“İş otağımdaca sevişib, onu qapıdan yola salırdım ki...” – <span style="color:red;">Bulud Qaranın gündəliyi  – <span style="color:red;">31-ci BÖLÜM
10 oktyabr 2019 20:15 (UTC +04:00)

“İş otağımdaca sevişib, onu qapıdan yola salırdım ki...” – Bulud Qaranın gündəliyi31-ci BÖLÜM

Əvvəli: https://lent.az/news/327757

 

Buxovların qırılması

 

Xoşbəxt idim.

Mən Gülnara toxunmamışdım və bircə bu fikir məni bu dəqiqələrdə göyün yeddinci qatına qədər qaldırıb, uçururdu. Həzz içində ərimişdim. Necə gözəl bir hiss imiş həyatı ürəyinin istəmədiyi, ruhunun duymadığı situasiyalardan uzaq tuta bilərək yaşamaq!

Maşına oturub sevdiyim dünya şöhrətli yunan pianoçusunun ifaları olan diski qoşdum. Bir-birindən gözəl melodiyaları yüksək səslə dinləyə-dinləyə, bəlkə də mənim maşınıma yaxın məsafədə olan hər kəsə də dinlədə-dinlədə şəhəri dolaşırdım.

Artıq bu dünyanın nə içində, nə fövqündə baş verən heç nə mənim vecimə deyildi. Musiqinin dəli dalğalarına ruhumu buraxmış azad, rahat, güclü bir adam idim, həyatımın ən gözəl məqamlarından birini yaşayırdım.

Nə olsun ki ən yaxın dostlarım yanımda deyildilər və hətta illər boyu davam edən, heç vaxt sarsılacağına inanmadığım münasibətlərimizə tüpürüb məni atmışdılar?!

Nə olsun ki anam, xalam, başqa qohumlarımız yenə də bir-birləri ilə xəbərləşib, növbədənkənar tayfa-qəbilə toplantılarına yığışacaqdılar və Gülnarın "başına ağıl qoya-qoya" məni də asıb-kəsəcəkdilər?!

Nə olsun ki Gülnar hələ də gözləmədiyi səmtdən aldığı travmadan və onun şokundan ayılmamışdı və hələ də özünün yalançı hamiləlik sindromunun təsirində idi?!

Mən ki bilirdim bütün bunlar keçəcək və hər şey əvvəlkindən daha gözəl olacaq?!

Bircə Leyla...

Bircə o atmasın məni, deyə düşünürdüm.

Amma onun evində olduğum son günü, nəvazişlərinə cavab vermədiyim, donuz kimi etinasızlıq göstərdiyim dəqiqələri xatırladıqca ağlım yerindən oynayırdı. Bütün xoşbəxtliyimə kölgə salırdı o dəqiqələr. Axı mən indi, elə bu anlarda belə öz gözəl, ağıllı Leylamın, hətta Səmamın yanında ola bilərdim...

Maşını məhəlləmizə sürdüm.

Çoxdanışan qonşumun binamızın yanındakı şirniyyat evindən bir tort alıb, pilləkənə sarı addımladım.

Qonşum arxadan səsləndi:

- Pulun qalığı qaldı ha!

- Qalsın! - dedim.

- Ohaa! Evlilik budur e! Adam başlayır adam kimi adam olmağa, - deyə, gəvəzə qonşum ona verdiyim şax iyirmiliyi gözünün üstünə qoyub, ləzzətlə gülümsəyərək cibinə basdı.

Daha heç nə deməyib, bloka girdim.

Deyəsən binada kiminsə xeyir işi vardı, bütün məhəccər ağ-qırmızı lentlərlə bəzədilmişdi, pilləkənə isə qızılı və qırmızı gül ləçəkləri səpmişdilər. Bər-bəzək ta mənim yaşadığım mərtəbəyə kimi davam edirdi. Yadıma düşdü ki, mən evdən çıxanda belə bir şey yox idi. Elə indinin özündə də binada sakitlik vardı deyə, düşündüm, yəqin kiminsə övladı dünyaya gəlib. Elə bunu düşünən kimi də qanım qaraldı. Gülnar evə qayıdanda bu dəm-dəsgahı görsə, halı necə olardı görəsən? Mən onu düşdüyü ağır psixoloji vəziyyətdən çıxarmaq istədiyim halda, o, daha bir zərbə alacaq və əzab çəkəcəkdi.

