2009-cu il “Formula -1” üzrə dünya çempionu Censon Batton yarışdan ayrıldığını açıqlayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, 45 yaşlı Battonun sözlərinə görə, noyabrın 8-də keçiriləcək “Bəhreyn 8 saat” yarışı onun peşəkar karyerasının son yarışı olacaq.
"Bu, mənim son yarışım olacaq. Mən həmişə Bəhreyndən zövq almışam, düşünürəm ki, bu, əyləncəli bir trasdır və peşəkar yarış karyeramın sonu olduğu üçün bundan bacardığım qədər zövq alacağam. Son bir neçə ildə şəxsi həyatımda çox şeydən məhrum olduğumu hiss edirəm. Ona görə də bu idman növündə peşəkar şəkildə daha bir mövsüm keçirməyə hazır deyiləm", - Batton bildirib.
Censon 306 “Formula -1” yarışında iştirak edib və 15-də qalib gəlib. 2016-cı ildə “Formula -1”də karyerasını başa vurduqdan sonra, o, “24 saatlıq Le-Man” yarışı da daxil olmaqla, dözümlülük yarışlarında (WEC) yarışmağa davam edib. WEC-də Batton Cadillac Hertz Team JOTA-da yarışıb.
Censon Batton 2000-ci ildən 2017-ci ilə qədər “Formula-1” yarışlarında iştirak edib. O, “Uilyams”, “Benetton Renault”, “BAR Honda” və “McLaren” komandalarında yarışıb. 2009-cu ildə britaniyalı “Braun” komandası ilə birlikdə dünya çempionu olub.
Daha əvvəl, 2025-ci ilin iyul ayında sürücü sıx yarış qrafikinin çətin olduğunu və ailəsi ilə daha çox vaxt keçirmək istədiyini bildirib.