Tarixdə elə hekayələr var ki, onları eşidəndə inana bilmirsiniz. XVIII əsrdə Rusiyada yaşamış Valentina Vasilievanın həyatı da məhz belə hekayələrdəndir. 27 doğuşda 69 uşaq dünyaya gətirdiyi iddia edilən Vasiliyeva, “Ginnessin Rekordlar Kitabı”na görə tarixdə ən çox uşaq dünyaya gətirən ana kimi qeydə alınıb.
Lent.az xəbər verir ki, onun 16 əkiz, 7 üçəm və 4 dördüz doğduğu bildirilir. Bəs bu qeyri-adi hekayə necə ortaya çıxıb?
Dünya tarixinin ən qeyri-adi ailə hekayələrindən biri Rusiyada yaşamış Valentina Vasiliyevaya aiddir. XVIII əsrdə yaşamış və kəndli ailəsinə mənsub olan Vasiliyevanın həyatı bu gün də bir çox insan üçün inanılması çətin olan rəqəmlərlə xatırlanır.

1707-ci ildə doğulub 1782-ci ildə vəfat edən qadının ümumilikdə 27 dəfə doğuş etdiyi qeyd olunur. Lakin bu doğuşların əksəriyyətində tək yox, 2 və daha çox uşaq dünyaya gəlib. Bu doğuşların nəticəsində o, ümumilikdə 69 uşaq sahibi olub. Diqqətçəkən digər məqam isə dünyaya gələn uşaqların böyük hissəsinin sağ qalmasıdır. Dövrün tibbi şəraiti nəzərə alınarsa, bu vəziyyət olduqca qeyri-adi hesab olunur.
Valentinanın həyat yoldaşı Fyodor Vasiliyev də tarixə düşən bu hekayənin mühüm hissəsidir. Şuya bölgəsində yaşayan fermer Fyodor Vasiliyevin iki dəfə evləndiyi deyilir. Vasiliyev ilk həyat yoldaşı Valentina ilə 69 uşaq sahibi olub, ikinci evliliyindən isə 18 uşağı dünyaya gəlib. Beləliklə, o, ümumilikdə 87 uşağın atası kimi tarixə düşüb. Tarixi mənbələrə görə, bu uşaqların böyük əksəriyyəti yetkinlik yaşına qədər yaşaya bilib.
Valentina Vasiliyeva hadisəsi ilk dəfə 27 fevral 1782-ci ildə Moskvaya göndərilən bir hesabatda qeydə alınıb. Nikolsk monastırı tərəfindən təqdim edilən bu sənəddə Şuya bölgəsində yaşayan Fyodor Vasiliyevin böyük ailəsi ətraflı şəkildə təsvir olunurdu. Daha sonra tarixçi və yazıçı İvan Başutski də 1834-cü ildə dərc etdiyi qeydlərdə bu qeyri-adi ailəni təsdiqləyən məlumatlar paylaşıb.
Vasiliyevanın hekayəsi tibb dünyası baxımından hələ də diqqət çəkən və müzakirə olunan nümunələrdən biri olaraq qalır.