“Ərimi öldürmək istəyəndə anladım ki…” – <span style="color:red;"> Bulud Qaranın gündəliyi   – <span style="color:red;">32-ci BÖLÜM
17 oktyabr 2019 20:15 (UTC +04:00)

“Ərimi öldürmək istəyəndə anladım ki…” – Bulud Qaranın gündəliyi 32-ci BÖLÜM

 
 
Sirli Dünya
 
Mən bir ona, bir də hələ səliqəyə salmağa imkan tapmadığım iş masama baxıb çarəsiz halda oturması üçün yer göstərdim:
 
- Buyurun, əyləşin, - deyərək, rəsmi və ciddi görkəm almağa çalışdım, keçib öz yerimdə oturdum.
 
O, mənim göstərdiyim kürsüyə yaxınlaşan kimi dərhal mənə tərəf dönüb, az qala qəzəblə üzümə baxdı. Nə baş verdiyini anlamadan təəcüblə qaşlarımı çatdım.
 
- Əyləşin, xanım, - dedim.
 
- Gəlin, özünüz əyləşin, - o, sərt şəkildə masanın əks tərəfinə keçərək, iyrənirmiş kimi ətrafı gözdən keçirməyə başladı.
 
Yenə bir şey anlamayaraq, "bu çadralı dəli çatışmırdı elə" deyə, yerimdən duraraq, onun oturmaqdan imtina etdiyi kürsüyə yaxınlaşdım.
 
- Əyləşim, əyləşim də, - özümü peşəkar psixoloqlar kimi göstərməyə çalışdım. Və elə bu andaca kürsünün üstümdəki büstqalter diqqətimi çəkdi. Off, Lalə, off! Bu axmaq sevgilim hər dəfə mənə belə mənasız erotik sürprizlər edərdi. Gah iş masamın üstünə qırmızı markerlə ürək şəkilləri çəkib on-on beş dəfə "səni sevirəm" yazardı, gah ətir şüşəsini, gah prezervativi, gah dodaq
boyasını qəsdən unudubmuş kimi otağımda, üstəlik də mütləq gözlə görünən bir yerdə saxlayıb gedərdi. Onun ucbatından iki dəfə konfransda biabır olmuşdum. Bir dəfə üstümə səpdiyi tünd qadın ətrinə görə, bir dəfə də köynəyimin yaxalığında saxladığı qıpqırmızı boyalı öpüş ləkəsinə görə.
 
Yadımdadır, o qadın ətri ilə olduğum konfransda yanımda oturmuş məşhur psixoloq nə gözlərini, nə burnunu üstümdən çəkməmişdi. Qalan həmkarlarımız isə təəccüblə biz tərəfə baxmışdılar konfrans boyunca. Hətta mən sonradan sevinmişdim ki, nə yaxşı o mavi psixoloq mənim yanımda imiş, bəlkə də ətir iyinin ondan gəldiyini düşünərlər, mən diqqətdən yayınaram.
 
Nə isə.
 
İndi də bu büstqalter. Qırmızı, sıxsan, ovuca sığacaq qədər zərif tüldən olan, ipi bir tərəfdən qırılmış...
 
İçimdə ani bir titrəyiş hiss etdim və məhz bu ani hissə görə Laləni yenə də bağışladım, xəyalımda dərhal qollarıma aldım onu...
 
- Mən bu gün mütləq sizinlə danışmalıyam! - dedi Dünya və Laləli xəyallarım dərhal yoxa çıxdı.
 
- Üzr istəyirəm sizdən, - bilmirdim vəziyyətdən necə çıxım, əl atıb büstqalteri kürsüdən götürdüm, elə ovcumun içində sıxıb bürmələyib cibimə basdım.
 
O, çantasından nəm salfetlər çıxarıb kürsünü və masanın o tərəfə düşən hissəsini möhkəmcə sıxa-sıxa sildi. Sonra salfetləri zibil qutusuna atıb əllərini spirt spreylə dezinfeksiya etdi. Yalnız bundan sonra nəhəng qəhvəyi çadrasının ətəklərini toplayıb qucağına yığdı və oturdu.
 
Utanc hissimi üstələyən heyrətlə ona baxıb, öz yerimə keçdim.
 
- Buyurun, eşidirəm sizi, - dedim.
 
- Mən özümü öldürmək istəyirəm, dedi.
 
- Amma mən buna qətiyyən inanmıram, - dedim.
 
- Niyə? Ona görə ki, bunu eləmək əvəzinə durub bura gəlmişəm.
 
- Bəli. bura gəlmisinizsə, demək ölmək yox, əksinə, sizə yaşamağa mane olan nələrdənsə xilas olmaq istəyirsiniz. Ya da kimlərdənsə.
 
- Bəli. Ya özümü öldürəcəm, ya da onu.
 
- Kimi?
 
- Ərimi.
 
- Buna da inanmıram. Çünki onu da etmək istəsəydiniz, bura gəlməzdiniz. Siz sadəcə ər dediyiniz adamdan canınızı qurtarmaq istəyirsiniz. Düzdür?
 