Yox, mütləq xalama zəng edib, Gülnarı bu gün bu tərəfə buraxmamasını xahiş etməliydim. Elə bu fikirlərlə açarı cibimdən çıxartmışdım ki...

Yandakı qapı açıldı.

Leyla ilə göz-gözə gəldik.

Heç nə demədən bir neçə saniyə bir-birimizin gözlərinin içinə baxdıq.

Sonra o gülümsədi, qapıdan azca kənara çəkilib məni içəri çağırdı:

- Gəl.

***

O, sakitcə mənim gödəkçəmi soyunmağıma kömək etdi, sonra onu asılqana yerləşdirib, qoluma toxunaraq qonaq otağına ötürdü.

 

Mən, binamızın ilk pillələrindən başlayan bəzəkli lentlərin və gül ləçəklərinin davamını Leylanın mənzilinin dəhlizində də gördüm, qonaq otağında da.

Demək binanı bəzəyən o imiş. Özü də mənə görə.

Bu, dünyanın ən gözəl nokautu idi.

Dilimi udmuşdum elə bil, heç nə deyə bilmirdim.

- Xoş gəlmisən, - deyib əli ilə divanı göstərdi, - buyur.

Oturdum.

O isə mətbəxə keçdi.

Beş dəqiqədən sonra isə mənim qarşımdakı jurnal masasının üstü konfet, peçenye və meyvə qablarıyla doldu. Leyla bunları gətirdiyi zaman mətbəx önlüyü taxmışdı. Məhz bu xırda detal ona o qədər böyük bir məhrəmlik vermişdi ki...

 

- Bu da çay! - gülümsəyib, balaca sinidəki pürrəngi çayla dolu armudu stəkanları masanın üstünə yanaşı qoydu, sonra sinini masanın alt qatına buraxıb özü də yanımda oturdu, - bu isə çayçı.

Mən nə dedim bəs?

Yadımda deyil ki, nə dedim onda. Bir onu bilirəm ki, bir saatdır məni qoynuna alıb göylərə uçuran qəfil xoşbəxtliyimin ən pik məqamlarının yetişdiyini anlamağa başlamışdım. Mən bu şirin, doğma gözəl varlığı sevirdim. Mən Leylamı bağrıma basıb oxşayırdım, yanaqlarını, boynunu, əllərini dəli kimi öpürdüm. Bu o idi, mənim sevgim. Leylam. Buludun Səması...

***

Mən sizə iki sirr açım, qardaşlar.

Birinci sirr ondan ibarətdir ki...

Qadınlar bizi çox sevirlər. Onların ən feministi belə kişilərə yox, qadında qadınlığı öldürən erkəklərə qarşıdır. Qadın sevdiyi kişini heç vaxt qırmaq istəməz və bu yöndə heç vaxt ilk addımı atmaz. Əgər bir qadın sizi qırıbsa, bu o deməkdir ki, bu situasiyadan əvvəl siz onu darmadağın etmisiniz, özü də dəfələrlə. İlk zərbənizi görməzdən gəlib, sizin onu incitmək istədiyinizə inana bilmədiyi üçün bunu təsadüfi bir hal sayıb, buna görə də, ağlasa belə, sizə bildirməyib. İkinci zərbənizdə mütləq ağlayıb və sizin onu incitdiyinizi anlatmağa çalışıb. Amma yenə də münasibətlərinizin dağılmaması üçün kompromisə gedib, sizin onu incitmə səbəbinizi özündə axtarmağa çalışıb, hətta bəzi məqamlar üçün özünü danlayıb, sizdən üzr də istəyib bəlkə. Baxın, siz məhz bu zərbədən sonra yaxşı-yaxşı düşünməli və onu itirməmək üçün çabalamalıydınız. Üzr istəməli, könlünü almalı, vəziyyətdən birlikdə çıxış yolu axtarmalıydınız. Lakin bunu etmək əvəzinə siz öz mənasız eqonuzun diktəsinə uyub üçüncü zərbəni vurursunuzsa, iş bitmişdir, dostlar. Üçüncü zərbə öz dalınca sayı-hesabı bilinməyən digər zərbələri gətirəcək mütləq. Və qadın sizin ən böyük düşməninizə çevriləcək. Siz qurban olduğunu anlayan qadının necə qəddar bir canavara çevrildiyini görməmisiniz bəlkə də. Əmin olun ki, dediyim mərhələləri keçdiyiniz zaman mütləq görəcəksiniz.

