"Gey olduqlarını düşünüb  soymaq qərarına   gəldik" - Quldurluqda təqsirləndirilən şəxs
12 oktyabr 2026 17:20 (UTC +04:00)

"Gey olduqlarını düşünüb soymaq qərarına gəldik" - Quldurluqda təqsirləndirilən şəxs

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə vətəndaşa qarşı quldurluq etməkdə təqsirləndirilən bir qrup şəxsin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə təqsirləndirilən şəxslərdən V.Ş.nin  ifadəsi ilə davam edib:

"Bu olanların heç biri ittiham aktında yazıldığı kimi əvvəlcədən planlaşdırılmış şəkildə olmayıb. Orada yazılanların çox hissəsi düz deyil, ad günümü belə düzgün qeyd etməyiblər. Həmin gün oktyabr ayının 23-ü idi.

Adil, İlkin və mən qərarlaşdırdıq ki, şəhərə istirahət etməyə gedək. Gecə 2-3 idi. Şəhərə çatanda bizə bir neçə dostlarımız da qoşuldu. Bir bara girdik. İçkilərin qiymətinin baha olduğunu görüb oradan çıxdıq. Parkda gəzişirdik. Orada qəribə, əcaib görünüşlü adamlar gəzirdilər.

Adil dedi ki, bunlar geylərdir və təklif etdi ki, birini soyaq. Sonradan adının Pərviz Qasımov olduğunu öyrəndiyim birini sinəsindən tutub saxladıq və nə qədər pulu olduğunu soruşduq. Dostlarımızdan F.R də yaxınlaşıb onu vurdu və çantasını ondan aldı. Sonra İlkin çantadan pul kisəsini çıxarıb  Adilə verdi. Mən davadan aralı olmuşam; Pərvizi nə vurmuşam, nə də pulunu çıxarmışam. Qasımovu daha sonra müstəntiqin otağında gördüm. O digərlərini tanısa da, məni tanımadı. İçəridə olan zərərçəkənin anası əsəbindən  ardımca nə isə atıb məni söydü".

Növbəti proses noyabrın 2-i saat 14:30-a təyin olunub.

Xatırladaq ki, hadisə 2025-ci il oktyabrın 25-də Bakı şəhərinin Nəsimi rayonu ərazisində baş verib. 

İttihamda qeyd olunur ki,  İlkin Əhmədzadə, Adil Mustafazadə, İntiqam adlı şəxs və yetkinlik yaşına çatmayan şəxslər -  V.Ş. və F.R. Pərviz Qasımova yaxınlaşaraq, birlikdə təpik və yumruq zərbələri endirərək, ona ağır bədən  xəsarətləri yetiriblər.

İlkin Əhmədzadə özündə olan bıçağı P.Qasımovun boyununa dayayaraq, onun  əl çantasından 480 manat nağd pulu, siqaret qutusunu və alışqanını, bank kartını götürüb.
Faktla bağlı cinayət işi başlanılıb, təqsirləndirilən  şəxslərə Cinayət Məcəlləsinin 170.3 (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə) 181.2.1​ (quldurluq əməlinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi) 181.2.5 (quldurluq əməlinin silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilməsi) maddələri ilə cinayət işi başlanıb, barələrində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar