“Toydan az sonra ilk düyün açıldı…” – <span style="color:red;">Bulud Qaranın gündəliyi  – <span style="color:red;">29-cu BÖLUM
26 sentyabr 2019 20:15 (UTC +04:00)

“Toydan az sonra ilk düyün açıldı…” – Bulud Qaranın gündəliyi 29-cu BÖLUM

Əvvəli: https://lent.az/news/326561

 

Günah və cəza

 

Gülnar üzünü döşəkağı ilə sıxıb, məndən də, Surxaydan da gizlənməyə çalışaraq, hönkür-hönkür ağlayırdı. Heç nə başa düşmürdüm. Nə Gülnarla niyə bir yataqda olduğumuzu, nə Surxayın niyə mənə hücum etməsini... amma saniyələr keçdikcə, beynimdəki duman qatı seyrəldikcə mənzərə tam açıqlığı ilə gözlərimin qarşısında tablo kimi çəkilirdi sanki.

Hər şey nədən başlamışdı? Gülnarla telefon söhbətimizdən. Mən, o məşhur psixoloqun Sənubər haqda danışdıqlarını dəqiqləşdirmək üçün Gülnara zəng etmişdim, o da ağlayıb, Surxayın qapısı ağzında gözlədiyini demişdi. Sonra əlaqə kəsilmişdi və mən narahat olub, onun dalınca gəlmişdim. Qapını özüm məndəki ehtiyat açarla açmışdım və biz içəri keçmişdik. Tofiqin də, Surxayın da evdə olmamasından arxayın olan Gülnar mənə dayımızın onu öz oğluna almaq istəməsindən danışmışdı, hətta çarəsizcəsinə ağlamışdı. Sonra da su istəmişdi və reyhanlı kompot içmişdik...

- Surxay! Dayan gör nə deyirəm! – deyə mən yerdən ayağa qalxıb, dostumu sakitləşdirməyə çalışdım, - Bu oyundur! Vallah, oyundur!

- Nə oyun, ə? – Surxay Gülnarın oturduğu çarpayıya təpik ilişdirdi, - siz mənim evimdə, mənim yatağımdasız e!

- Vallah, oyundur! Heç nədən xəbərimiz olmayıb, heç bilmirəm biz niyə burdayıq, niyə paltarsızıq...

- Ə, dur s..., eşitdin? İkiniz də! Haydı!

Gülnar daha dözə bilməyib, döşəkağını da üstündə tuta-tuta çarpayıdan durdu və yan otağa qaçdı. Mən yenə də Surxaya yaxınlaşıb sakitləşdirməyə çalışdım.

- Surxay... Surxay, bax, anamın canına and olsun, sənlə kəsdiyimiz çörək haqqı, mənim də, Gülnarın da dünyadan xəbərimiz yoxdur! Bizə oyun qurublar, ya da elə sənə, ya Tofiqə, mən nə bilim daha...

- Ə, sən məni dolamısan? Nə oyun? Eşşək boyda adamlarsız, soyunub girmisiz yatağa, sevişmisiz, hələ bir özünüzü təmizə də çıxarırsız ki, oyundu? Oyun quranda adamı soyundurub sevişdirirlər? Adamın bəkarətini aldırırlar? Hə? Doğma xalası qızının? Hə?

- Nə bəkarət? – key kimi onun üzünə və sonra da baxdığı səmtə baxdım.

Yatağın ortasında kiçik qan ləkələri açıq-aydın bizə meydan oxuyurdu.

Həmin anlarda ürəyim dayanmadısa, demək mən ya həddindən artıq güclü, ya da həddindən artıq həyasız adam imişəm...

- Tfu! – Surxay mənim üzümə tüpürüb qonşu otağa keçdi, oradan da dəhlizə sarı addmıladığını, evdən çıxıb, qapını çırpmasını eşitdim.

- Gülnar! – deyib, yan otağa keçdim, amma qız orada yox idi.

Hamam otağından su səsi gəlirdi.

Mən Gülnarın və özümün otaqlar boyu səpələnmiş paltarlarımızı yığışdırmağa və ayırmağa başladım. Sonra özümünküləri geyindim, Gülnarınkıları isə divanın üstünə qoyub, hamamın qapısına yaxınlaşdım.

- Gülnar, eşidirsən məni? Gülnar!

- Rədd ol! – hönkürdü yenə.

- Mən çıxıram, aşağıda səni gözləyəcəm. Paltarların divanın...

- Rədd ooool! – var gücüylə bağırdı.

Əllərim əsə-əsə qapını açıb, həyətə düşdüm. Maşınıma çatana qədər gözlərim hər tərəfdə Surxayı axtardı. Amma yox idi.

Səkinin bir qırağında yerə çömbəlib, başımı əllərimin arasına aldım və hər şeyi yenidən yada salıb, analiz etməyə çalışdım. Mən, məşhur psixoloq, Sənubər haqda söhbət, mənim Gülnarla görüşmək, danışmaq istəyim, onun ağlaması, zorla ərə verilir deyə Surxaya pənah aparması...

Dayan, dayan, axı mənim tanıdığım Gülnar bu qədər zəif, ağlağan, çarəsiz qız deyildi?! Mənim tanıdığım Gülnarı bu dünyada heç kəs nəinki zorla ərə verə bilərdi, hətta onun yanında başqa bir qızı zorla ərə vermək mümkün olmazdı. Ağlamaq, kömək istəmək, qorxmaq... bu, Gülnar idimi?

Qorxmaq? Kimdən? Onu öz oğlu üçün almaq istəyən dayımızdanmı qorxurdu Gülnar? Ya dayımız oğlundanmı? Heç inanmağım gəlmirdi. Amma o, dəqiq qorxmuşdu. Gülnarı bu gün idarə eləyən tək qüvvə qorxu hissi idi. Amma kimdən? Nədən? Doğrudanmı Sənubərin qətlindən sonra bu qız dəyişmişdi, mən bilmirdim? Fakt isə dəhşətli idi. Biz mənim dostum, Gülnarınsa sevdiyi olan Surxayın evində sevişmişdik. Üstəlik çarpayıdakı qan ləkəsi...

Beynimdə nəsə cingildədi sanki və mən tamamilə ayıldım.

Biz nə etmişdiksə, daha doğrusu, bizə nə olmuşdusa, o reyhanlı kompotdan sonra olmuşdu. O kompotu kim hazırlamışdı, kimin üçün hazırlamışdı, içinə nə əlavə edilmişdi... bax bunu öyrənmək lazım idi.

Gülnarın artıq geyinmiş olacağını fikrimdə hesablayıb, birnəfəsə yuxarı qalxdım, qapını döyüb, gözləmədən açdım və qonaq otağındakı jurnal masasının üstündəki dolçaya sarı cumdum. Onu götürüb, Gülnarın nə etdiyi ilə maraqlanmadan belə, aşağı qaçdım. Dolçada qalmış kompotun dağılmaması üçün olduqca ehtiyatla maşına mindim və laboratoriyaya yollandım.

***

Sonrakı hadisələr olduqca sürətlə baş verdi və ard-arda düzüldü.

Laboratoriyanın cavabı birmənalı idi: kompotda heç bir uyuşdurucu maddə aşkarlanmamışdı. Gülnar evlərinə gedib, çoxlu dərman içməyə, gah binanın üstünə çıxıb intihar etməyə, gah damarlarını doğramağa cəhd etmişdi. Surxay, ümumiyyətlə, şəhərdən yoxa çıxmışdı, telefon nömrələrinə də zəng çatmırdı, görünür, onları dəyişmişdi. Tofiq, bu baş verənlərdə Surxayın tərəfində olduğunu bildirmiş, “dostlarına xəyanət eləməkdə tayın-bərabərin yoxdu, heç olmasa, xalan qızına yiyə çıx” demiş və bir daha zənglərimə cavab verməmişdi. Anam, xalam, digər qohumlarımız öz aralarında nə üçünsə ancaq mənim və Gülnarın barəsində danışmağa başlamışdılar, məsələn, anamın dəmir məntiqinə əsasən, Gülnarın dayımız oğluna ərə getmək istəməməsinin tək səbəbi mənə aşiq olması idi. Və artıq dayıoğlu söhbəti gündəmi tərk etmiş, mənimlə Gülnarın mümkün ola biləcək nişan məsələsi ortalığı başına götürmüşdü.

- Qız səndən ötrü özünü öldürür, görmürsənmi? – anam nəfəs almadan eyni sözləri təkrar edirdi.

- Ana, bu mümkün deyil! Biz Gülnarla bacı-qardaşıq, olmaz! – demişdim və həmin andaca anamın tərs baxışlarında dəhşətli bir mənzərə görmüşdüm: yataqdakı qan ləkəsini.

Bircə Leyladan xəbərim yox idi. Nə deyirdi, nə düşünürdü, ümumiyyətlə, harada idi, bilmirdim. Öz mənzilində qalmadığı qapının dəstəyinə keçirilmiş qaz pulu bildirişinin günlərlə yerindən tərpənməməsindən məlum idi. Telefonuna zəng çatmırdı, görünür, o da nömrəsini dəyişmişdi. Mənim emalatxanama da getməmişdi, yoxsa mütləq ətir qoxusunu, ya nəyinsə yerindən tərpəndiyini mütləq orada hiss edərdim, çünki mən hər gün emalatxanaya gedib, saatlarla oturub fikirləşir, baş verənləri analiz edib bir məntiqli nəticəyə gəlməyə çalışırdım. Belə saatlarda o qırmızı divanın arxasındakı divardan bir cüt göz mənə baxır, gah ittiham edir, gah susub kədərlənir, gah göz yaşı tökürdü.

Yox, mən deyəsən olan-qalan ağlımı da itirmişdim. Bütün bu sarsıntılara bir son vermək lazım idi.

Və mən Gülnargilə getdim.

Onu yataqda, xəstəhal, rəngi, gözləri solmuş, həyatdan hər an getməyə hazır bir halda görüb ikimizin də düşüb korun-korun yanmaqda olduğumuz odun üstünə bumbuz su səpdim.

- Dur! Dur geyin, gedək evlənək! – dedim.

***

Sonra biz ən yaxın qohumlarımızın sevinib oynadığı (dayımın ailəsi xaric), ən yaxın dostlarımızın və rəfiqələrimizin olmadığı bir kiçik toy məclisi düzənlədik və mənim mənzilimdə yaşamağa başladıq. Anam kəndə qayıtdı.

Biz isə bir evin içində, bir-biri ilə heç vaxt göz-gözə baxıb danışmağa da cəsarət etməyən, bir yataqda yatmayan, bir süfrədə oturmayan iki adama döndük. Mən ən yaxın dostlarımdan biri olan xalam qızını itirmişdim, o isə həmişə etibar edib sığındığı xalası oğlunu. Biz indi beş uşaqdan, səkkiz ildən, on bir boşanma cəhdindən sonra bir evin içində iki yad adama dönərək, bir-birinə dözməyə və bir-birinin az qala nə vaxt ölüb gedəcəyini gözləməyə məhkum edilmiş orta statistik bir ailə kimi idik. Sevmədən, sevilmədən, günah edərək sevişməyimizin və sevişməyimizi bizə bağışlamayan milli mentalitetimizin cəzasını çəkirdik. Bu, dözülməz və ağır cəza idi.

Mən işdən bir aylıq istirahət vaxtımı tətil olaraq götürmüşdüm. Lakin bunu Gülnar bilmirdi.

Səhərlər evdən iş adıyla çıxır, axşama kimi kafeləri, barları dolaşır, müxtəlif qadınlarla  tanış olub sevişir, içir, axşamlar ayıq sürücü ilə, ancaq yatmaq üçün evə qayıdırdım.

Gülnar məndən heç nə soruşmur, mənə heç nə demirdi. O, sanki müvəqqəti, ya da ömürlük nəyəsə məhkum olunmuşdu və dinməzcə başını aşağı salıb, məhkumluğunun bitəcəyi günü gözləyirdi. Mənim qarşımda illərlə tanıdığım Gülnar yox, pultla idarə olunan bir robot var idi sanki.

Amma o pult kimin əlində idi, o düymələri kim basırdı?

Bunu bilmək üçün mən hələ nə qədər dözməliydim bu yalançı evlilik həyatıma, bilmirdim.

Lakin hər şey gözlədiyimdən daha tez baş verdi.

O möhtəşəm oyunun ilk mərhələsinin əsas düyünü açılmağa başladı.

Günlərin bir günü...

- Hamiləyəm! – dedi Gülnar.

Və mən o dəhşətli sualımı verdim:

- Kimdən?

Və biz Gülnarla bütün bu müddət ərzində ilk dəfə olaraq bir-birimizin üzünə, gözlərinin içinə baxdıq...

# 4282
avatar

Oxşar yazılar