Binədə "makler"i yol üstündə  öldürmüşdü: "Barışıqdan söhbət gedə bilməz"
30 oktyabr 2025 16:55 (UTC +04:00)

Binədə "makler"i yol üstündə öldürmüşdü: "Barışıqdan söhbət gedə bilməz"

0

Bakı Ağır Cinayətlər Məhkəməsində Binə qəsəbəsində qətl törətməkdə təqsirləndirilən Maksim Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az-ın məlumatına görə, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə ilk olaraq məhkəmə istintaqının başlanması bildirilib.

Təqsirləndirilən Maksim Əhmədov özünü təqsirli bilmədiyini və ancaq bıçağa görə peşmançılıq keçirdiyini deyib:

"Maşını saxlayıb müştəri gözləyirdim ki, birdən yanımda dayanan maşından "Korsan, görmürsən?" deyə qışqırıq səsi eşitdim. Maşından düşüb gördüm ki, Səbuhi, yanında da atası dayanıb. Atası dedi ki "Keçək yolun o biri tərəfinə, ofisimdə söhbət edək". Mən getmək istəmədim, Səbuhiyə dedim ki, nömrəsini versin, sonra danışaq. Onda atası üstümə cumub məni vurmağa başladı, ağıza alınmayacaq dərəcədə ədəbsiz söyüşlər söyüdü. Dözə bilmədim. Gəldim maşındakıları düşürtdüm ki, aralarında qadın-qız xeylağı var, yaxşı deyil, eşitməsinlər. Bıçaq cibimdə idi. Səlimin üstünə cumanda, məni vurdu. Əsəbdən, həyəcandan halım özümdə deyildi, bıçağı onun sinəsinə sapladım. Onu öldürmək niyyətim yox idi, sadəcə bıçaqla onu qorxudub özümdən uzaqlaşdırmaq istəyirdim, amma o, biədəb söyüşlər söyəndə, dözə bilmədim. Sonra gedib polisə təslim oldum".

Daha sonra təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarını cavablandırıb.

Zərərçəkmişin varisi Sənan Əliyev M.Əhmədovun danışıqlarının 90 faizinin yalan olduğunu, söyüş söyülmədiyini bildirib:

"O, birinci yaxınlaşanda söyüşlə yaxınlaşdı deyə atam onu vurdu. Söyməsə idi, atam onu vurmazdı. Şikayətçiyəm və barışıqdan söhbət belə gedə bilməz".

Daha sonra digər şahid ifadələrinin dinlənilməsi üçün məhkəmə növbəti prosesi 27 noyabr saat 15:00-a təyin edib.

Xatırladaq ki, 2025-ci il aprelin 25-də saat 8 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində baş verib. 52 yaşlı Səlim Əliyevin öldürülməsi barədə Xəzər Rayon Prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla 47 yaşlı Maksim Əhmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Səlim Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Maksim Əhmədov iş üzrə şübhəli şəxs qismində tutulub.

Qeyd edək ki, mərhum Səlim Əliyev Binə qəsəbəsində ev alqı-satqısı ilə məşğul olurmuş.

 

Fərqanə Novruzova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 374

Oxşar yazılar