765
13:19
16 Oktyabr 2019

Fuad Qəhrəmanlıya CİNAYƏT İŞİ açıldı - SƏBƏB

Bu ilin sentyabr ayında Abşeron rayon sakini Qəhrəmanlı Fuad Əli oğlunun yetkinlik yaşına çatmayan qızları Sənay və Selcan Qəhramanlıya, eləcə də arvadı Zümrüd Qəhrəmanlıya qarşı zorakılıq edərək onlara iztirablar verməsi barədə Selcan Qəhrəmanlının sosial şəbəkə hesabında və kütləvi informasiya vasitələrində yayılan məlumatlar geniş ictimai rezonansa səbəb olub.
Lent.az -a bu haqda Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, məlumatda Fuad Qəhramanlının təxminən 40 dəfə öz ailəsinə qarşı zorakı hərəkətlər etməsi qeyd edilib.
Həmçinin, Zümrüd Qəhrəmanlı “YouTube”da yerləşdirilən müsahibəsində əri Fuad Qəhrəmanlının 2010-cu ildə ağır şüşə stəkanla azyaşlı qızı Sənayın dizini sındırdığını, 2013-cü ilin yayında onun barmağını sındırdığını, 2015-ci ilin noyabrında isə ona digər xəsarətlər yetirdiyini, azadlıqda, hətta həbsdə olarkən belə onlara qarşı psixi iztirablar verdiyini bildirib. Z.Qəhrəmanlı qızı Sənayın xəsarətlərini təsdiq edən sənədlərin və fotoşəkillərin olduğunu qeyd etmiş, həmin hadisələrdən Fuad Qəhrəmanlının təmsil olunduğu partiyanın sədri Əli Kərimli və rəhbərliyində təmsil olunan digərlərinin məlumatlı olmasına baxmayaraq onlar tərəfindən bu şiddətin qarşısının alınması üçün heç bir tədbir görülməməsi, yol verilmiş məişət zorakılığının üstünün ört-basdır edilməsinə cəhd göstərilməsi barədə məlumat verib.
Bundan başqa “facebook” sosial şəbəkəsində Gülnarə Mehdiyeva adlı jurnalist Zümrüd Qəhrəmanlının bədəni üzərində zorakılığın izlərini göstərən fotoşəkillər paylaşıb və Fuad Qəhrəmalının qızları ilə söhbət zamanı ataları tərəfindən uzun illər ərzində onlara və analarına qarşı olunan zorakılığı etiraf etdiklərinə dair məlumat yayıb.
Həmin faktla bağlı respublikada fəaliyyət göstərən bir sıra ailə, qadın və uşaq problemləri üzrə qeyri-hökumət təşkilatlarının sədrləri birgə bəyanat yayaraq, öz ailə üzvlərini fiziki və psixi iztirablara məruz qoyub, onlara əzab verən Fuad Qəhrəmanlı barədə ciddi tədbir görülməsini bildiriblər.
Törədilmiş cinayətin azyaşlı və köməksiz vəziyyətdə olan şəxs barəsində törədilməsi xüsusatı nəzərə alınaraq cinayət prosessual qanunvericiliyinin tələbləri əsas götürülməklə Baş Prokurorluqda müvafiq araşdırma aparılıb.
Araşdırma zamanı Bakı şəhəri Kliniki Tibbi Mərkəzin qeydiyyat jurnallarına baxış protokolu, təqdim olunmuş sənədlər, izahatlar və digər sübutlarla müəyyən edilmişdir ki, 2004-cü il təvəllüdlü Sənay Qəhrəmanlı 2010-cu ilin yanvarında sağ diz nahiyyəsində travmatik çat (natamam sınıq), travmatik zədə yerində su yığılması və şişkinliklə bağlı müayinə və müalicə olunub, ona tibbi yardım göstərilib. Sənay Qəhrəmanlı 2018-ci il sentyabrın 26-da təkrarən sağ diz nahiyyəsində müayinə olunma zərurəti ilə bağlı həmin xəstəxanaya müraciət etmiş və aşağı ətrafların rentgen müayinəsi keçirilib.
Göstərilən faktların tam, hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 133.2.1 (iki və ya daha çox şəxsə qarşı döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddələri ilə cinayət işi başlanıb.