
“Yataqda yanımda büzüşüb ağlayan çılpaq qadını tanıdım...” – Bulud Qaranın gündəliyi – 28-ci BÖLÜM
Əvvəli: https://lent.az/news/325724
28-ci hissə: Gülnar
Birdən özümü elə aciz və lazımsız hiss etdim ki!
Mən mənə pənah gətirən, çox yəqin ki, həyatındakı və ürəyindəki boşluqların əlində dağılmaqda olan bir qadının hisslərini mənasız saymış, onu əlimin arxası ilə geri itələmişdim. Mən Sənubərin mənə aşiq olmasına peşəkar bir psixoloq kimi yox, adi, sıradan bir kişi kimi yanaşmışdım. Bəlkə də o hissləri mənə yox, bir başqa kişiyə qarşı hiss etdiyini söyləsəydi, mən ona tamam başqa prizmadan baxardım, bəlkə hətta indi Sənubər sağ olardı...
- Yox, bu cür davam etməz e, belə olmaz! – suyun son qurtumunu başına çəkərək canlanan məşhur psixoloq stəkanı masanın üstünə demək olar ki, çırparaq üzümə baxdı.
- Nəyi nəzərdə tutursunuz? Nə davam edə bilməz?
- Bu da, bu! Hər şey! Həyatımız, insanların səhv dünyagörüşləri, televiziya, sayıtlar (o, elə belə də dedi, “sayıtlar”), internet, sosial şəbəkələr...
- Və?
- Məhv edir də bunlar cəmiyyəti. Ailə institutları dağılır, əxlaq dəyərləri itir, qadınlar... siz təsəvvür edirsiz, ölkədə ərinə xəyanət eləməyən qadın yoxdur e! Hamısı internetdə xalxın kişiləri ilə yazışır!
- Hmm... bağışlayın, siz evlisiniz, səhv eləmirəmsə.
- Əlbəttə, evliyəm! Özü də mən mühafizəkar kişiyəm! – o az qaldı ki, yerindən durub mənə bir qapaz da ilişdirsin.
- O zaman qadınlar barəsində danışanda “hamı”, “hamısı” deməyin, ümumiləşdirməyin. İkincisi də ki, bunların bizim söhbətimizə nə dəxli var? – mən mövzunun Sənubərə aid olan tərəfinin yaddan çıxmasını istəmirdim, – siz dediniz ki, o qadın, sizin pasientiniz... hansını ki, əri öldürüb, ya nə idisə... Sənubər.
- Həə, o kolxoz qızı kolxoz. Mənim bütün əsəblərimi dağıtdı, sonra da getdi özünü öldürtdü. İnanırsız, hələ də özümə gələ bilmirəm? Baxın, - o, əllərini mənim gözlərimin qabağında oynatdı, - görün necə əsirəm.
- Sakitləşin, sonra da özünüzü tamamilə mənə buraxın. Bütün problemlərinizi eşitməyə hazıram. Siz mənim burada varlığımı da düşünməyin heç. Elə bilin ki, özünüz özünüzlə söhbət edirsiniz.
- Həə... – o, əllərini sinəsinə sıxıb az qala nazla mənə baxdı, sonra ciddiləşdi, - mən özümü sizin ixtiyarınıza buraxmağa hazıram... necə dediniz onu?.. Hə, tamamilə, tamamilə.
O dedi ki, Sənubər də özünü ona tamamilə buraxıbmış, bütün sirlərini, sarsıntılarını danışıbmış. Hətta əri ola-ola bir cavan subay oğlana aşiq olduğunu da deyibmiş. Məşhur psixoloq söhbətin bu yerinə çatanda mənim boğazım qurudu. Ürəyimin döyüntüsünü eşidə-eşidə indicə bu döyüntülərin arasında öz adımı da eşidəcəyimi dəhşət içərisində gözləməyə başladım. Lakin həmkarım bu barədə heç nə danışmadı. Demək, Sənubər də aşiq olduğu adamın kimliyini ona deməmişdi. Bir anlıq içimdə tipik özünüqoruma instinkti oyandı, dərhal özlüyümdə qərar verdim ki, nə olursa olsun, adım çəkilərsə də, çəkilməzsə də, Sənubərin mənə aşiq olması faktını danacağam. Başqaları cəhənnəm olsun, özüm üçün danacağam bu faktı. Axı şəhər doludur cavan subay adamlarla, niyə əri ilə münasibətləri çat vermiş bir qadının aşiq ola biləcəyi tək adam kimi ağlıma ancaq özüm gəlirdim ki? Bəlkə də başqa biri imiş.
Mən beləcə özümü sakitləşdirib ürəyimin döyüntüsünü qulaqardına vurduğum andaca məşhur psixoloq elə bir cümlə işlətdi ki...