- Tutaq ki.
 
- O da düzdür ki, siz dindar filan deyilsiniz.
 
- Bu hardan çıxdı? Görmürsüz? - o, çadrasının ətəklərini az qala gözlərimə soxmaq istəyirmiş kimi masanın üstündən qaldırıb mənə göstərdi.
 
- Əlinizi ətəyinizə yox, başınıza atsaydınız, inanardım. Üstəlik...
 
- Hmm... - o, səhv hərəkət etdiyini anlayaraq çadrasının ətəyini buraxıb əllərini masanın üstünə qoydu, - üstəlik nə?
 
- Üstəlik, siz özünüzü, ya da ərinizi öldürməkdən danışırsınız. Bunların isə hər ikisi günahdır, dindar olsaydınız, bunu bilərdiniz. Əllərinizi spirtlə silməyiniz isə bütün şübhələrimi dağıtdı. 
 
- Yaxşı, etiraf edirəm, siz deyəndir, - o, səbrsiz halda barmaqlarını ovuşdura-ovuşdura gözlərini məndən qaçırmağa başladı.
 
- Elə isə, eşidirəm sizi. Hesab edin ki, bu otaqda təksiniz və özünüz özünüzlə dərdləşirsiniz.
 
Mən onun çox dərin depressiya və psixoloji gərginlik içində olduğunu anlamışdım. Belə qadınlar adətən üzdə özlərini çox güclü göstərməyi bacarırlar. Lakin təklikdə qaldıqları və yaxud, tamamilə etibar edə bildikləri bir insanla qarşılaşdıqları zaman bütün varlıqları zərif tül qədər şəffaf bir hal alır. Az qalır əlini atıb dünyadan qoparasan onları və ovcunun içərisində sıxıb-sıxıb hamıdan
gizlədəsən.
 
- Mən atamın kaprizlərinin, daha doğrusu, maraqlarının qurbanıyam, - deyə, qara sürməli gözlərini masanın üstündə bir-birini sıxan barmaqlarına zilləyən Dünya öz hekayəsini danışmağa başladı... 
 
O, dedi ki, əslində əri ilə bir-birlərini ancaq toylarına iki gün qalmış görüblər. Hər şey atasının həmin adama birdən-birə yaranmış külli miqdarda borcundan sonra başlayıbmış. Dünya, onun atasının və atası kimi digər bir neçə sahibkarın da bütün pullarını öz biznes maxinasiyalarının sayəsində ələ keçirə bilən o adamın kim olduğunu, necə göründüyünü belə bilmirmiş. Evlilik söhbəti
ortalığa çıxanda isə qətiyyətlə buna qarşı çıxmış, tanımadığı, üstəlik, hamının əzazil və hiyləgər dediyi o adama ərə getməyəcəyini bildiribmiş. Yalnız atası çarəsizlikdən intihar edəcəyini bildirdiyi zaman susubmuş.
 
- Mən həyatımın ən böyük səhvini etdim o vaxt, - dedi, - gərək heç nəyə baxmayaydım. Nə atamın borclarına, nə özünü öldürmək istəməsinə... onsuz da toyumuzdan iki ay sonra kişi infarkt keçirib dünyasını dəyişdi. Heç bir varidatını da qaytara bilmədi. Ərim ona "Neynirsən bundan sonra biznes qurmağı? Yaşlı adamsan otur pensiya al, qızın üçün dua elə. Hesab elə ki, hər şeyi ona cehiz vermisən" deyəndən sonra oldu bu. Özü də o bunları mənim yanımda dedi atama, təsəvvür edirsiniz?
 
Dünya dolmuş gözlərini barmaqlarından çəkib üzümə dikdi.
 
Mən onun sözünü kəsmək istəməsəm də, bayaqdan düşündüyüm sualı verməyə bilmədim.
 
- Bəs ananız? Sizin ananız var? O heçmi mane olmadı?
 
- Anam... - o, gözlərini yenə barmaqlarına dikdi, - anam biz kənddən Bakıya köçəndə atamı atmışdı.
 
O vaxt biz çox varlı idik. Atam az qala hər küçədə bir arvad saxlayırdı. Anam da dözmədi. Çıxdı getdi xaricə.
 
- Bəs...
 
- Bilirəm, deyəcəksiniz ki, anam məni də apara bilərdi, ya da sonralar qayıda bilərdi... Amma apara bilməzdi. Atam məni cangüdənlərlə qoruyurdu. Əvvəllər anamı qınayırdım, atamın onun dalınca deyinib "əxlaqsız" adlandırması ilə ürəyimin dərinliklərində də olsa razılaşırdım sanki. Amma sonralar anladım ki, atam onu evdə bəzəkli bir kölə kimi saxlayırmış, hər şeyi olan anamın evin pəncərələrindən küçəyə baxmağa belə ixtiyaı olmurmuş... bəlkə də anam bu cür həyatdan narazı
olduğunu heç vaxt heç kimə bildirmədiyi üçün mən onu həmişə qır-qızıl içində, bahalı geyimlərlə yadımda saxlamışdım, həmişə düşünmüşdüm ki, anam atama qarşı nankorluq edib. Lakin bu dünyada qınadığı hər şeyi mütləq yaşayırmış insan.
O, nəfəsini dərib udqundu. ağlamamaq üçün dodaqlarını bir-birinə sıxıb, susdu.
 
