üzərindən ləkəli adı götürərdi. Ölümündən sonra olsa da...

- Sən əvvəl-axır üzə çıxmalısan, - dedim, - nə qədər gizlənəcəksən ki?

- Onu gizlənməyə vadar edənə qədər, - dedi.

Sehrbazı deyirdi.

Belə deyirdisə, deməli, mənim bilmədiyim daha qarışıq məqamlar vardı və Leyla hələ də Sehrbazdan qorxurdu. Qorxmasaydı, əlində o adama qarşı çox ağır ittiham sübutu kimi video ola-ola bu qədər kənardan izləməzdi baş verənləri. Bu qədər susmazdı da.

- Mənə heç nə demək istəmirsən? - soruşdum.

- Yox, - o, masanın üstündən boşalmış çay stəkanlarını yığışdırmağa başladı, soyuq və pərt səslə davam etdi, - nə deyim ki?

- Məsələn, Sehrbazı niyə bu qədər özün üçün şişirtdiyini, niyə ondan bu qədər qorxduğunun səbəbini. Sən mənə heç nə demirsən, mən də özümü, bağışla məni, xiyar kimi hiss eləyirəm!

- Bu nə danışıqdır? - tərs-tərs üzümə baxıb, hirslə mətbəxə keçdi.

Ardınca yollandım, çiyinlərini qucaqlayıb könlünü almağa çalışdım.

- Niyə hirslənirsən? Mən də adamam da, bax bir nə qədər böyük zibilə düşmüşəm o it oğlunun ucbatından! Durduğum yerdə e özü də! İstintaqa çağırılmışam e, təsəvvür eləyirsən? Mən e! Niyə axı? Mənim nə təqsirim var ki o mənasız Sənubərin axmaq hərəkətlərində?

- Qulaq as, götür bildirişini də, bu dəqiqə çıx get burdan! - məni kənara itələyib suyu açdı və stəkanları yumağa başladı.

- Bax, kobudluq eləyirsən mənə qarşı, amma demirsən ki... Axı mən neynim, hə? Axı mən bilməliyəm ki...

- Sən heç nə bilməli deyilsən! Səndən heç nə də soruşan olmayacaq! Sadəcə, uzaqbaşı deyəcəklər ki, məhrum Sənubər filankəsova sizin pasientiniz idimi? Niyə gəlirdi yanınıza? Neçə dəfə gəldi? Nə danışırdı sizə? Necə problemləri vardı? Və sair və ilaxır da!

- Nə olursa olsun, mən sənin yanındayam. Bir bunu bil, bəsimdir.

- Get... - yorğun baxışlarla üzümə baxıb, sakitcə dedi.

- Yaxşı, - dedim.

 

Leyla işini bitirib suyu bağlasa da, məni ötürmək üçün qonaq otağına gəlmədi.

Mən isə daha heç nə deməyərək, əvvəl qonaq otağından bildirişi götürdüm, sonra dəhlizə keçib gödəkçəmi geyindim və Leylanın mənzilindən çıxdım.

Öz qapımın ağzında bir neçə saniyəlik ayaq saxlasam da, son anda fikrimdən daşındım və pilləkənləri asta-asta düşərək, maşınıma doğru getdim.

Yalnız maşınla şəhər kənarına çıxıb dənizə sarı gedəndə anlaya bildim Leylanın bütün həyəcan və pərtliklərinin səbəbini.

O səbəb mən idim.

Leyla mənə görə qorxurdu.

Mənə heç nə olmasın deyə...

 

(Davam edir)

 

# 2445
avatar

Bulud Qara

Oxşar yazılar