- Qəribə də fantaziyaları vardı. Deyirdi ki, hansısa quldurlar onu üçlükdə zorlayıb, videoya çəkirlərmiş. Özü də bunun sevdiyi adamın evində, onun gözləri qabağında, - birdən başını bulayıb güldü, - dəhşət idi e qadın. Yox bir, üçü birində! Elə də deyirdi videosu çıxıb-filan. Deyirdi, bunları bir siz bilirsiz, əziz doktorum, bir də mənim ən yaxın rəfiqəm var, o bilir. Məncə o, şizofren idi. Bəlkə də heç yerli-dibli sevgilisi filanı yox idi. Axı kim ona tamah salardı? Özü də dəstəylə e!
- Bəsdir!
Hirsimdən və həyəcandan tir-tir əsə-əsə yerimdən qalxıb otaqda var-gəl eləməyə başladım, qarşımda oturub nə olduğunu başa düşməyən həmkarım isə qəribə bir məxluq görürmüş kimi mənə diqqətlə baxa-baxa üzünü turşutdu. Deyəsən, üst-başımdakı rəng ləkələri və səliqəsiz halıma görə narahat olmuşdu. Sakitcə ayağa durub qapıya sarı getdi, astanada dayanıb, qorxa-qorxa mənə baxdı:
- Sizi də o neqativə bulaşdırdım. Məncə dincəlin bir az... ya da saunaya gedin, - qımışdı, - sizi dəvət edə bilərəm, mənim daimi getdiyim bir yer var, cənnət...
- Gedin, xahiş edirəm! – sərt halda deyib pəncərəni açdım və soyuq küləyi sinəmə çəkdim.
***
Sonrakı saatları Sənubəri, onun barəsində hər şeyi bilən o “ən yaxın rəfiqəsi” barədə düşünməklə keçirtdim. Gülnar idimi o rəfiqə? Əlbəttə, başqa kim ola bilərdi? Sənubər psixoloqa mənim barəmdə danışmamışdı, amma Gülnar onun mənə aşiq olduğunu bilirdi, mənim evimdə baş verənlərdən də dolayısı ilə xəbəri vardı. Sehrbazın çəkdiyi və Sənubəri şantaj etdiyi video artıq ortalıqda dolaşa bilməzdi, çünki onun özü artıq həmin videonun tam və ətraflı versiyası ilə şantaj edilirdi. Özü də “ölmüş” arvadı Leyla tərəfindən. İlahi, başımda bütün fikirlər bir-birinə dolaşmışdı yenə. Mən başa düşmürdüm, niyə hələ də məni istintaqa çağırmamışdılar? Niyə bu məşhur psixoloq birdən-birə mənə məhz Sənubərdən danışmağa başlamışdı? Əgər bir gün qabaq mən özüm onun qəbuluna getməsəydim, elə düşünərdim ki, onun bu gün mənim yanıma gəlməsi də kiminsə qurduğu oyundur. Amma kim bilirdi əsl həqiqətdə baş verənləri?
Mən təcili Gülnar ilə görüşməliydim.
Ona zəng etdiyim zaman isə ağlaya-ağlaya Surxayın qapısı ağzında onu gözlədiyini bildirdi. Nə baş verdiyini soruşduğum zaman isə telefon əlaqəsi kəsildi və daha Gülnara zəng çatmadı. Qapıda növbəsini gözləyən pasientlərimdən tez-tələsik üzr istəyərək, onların və katibənin təəccüblü baxışları altında klinikanı tərk etdim.
Maşını necə sürdüm, neçə yerdə qəza şəraiti yaratdım, Surxaya dəfələrlə zəng etsəm də, cavab vermədiyi üçün onu söyə-söyə yaşadığı binaya necə çatdım, bilmirəm. Sürətlə mənzilə sarı qalxdım.
Gülnar qapının ağzında dayanmışdı, artıq ağlamırdı, amma gözləri qıpqırmızı idi, burnunu çəkib məni görən kimi üstümə atılaraq qucaqladı.
- Nə olub, niyə ağlayırsan? – həyəcanla soruşdum.
- Zəhləm gedir hamıdan. Anamdan da, dayıdan da, elə bundan da, - deyə Surxayın qapısını göstərdi.
- Nə olub axı? Gözlə, qapını açım, içəridə danışaq.
- Qapını? Necə? Yoxdu axı, zəng də çatmır, - Gülnar gözlərini silə-silə qapıdan kənara çəkildi.
- Yoxdu, taparıq, - mən qapını açdım və biz içəri keçdik, - biz ehtiyat üçün bir-birimizə açar veririk, mənimki də onda var.
Sonra Gülnar ağlamağının səbəbini danışdı.
