289
14:12
30 Sentyabr 2019

Azərbaycanın ildən-ilə azalan su ehtiyatları - PROBLEM

Araşdırmalara görə 2025-ci ilə dünyanın 1,4 mlrd. əhalisi olan 45 ölkədə adambaşına 1000 m3 -dən az su düşəcək. Dünya əhalisinin dörddə üçü qədəri təxminən 100 ölkədə suyun qıtlığı yaranacaq. Əgər təsərrüfatın idarə olunmasının mövcud üsulları dəyişilməsə suyun keyfiyyətinin pisləşməsi davam edəcək və vəziyyət daha da mürəkkəbləşəcək.

Dünyanın bütün mənbələrindən bir ildə götürülən suyun miqdarı 4000 km3 təşkil edir.

Azərbaycanın da su ehtiyatları digər təbii ehtiyatlarına nisbətən azdır. Belə ki, ölkəmiz su ehtiyatlarına görə dünyanın aztəminatlı ölkələri sırasına daxildir. Bəs iqlim dəyişmələri su ehtiyatlarına mənfi təsir edirmi? Ümumiyyətlə Azərbaycanın su ehtiyatları hansı səviyyədədir və sudan səmərli istifadə üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı coğrafiya elmlər doktoru, professor Rza Mahmudov Lent.az -a verdiyi açıqlamada bildirib ki, müasir iqlim dəyişmələri Azərbaycanın da su ehtiyatlarına təsir göstərir. Professorun sözlərinə görə, Azərbaycanın su ehtiyatları 28-30, bəzi illərdə 34 kub kilometrə qədər dəyişir. Bunun da 70 faizə qədəri transsərhəd çay suyu hesabına, çox az faizi ölkəmizin ərazisində formalaşır. Aparılan tədqiqatlar göstərir ki, iqlim dəyişmələri bütün ətraf mühitə, o cümlədən çayların axımına, su ehtiyatlarının paylanmasına, rejiminə ciddi təsir göstərir. Dünyada olduğu kimi bizim ölkədə də qar-su ehtiyatı azalır və çayların axım rejimində dəyişkənlik baş verir”.

R.Mahmudov bildirib ki, onsuz da aztəminatlı ölkəmizdə su ehtiyatından optimal istifadə hər birimizin diqqət mərkəzində olmalıdır: “Hesablamalara görə, bu gün Azərbaycanın su ehtiyatları 8-10 faizə qədər azalır. İllik axımda qış dövrünün payı artır, yaz-yay daşqın və gursu axımları azalmağa başlayır. Temperatur artımı hövzələrdə olan qar ehtiyatını azaldır. Hansıki qar-su ehtiyatı özünün axımını yaz dövründə verməlidir. Temperaturun artması hesabına axımını qışda verir. Eyni zamanda, bu proses yazda daşqın dövrünün davamiyyətini, həcmini azaldır. Müvafiq qurumlar, təşkilatlar tərəfindən ölkənin çay-su ehtiyatlarından səmərli istifadə məsələsi ilə bağlı işlər görülür. Son dövürlərdə respublikada su anbarlarının tikintisi, su təminatı, sudan səmərəli istifadə, xüsusilə kənd təsərrüfatı sistemində sudan səmərli istifadə gündəmdə duran məsələlərdən biridir. Amma təbii olaraq çay-su ehtiyatlarını hansısa formada artıra bilmərik. Çay sularından düzgün istifadə ən vacib məsələlərdəndir”.

Müsahibimiz əlavə edib ki, Azərbaycanın su ehtiyatlarından istifadə məsələsi yenidən hesablanmalı və müəyyənləşdirilməlidir: “Əhaliyə görə sudan istifadə, onun paylanması gündəmdə olan məsələlərdir. Amma bu hesablamalar mövcud su ehtiyatını artıra bilməz. Azərbaycanda adambaşına düşən su ehtiyatı Gürcüstandan 7,7 dəfə, Ermənistandan isə 2,2 dəfə azdır. Adambaşına düşən su ehtiyatı Rusiyaya nisbətən iki dəfə aşağıdır.

Əgər iqlim dəyişmələrində əks-proses baş verməzsə, hazırkı şəraitdə azalmağa doğru gedir. Azərbaycan əhalisinin su ilə təminatı hələ ki, elə qorxulu həddə deyil. Amam istənilən halda hər bir vətəndaş su ehtiyatlarından səmərəli istifadə etməyə məhkumdur”.