- Mən anamın yaşadığı taleyin eynisini yaşayanda anladım onu. ilk dəfə ərimdən qaçmaq istəyəndə, bu alınmayanda isə onu öldürə biləcəyimi anlayanda... siz bilmirsiz bu necə hissdir... 
 
- Əriniz də atanız kimi... - mən bilmədim burada nə deyim, hansı sözü deyim ki, Dünya pasient kimi gəldiyi bu kabinetdən onun gözü qarşısında çıxan sevgilimi ürəyində də olsa başıma qaxmasın, - yəni...qadınlar, sizi qapalı həyat yaşamağa vadar etmək...
 
- Siz hamınız o cürsünüz yəni? - Dünya gözlərini qaldırıb mənə elə bir baxışla baxdı ki, öldüm yerə girdim, sanki bu dünyadakı bütün arvadbaz kişilərin xüsusi seçilmiş siması idim və indicə mütləq ən ağır cəzaya məhkum ediləcəkdim.
 
- Yox! - qətiyyətlə dedim.
 
- Bəs nədir sizdəki bu qadın aclığı? Niyə mütləq sevmədiyiniz qadınlarla evlənib, sevdiyiniz qadınlarla sevgili olursunuz axı? Doğrudanmı maddi maraqlar bu qədər güclü olur? Hətta sevgidən də?!
 
- Məncə biz burada məni müzakirə etmirik, siz isə elə danışırsınız ki, elə bil sizin atanızın da, ərinizin də əvəzinə məni öldürəcəksiz indi. Həm də sizə kim dedi ki, mən sevmədiyim qadınla evlənmişəm və sevdiyimlə görüşürəm? Bu nə cəfəng yanaşmadır?
 
- Elə edirsiz mütləq, - o, gözlərini üzümdən qaçırıb susdu, barmaqlarının titrədiyini hiss etdim, - Siz də ya işə görə, ya nə bilim qohum-əqrabaya görə hansısa qızı mütləq bədbəxt eləyib salmısınız dörd divarın arasına yəqin... Ya da Allah bilir, sevdiyiniz qız heç yadınıza da düşmür yəqin...
 
- Siz nə danışırsız? - bezmiş halda ona baxdım.
 
- And için ki, elə deyil, - dedi və səsi titrədi.
 
- And içim? - heyrətdən gülə də bilmədim, - axı niyə?
 
- Yaxşı, - güldüm nəhayət, - çox məzəli fikirləriniz var, - and içirəm, mən sevmədiyim qadınla evlənməmişəm, sevdiyim qadınla da görüşmürəm.
 
- Yəni? - o, əl çəkmirdi.
 
- Yəni... axı bunun mətləbə nə dəxli var e? Mənim sevmək-evlənmək məsələm kimə lazımdı axı, gəlin sizdən danışaq. Axı siz mənim pasientimsiz, mən sizin yox, - birdən ağlıma gələn fikri dilə gətirdim, - yoxsa sizin sevdiyiniz kimsə var? Həə, siz kimisə sevirdiniz və ərə getdiyiniz üçün onu atmalı oldunuz. Elədir?
O, susdu. Gözləri dolmuşdu.
 
- Baxın, görürsüz? Qadınlar sevmədikləri ilə evlənəndə qurban hesab olunurlar, kişilər isə əclaf, arvadbaz, hə? Yoxsa sizin sevdiyiniz mələkdir? Siz ərə gedəndən sonra da rahib olub. 
 
- Yox, olmayıb, - sakit-sakit üzümə baxıb dedi, - əksinə, əclaf olub, arvadbaz olub, hətta iş yerində kimlə gəldi görüşən axmağın biridir o...
 
O, ayağa durub iyrənə-iyrənə məni və ətrafı süzərək qapıya sarı getdi. Yalnız qapını örtəndə geriyə boylanıb matı-qutu qurumuş mənə acıqla dedi:
 
- İki gündən sonra gələcəyəm. Düz saat iki tamamda. Çalışın, o vaxta kimi sevgililərinizi yola salıb otağı yığışdırasınız.
 
O getdi. 
 
Mən isə əlimi cibimə atıb, dəsmal çıxarmaq və alnımın tərini silmək istədim. Lakin ovcumu açanda dəsmal əvəzinə Lalənin qırmızı tül büstqalterini gördüm. İçimdə qəribə bir ikrah hissi oyandı və bu ani hissin altında ovcumdakını aparıb zibil vedrəsinə atdım.
 
Sonra masamın siyirtməsindən nəm salfet çıxarıb əllərimi yaxşı-yaxşı sildim...
 
(Davam edir)
# 1795
avatar

Bulud Qara

Oxşar yazılar