Bütün  problemləri   unutduracaq 2 serial  – Axşam izləmək üçün ideal seçim
12 oktyabr 2026 11:45 (UTC +04:00)

Bütün problemləri unutduracaq 2 serial – Axşam izləmək üçün ideal seçim

0

Günün yorğunluğunu atmaq, gündəlik qayğılardan uzaqlaşmaq və axşam saatlarını xoş keçirmək istəyənlər üçün maraqlı serial izləmək ən yaxşı seçimlərdən biridir. Xüsusilə insanı yormayan, səmimi münasibətlərdən və həyat hekayələrindən bəhs edən ekran əsərləri istirahət üçün ideal seçim ola bilər.

Lent.az xarici mediaya istinadən axşam saatlarında rahatlanmaq və xoş əhval-ruhiyyə qazanmaq istəyənlər üçün iki maraqlı serial təqdim edir.

“Heartstopper” – “Ürək döyüntüləri”

2022-ci ildə yayımlanmağa başlayan Britaniya istehsalı “Heartstopper” serialı yeniyetməlik dövrü, ilk sevgi, dostluq və böyüməyin çətinliklərindən bəhs edir.

Hadisələr Çarli Sprinq və Nik Nelson adlı iki məktəblinin ətrafında cərəyan edir. Eyni məktəbdə oxusalar da, əvvəlcə bir-birlərini yaxından tanımayan gənclərin həyatı eyni parta arxasında əyləşdikdən sonra dəyişir. Zaman keçdikcə Çarli ilə Nik arasında möhkəm dostluq yaranır. Lakin onların münasibəti tədricən daha dərin hisslərə çevrilir.

Serial gənclərin özlərini tanımaq, hisslərini anlamaq və ətrafdakı insanların münasibəti ilə üzləşmək prosesini təsvir edir.Səmimi dialoqları, emosional səhnələri və ümidverici atmosferi ilə seçilən ekran əsəri romantik hekayələri sevən tamaşaçılar üçün maraqlı seçimdir.

“Anne with an E” – “Enn”

2017–2019-cu illərdə yayımlanan Kanada istehsalı “Anne with an E” serialı yazıçı Lüsi Mod Montqomerinin məşhur “Yaşıl damlı evin Enni” romanı əsasında çəkilib.

Hadisələr XIX əsrin sonlarında Kanadada baş verir. Serialın əsas qəhrəmanı valideynlərini erkən yaşda itirmiş 13 yaşlı Enn adlı qızdır.

Həyatının böyük hissəsini çətin şəraitdə keçirən Enn nəhayət, yeni ailəyə qovuşmaq ümidi ilə bir fermaya göndərilir. Lakin onu qəbul edən ailə əvvəlcə təsərrüfat işlərinə kömək etmək üçün oğlan uşağı götürmək istəyirdi. Bu səbəbdən Enn yeni evində gözlənilməz çətinliklərlə qarşılaşır. Buna baxmayaraq, xəyalpərəstliyi, güclü xarakteri və həyata nikbin baxışı sayəsində tədricən ətrafındakı insanların sevgisini qazanır.

Serial ailə münasibətləri, dostluq, cəmiyyətin qərəzli münasibəti və insanın öz yerini tapmaq uğrunda mübarizəsi kimi mövzulara toxunur. Təbiət mənzərələri, dövrün atmosferi və təsirli həyat hekayəsi “Anne with an E” serialını sakit və duyğusal axşam keçirmək istəyənlər üçün uyğun seçimə çevirir.

Hər iki serial insan münasibətlərinə, dostluğa və həyata ümidlə baxmağa fərqli prizmadan yanaşır. Biri yeniyetmələrin ilk hisslərindən, digəri isə çətinliklərə baxmayaraq arzularından əl çəkməyən bir qızın həyatından bəhs edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 356

Oxşar yazılar