“Al qanın içərisində hərəkətsiz uzanmış Gülnar...” – Bulud Qaranın gündəliyi – 30-cu BÖLÜM
03 oktyabr 2019 20:15 (UTC +04:00)

“Al qanın içərisində hərəkətsiz uzanmış Gülnar...” – Bulud Qaranın gündəliyi30-cu BÖLÜM

Əvvəli: https://lent.az/news/327077

 

Müqəddəs Gülnar

 

Gülnarın baxışlarının altında özümü nə qədər narahat hiss etsəm də, bacardığım qədər soyuqqanlı davranmağa çalışdım.

- Kimdən, Gülnar? - deyə bir daha soruşdum.

- Nə? - karıxmış halda üzümə baxdı.

- Soruşuram ki, sənin uşağın kimdəndir?

- Sən dəli olmusan? - o, özündən çıxdı, - başın xarab olub? Necə yəni kimdəndir?

- Gülnar, - mən onun çiyinlərindən tutub gözlərinin içinə baxdım, - məncə, biz çox pis bir oyunun qurbanı olmuşuq, nə baş verdiyini də bilmirik. Əgər sən təmkinli olsaydın, mən bu işin axırına çıxa bilərdim, amma sənin bu emosional yanaşmağın hər şeyi  korladı. Elə Surxayın da soruşmadan, qulaq asmadan, sənin kimi yanaşması...

- Surxayın adını çəkmə! - Gülnar hirsindən nə edəcəyini bilməyərək məni sinəmdən itələdi, divana oturub üzünü əlləri arasında gizlədərək ağlamağa başladı.

- Gülnar... - mən də oturub onu qucaqladım, sakitləşdirməyə çalışdım, - bax mən sənə söz verirəm, eşidirsən? Söz verirəm ki...

- Rədd ol! - o, yenə də məni kənara itələyib ayağa durdu, gözlərini silə-silə mətbəxə keçdi və qapını arxasınca çırpdı.

- Olmadı da. Bir dəfə heç olmasa mənə qulaq as, nolar!

- Rədd ol, dedim! - bağırdı.

Mən onun arxasınca mətbəxə getmək istəsəm də, qapını içəridən kilidlədiyi üçün bunu edə bilmədim.

Sonra onun hönkür-hönkür ağlamasına düz yarım saat qulaq asmalı oldum.

Gülnarın gözlərindən axan hər damla göz yaşı mənim ürəyimə köz kimi sancılıb, od qoyurdu. Buna dözmək mümkün deyildi. Dünyanın bəlkə də ən axmaq situasiyası idi ki, hamılıqla düşmüşdük və o situasiyanın nə yaradıcısı məlum idi, nə də onu dağıda biləcək bir qüvvə.

Birdən mətbəxdən qarmaqarışıq səslər gəlməyə başladı. Gülnar içəridə qabları sındırırdı deyəsən. Sonra masanı aşırtdığını, stulları qırdığını anladım. Daha sonra qaz plitəsinin üstündəki çaydan və dəmir də yerə çırpıldı. Bütün bunları etdikcə Gülnar bağırır, "Zəhləm gedir, hamınızdan zəhləm gedir!" deyə-deyə ucadan hönkürürdü. Mən qonaq otağında bütün bu səsləri diqqətlə dinləyir, bircə pəncərənin açılmasını eşitməyim deyə az qala dua edirdim. Lakin o səsi eşitdim. Gülnar mətbəxin küçəyə baxan pəncərəsini açdı və sonra...

Sonra daha içəridən heç bir səs gəlmədi və mən bircə an şok yaşayıb dərhal qapını təpikləməyə başladım. Amma o kilidi ora özüm qoymuşdum və bu dəqiqələrdə "axı qonaq otağı ilə mətbəx arasında kilid nəyə lazım idi?" deyə özümü yeddi arxadan dönənimə qədər söyürdüm.

- Gülnar! Gülnar, ordasan? Cavab ver! - deyə bağırırdım.

Heç bir cavab yox idi.

Ürəyimin səsini qulaqlarımda eşidə-eşidə mənzildən ildırım sürətilə çıxıb pilləkənləri iki-iki adlayaraq həyətə düşdüm.

Həmin anlarda gözlərimin qarşısında ancaq bir mənzərə vardı: Binamızın arxa hissəsində bir yerə toplanmış bir dəstə adam, kənardan telefonla bütün baş verənləri çəkən internet avaraları, yaxınlaşmaqda olan polis və təcili yardım maşınlarının qulaq batıran siqnal səsləri... və yerdə laxtalanmış al qanın içərisində hərəkətsiz uzanmış Gülnar...