Sən demə, mənim anam Bakıya ancaq məni görmək üçün gəlməyibmiş. Sürəyya xanımın qəfildən kənddən şəhərə təşrif buyurmasının daha ciddi səbəbi varmış. Belə ki, mənim və Gülnarın dayımız Səttar Gülnarı özünün Moskvadakı biznesmen oğlu üçün almağa gələcəkmiş. Körpəlikdən göbəkkəsdidir deyə. Dünən hamının mənim mənzilimə toplaşıb şadyanalıq etməsi də buna görəymiş. Gülnar etiraz edəndə mənim anam başda olmaqla, hamı qızın üstünə cumubmuş ki, şəhərdə yaşamağına baxma ha, biz dədə-baba qanunlarıyla hərəkət eləyən tayfayıq, səni basıb-bağlayıb onsuz da aparacağıq, ağlın varsa, xoşluqla gəl.
- Nəə??? – bilmədim gülüm ya hirslənim, - səni o zırrama Elşad üçün? O evli deyildi bəs?
- Rusdu da arvadı.
- Rus adam deyil? Hələ iki uşaqları da var.
- Bizimkiləri bilmirsən? İstəyir on uşağı olsun rusdan, yenə də subay hesab eləyirlər.
- Ay hay! Bəs özü demir bu nə hoqqadı?
- Hoqqa? Özü odey, bizdə! Arsızın yekəsi!
- Dayan görüm... – mən birdən yataq otağından tappıltı eşidib Tofiqi xatırladım, - burda bir zırrama da olmalıdır axı.
Gülnarın təəccüb və qorxu dolu baxışları altında mən yataq otağına keçdim və orada heç kimi görməyib, küləyin çırpıb bağladığı pəncərəni yenidən açdım.
- Yenə qız vardı? – Gülnar əsəbi səslə soruşdu.
- Siz qadınların da dərdi ancaq qız olsun, - güldüm, - ağzımda zırrama deyirəm. Tofiq burda idi, yəqin Surxayla bir yerdə həkimə gediblər.
- Görüm içməyə nə var, - Gülnar mətbəxə keçdi, - başım şişib ağrıdan, səni gördüm, özümə gəldim. İnan, evə getmək də istəmirəm, onların üzünü görmək də. Elə bil mən onlar üçün axmağam, uşağam ya nəyəm... boğazım quruyub e, bir stəkan çay olsaydı...
- Sən ürəyini buz kimi saxla, mən Elşadla da, dayıyla da danışaram, - dedim və divanda oturdum.
- Çay qoya bilmədim, amma dolçada kompot var, deyəsən reyhandı, al, - Gülnar bir əlində dolça, bir əlində iki fincan gəlib yanımda oturdu, fincanlara kompot süzdü...
Və mən daha heç nə xatırlamıram...
Bircə o yadımdadır ki, Surxayın bağırtıları mənzili başına götürmüşdü və o ətrafda olan hər şeyi divarlara çırpıb sındırmışdı, deyəsən.
Mən isə beynim dumanlı halda, nə özümlə, nə ətrafımda baş verənləri anlamayaraq, key-key Surxaya baxırdım.
Haçandan-haçana hiss etdim ki, çılpağam, yataqdayam, yanımda isə bir qadın var. Haçandan-haçana anlamağa başladım ki, yanımda olan qadın da çılpaqdır və nə edəcəyini bilməyərək, döşəkağına bürünüb hönkür-hönkür ağlayır.
- Oğraaaaaaşşşşşşş!!! – Surxay mənim boynumun ardından yapışıb çarpayıdan yerə saldı və böyrümdən bir təpik də ilişdirdi.
Və mən haçandan-haçana yataqda büzüşüb ağlayan qadını tanıya bildim.
O, Gülnar idi...
Oxşar yazılar

Bütün həftəni "qara zolaq"da olacaq BÜRCLƏR
23 iyun 2025 , 00:02
Gözlənilməz lider: Ən uzun boylu insanlar hansı ölkədə yaşayır?
22 iyun 2025 , 17:02
İlin ən güclü maqnit qasırğası XƏBƏRDARLIĞI: İyul ayına qədər davam edəcək
22 iyun 2025 , 16:17
Fəlsəfə doktoru imtahanı keçirildi
22 iyun 2025 , 14:22
ABŞ-ın İrana zərbəsindən sonra Azərbaycanda radiasiya fonunda artım olmayıb
22 iyun 2025 , 13:59
Şüşə butulkaların gözlənilməz təhlükəsi AÇIQLANDI
22 iyun 2025 , 12:29
Axundun qaçırdığı qız DANIŞDI: "Çox xoşbəxtəm" - VİDEO - YENİLƏNİB
22 iyun 2025 , 10:41
Qeyri-sabit hava bu tarixədək davam edəcək
22 iyun 2025 , 10:30