Və o zaman qadından incimək haqqınız olmayacaq.

İkinci sirr isə odur ki...

Bir qadın bir münasibəti xilas etmək istəyirsə, o bunu mütləq edəcək...

***

- Mən sənin pasientin olmuşdum, ay dəli, - deyə o, gülə-gülə çaylarımızı təzələdi.

- Sən?

Mən pasientlərimin hamısını dəqiqliklə yadımda saxlamasam da, onların heç birini tamamilə unutmurdum da. Leyla mənim pasientim ola bilməzdi. Daha doğrusu, olsaydı, mən onu mütləq yadımda saxlayardım.

- Yadına düşmədim? - yanımda oturub əllərimdən tutdu, yenə barmaqlarımı açıb ovuclarımın içini öpdü, - bax gözlərimə...

Baxmaq asan idimi onun gözlərinə?

Ağlım başımdan çıxmırdımı onlara baxdığım zaman?

Özümü saxlaya bilməyib dodaqlarından öpdüm.

Bu uzun, isti öpüşdən sonra isə o səsi qırıla-qırıla köksümə qısılıb pıçıldadı:

- Gözlə... bir dəqiqə...

Sonra dərindən nəfəs alıb, daha doğrusu, mənim qoxumu ciyərlərinə çəkib ayağa durdu, yataq otağına keçdi. Mən də qeyri-ixtiyari durub onun ardınca getmək istədim. Lakin o çönüb məni sinəmdən yüngülcə itələdi:

- Dedim axı, gözlə...

Divanda oturub artıq soyumuş çayımı içdim, sonra durub mətbəxə keçdim, qaynar çaynikdən stəkanıma təzə çay süzüb, geriyə döndüm.

Geriyə döndüyüm zaman isə otağın ortasında tünd qəhvəyi çadraya bürünmüş bir qadın gördüm. Qadın məni görən kimi diksinmiş kimi üzünü çevirib başını da aşağı saldı. Təəccübdən gözlərim kəlləmə çıxdı. Bu kim idi, içəri necə girmişdi?

- Xanım... siz kimsiniz? - ehtiyatla soruşdum və qəfil yaranmış həyəcanla Leylanın yataq otağına sarı boylandım, - Leyla!

Qadın mənə sarı çönüb yalnız gözləri görünən üzünü mənə tutdu. Qara qələmlə çəkilmiş qaşlarından, sürməli, uzun kirpikli qapqara linzalı gözlərindən onu tanıdım. Bu qadın düz bir ay demək olar ki, hər gün mənim qəbuluma gəlmişdi. Adı... Dünya idi.

- Dünya xanım?

- Bəli, - qadın dilləndi.

Qaynar çay dolu stəkanı masanın üstünə necə qoyduğumu bilmədim.

Otaqda qəfildən peyda olmuş naməlum çadralı qadının qolundan tutub özümə sarı çəkdim:

- Leyla?!

- Hə...- sakitcə dillənib mənə qısıldı.

Elə bir ah çəkdi ki...

Onu qucaqlayıb bağrıma basdım. Hönkürüb ağlamasından içim yandı.

- Yaxşı... yaxşı, sakitləş... sakitləş, - dedim təkrar-təkrar...

Gözlərimin qarşısında isə onu ilk dəfə kabinetimdə gördüyüm gün canlandı...

Mən növbəti sevgilimlə guya o bir pasientmiş kimi öz iş otağımdaca sevişib, onu qapıdan yola salırdım ki, içəri başdan ayağadək tünd qəhvəyi çadraya bürünmüş bir qadın girdi. Mən vaxtımın olmadığını, onu bu gün heç cür qəbul edə bilməyəcəyimi nə qədər desəm də, dinləmək istəmədi.

- Sabah xəbərlərdə intihar, ya da qətl xəbəri eşitmək istəmirsinizsə, məni qəbul edin, - dedi.

Və beləcə, bizim Dünya ilə, indi isə anladığım kimi Leyla ilə, lənət şeytana, hətta Səma ilə

ilk söhbətimiz yarandı...

 

(Davam edir)

 

# 2366
avatar

Bulud Qara

Oxşar yazılar