Binanın arxasına keçdiyim zaman orada heç kimin və heç nəyin olmadığını görəndə artıq öz nəfəsim kəsilməkdə idi. Bir əlimlə divardan yapışıb, birtəhər yerə oturdum və köynəyimin yaxasını dartışdırıb özümü boğulmaqdan xilas etməyə çalışdım.

Gülnar intihar etməmişdi.

Mən isə bunun baş verməsi ehtimalından o qədər qorxmuşdum ki, indi az qalırdı məni bu hala gətirdiyi üçün baş verməyən həmin intihara görə Gülnarı cəzalandırım.

İnsan qəribə varlıqdır, onun beynində, ürəyində baş verənlər o qədər harmonik bir xaosla bir-birini əvəz edib qarışır ki, nə özü bundan baş açır, nə də ətrafındakı digər insanlar...

İki saat boyunca həyətdəki səkinin qırağında oturdum və yerimdən tərpənmədən Gülnarın çıxıb getməsini gözlədim. Mən əmin idim ki, o mütləq çıxıb gedəcək.

Çünki qadın çətinə düşübsə, ya öləcək, ya da gedəcək. Üçüncü versiyaların heç biri onun özünün seçimi və istəyi ilə olmur, heç vaxt da olmayacaq...

Budur, o, gödəkçəsini çiyinlərinə atıb blokdan çıxır və heç bir tərəfinə baxmayaraq, öz məhəllələrinə sarı yola düşür.

Mən isə sakit-sakit onun ardınca baxıb bütün bunların nə zaman bitəcəyini fikrimdə hesablamağa çalışıram.

 

***

Axşam Tofiqlə görüşdüm. Daha doğrusu, ona zəng edib, mənimlə görüşməsi üçün demək olar ki yalvardım və son anda həmişə üçlükdə oturduğumuz, bizim evə yaxın olan kafeyə gəlməyə razı oldu.

Üzümə də baxmadan elə hey danlayırdı.

Deyirdi ki, mən çox şərəfsizçəsinə hərəkət etmişəm.

Deyirdi ki, mən bilə-bilə ki, Gülnarla Surxay bir-birlərini sevirlər, qıza dərman içirdib, onunla yatağa girmişəm.

Deyirdi ki, mən oğraşam və o da mənimlə bundan sonra nə kəlmə kəsmək, nə də məni görmək fikrindədir.

- Tofiq, sən axı axmaq deyilsən, özün də başa düşürsən ki, biz hamımız zibilə düşmüşük, hamımızı kimsə əməlli-başlı barmağına fırladır, amma özünü elə aparırsan ki, elə bil dünyadan xəbərin yoxdur. Bəsdir də! Guya sən özün oyun qurbanı deyilsən? Yoxsa hələ də inanırsan ki, Sevda səndən qalıb uşağa?

- Kəs səsini! - Tofiq mənə bir tərs şillə vurub, tüpürərək çıxıb getdi.

Ətrafda olan hər kəs bizə baxdı və bir-iki nəfər müdaxilə etmək istədi. Mən hər şeyin qaydasında olduğunu deyib, hesabı sakitcə ödədim və kafedən çıxdım.

Çiskin yağış vardı. Xırda, yumşaq damcılar üzümə-gözümə hopduqca, küləyin soyuq nəfəsini ciyərlərimə çəkir, yenə də bir gün bütün bu xaosun bitəcəyinə ümidlə Gülnargilə tərəf gedirdim.

Xalam məni heç nə olmamış kimi qarşılasa da, gərgin olduğunu hiss etməyə bilmədim.

Gülnar öz otağına çəkilib yatmışdı.

Mənsə xalamla birlikdə çay içib onun oyanmağını gözlədim.

- Nə oldu sizə, ay bala? Bu nə vaxtın küsməyidi belə? Siz ki bir-birinizi həmişə çox istəmisiz?! - dedi xalam.

- Nə küsmək? - özümü o yerə qoymadım, - kim dedi ki, biz küsülüyük?

- Kim deyəcək? Gülnar. Ağlaya-ağlaya gəldi, dedi, ana, bircə qaşıq qarpız mürəbbəsi istəmişəm, Bulud aləmi qatıb bir-birinə ki, bu nə axmaq istəkdi, mən indi hardan tapım sənə qarpız mürəbbəsi?

