Hikmət Hacıyev:  Qarabağda mina problemi ən ciddi humanitar çağırış olaraq qalır
01 may 2026 16:06 (UTC +04:00)

Hikmət Hacıyev: Qarabağda mina problemi ən ciddi humanitar çağırış olaraq qalır

0

Qarabağda mina problemi ən ciddi humanitar çağırış olaraq qalır.

APA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağ Universitetində diplomatik korpusun nümayəndələri qarşısında çıxış edərkən deyib.

O bildirib ki, Azərbaycan postmünaqişə dövründə həyata keçirilən yenidənqurma prosesinə görə dünyada nadir nümunələrdən biridir: “Azərbaycan öz maliyyə imkanları, institusional və inzibati potensialı hesabına işğaldan azad edilmiş əraziləri yenidən qurur. Hazırda doqquz şəhərin və yüzlərlə yaşayış məntəqəsinin tikintisi prosesi davam edir”.

Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan şəhərsalma və postmünaqişə bərpası sahəsində topladığı təcrübəni beynəlxalq tərəfdaşlarla bölüşməyə hazırdır. “Biz öz təcrübəmizi, qarşılaşdığımız çətinlikləri bölüşməyə və şəhərsalma sahəsində yeni biliklər əldə etməyə hazırıq”.

O vurğulayıb ki, Qarabağda ən ciddi problemlərdən biri mina təhlükəsidir: “1,5 milyondan çox mina bu ərazilərə yerləşdirilib. Bu, Azərbaycan ərazisinin təxminən 12-13 faizini əhatə edir. Təəssüf ki, bəzi ərazilərə mina təhlükəsinə görə giriş mümkün deyil”.

Prezidentin köməkçisinin sözlərinə görə, minatəmizləmə böyük maliyyə və insan resursları tələb edən həyati əhəmiyyətli missiyadır. “Bu, insanların həyatını xilas edən missiyadır. Minatəmizləyən mütəxəssislər böyük risk altında çalışırlar”.

Hikmət Hacıyev deyib ki, 2020-ci ildən bəri mina partlayışları nəticəsində ölən və yaralananların sayı 400-ü keçib: “Dinc sakinlər mina partlayışları nəticəsində həyatını itirir və yaralanır”.

Prezidentin köməkçisi, həmçinin, itkin düşmüş şəxslər probleminin hələ də açıq qaldığını diqqətə çatdırıb: “Biz hələ də 4 minə yaxın azərbaycanlının taleyi ilə bağlı cavab ala bilməmişik. Kütləvi məzarlıqları və şahidləri axtarmağa davam edirik”.

Hikmət Hacıyev bu məsələ ilə bağlı Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinə də müraciət edib: “Mən Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrindən dəstək istəmişəm ki, 30 ildən çoxdur yaxınlarından xəbər gözləyən ailələr müəyyən məlumat əldə edə bilsinlər”.

Sonda o əlavə edib ki, Azərbaycan regionda davamlı sülhün təmin olunması və regional əməkdaşlığın gücləndirilməsi istiqamətində səylərini davam etdirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 212

Oxşar yazılar