- Qarpız mürəbbəsi? - təəccübümün dərəcəsini ölçə bilmədim.

- Hə də, - xalam gülümsədi, - olur da belə. Adam uşaq üstə min dənə şey istəyir. Mən bildirçin kababı istəmişdim, rəhmətlik qaynatam gecəylə rayona gedib tapıb gətirmişdi. Gözümə təpirdim e onu.

- Hmm... - daha heç nə deməyib, çayımı içməyə başladım.

- Narahat olma, - dedi xalam, - mən zəng vurmuşam, Sürəyya günü sabah avtobus sürücüsünə verib göndərəcək, gedib vağzalda alaram ondan. Siz təki belə boş şeylərə görə küsüşməyin, deyin, gülün, uşaq da salamat gəlsin dünyaya...

 

***

 

Gecədən keçənə qədər xalamla oturdumsa da, Gülnar oyanmadı, ya da məni görmək istəmədi.

Mən də durub evə gəldim. Gülnarın dağıtdığı mətbəxi yığışdırıb səliqəyə saldım və elə əynimdəki paltarlarla divana sərilib yatdım.

Səhər heç nə olmamış kimi, yuyunub, təmiz kostyum geyinib, xalamgilə yollandım.

- İşlə buranı səhv salmısan? - çay içən Gülnar acıqla gözlərini süzdürüb anasına təpindi, - bunu bu qədər tünd tökmə də, ödüm ağzıma gəlir axı.

Sonra Gülnar öyüyüb, fincanı masanın üstünə qoydu və içdiyini qaytarmaq üçün vanna otağına keçdi. Xalam onun dalınca gülümsəyib razılıq bildirən sakitliklə pıçıldadı: "Mənim deyingən qızım".

Gülnar əl-üzünü yuyub gələndən sonra isə mən onun qarşısında dayanıb sərt şəkildə əmr etdim:

- Geyin, gedirik!

- Hara? Mən heç yerə gedən deyiləm, evi də özün yığışdırarsan, - deyib öz otağına keçməyə çalışdı.

- Həkimə gedirik! - onun qolundan çəkib daha sərt şəkildə demək olar ki bağırdım.

Bir azdan xalam da bizimlə olmaq şərtilə, klinikalardan birinə yollandıq.

Gülnar evdən çıxanda enli köynək geyinmişdi, bütün yol boyunca da maşının pəncərəsindən geyim dükanlarına baxa-baxa xalama deyirdi:

- Bax, bunda da var böyük ölçüdə köynəklər...o birindən daha yaxşıdı burdakılar, mən iki kofta, bir sarafan, bir də şalvar sifariş eləmişəm.

- Şalvar niyə? bir azdan qarnın böyüyəcək, neynirsən o boyda pulu havaya atıb? - xalam da Gülnarla eyni ağılda idi deyəsən.

- Yox, niyə ki? O şalvarlar xüsusi biçimdə olur, hamilələri nəzərə alırlar.

- Həə, nə bilim, ay bala, mən səndə ancaq enli don geyinmişəm, onu da kəndimizin dərzi Mədinəsi tikib...bizim vaxtda nə şalvar vardı, nə aparat filan... deyirəm, görəsən bu uşaq oğlandırmı? Mənə qismət olmadı, barı sən...

- O hələ gələn ay bilinər, - dedi Gülnar.

Və bir azdan həkimin qəbulundan çıxan Gülnar mənin üstümə cumub yumruqlamağa, növbəti isterikasına təslim olub qışqıra-qışqıra ağlamağa başlayacaqdı:

- Sən eləmisən! Sən mənə dərman vermisən xəlvəti! Mənim uşağımı öldürmüsən! Yoxa çıxartmısan! Sən!

Mən heç nə deməyəcəkdim, Gülnarı və xalamı xəstəxananın dəhlizində baş-başa buraxıb, əlimdə həkimin verdiyi analiz cavabları ilə həyətə düşüb dərindən nəfəs alacaq və siqaret yandırıb min ilin həsrətlisi kimi çəkəcəkdim...

Cavablar isə bir vərəq sözün toplanıb qarışdığı vərəqlərin hamısını özündə birləşdirən bircə kəlmədən ibarət idi: "Bakirədir".

Həyat davam edirdi...

 

(Davam edir)                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                            

 

# 2306
avatar

Bulud Qara

Oxşar yazılar