265
08:28
26 Sentyabr 2019

"Boeing" İndoneziyadakı təyyarə qəzası ilə əlaqədar hər məhkəmə iddiası üçün 1,2 milyon dollar ödəyəcək

“Boeing” şirkəti İndoneziyanın “Lion Air” aviaşirkətinə məxsus “737 MAX” tipli sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı ilk məhkəməni həll edib və hadisə qurbanlarının ailələrinə hər iddia üçün ən azı 1,2 milyon dollar ödəməyi öhdəliyinə götürüb.

APA xəbər verir ki, bu barədə "Reuters" özəl mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, “Boeing” irəli sürülən 17 iddianın 11-ni həll edə bilib. Eyni zamanda, vəkillərin sözlərinə görə, şirkət iddiaçılarla barışıq müqavilələri bağlamaqda öz məsuliyyətini tanımayıb.

Qeyd edək ki, “Lion Air” şirkətinə məxsus “Boeing 737 MAX” tipli təyyarə 29 oktyabr 2018-ci il tarixində Yava dənizinə düşüb, nəticədə 189 nəfər ölüb. “Boeing” rəhbərliyi təyyarənin göyərtəsində manevr qabiliyyətinin yaxşılaşdırılması sistemində nasazlığın olduğunu etiraf edib. Bundan sonra bir çox ölkə, o cümlədən Rusiya, ABŞ və Avropa Birliyi təhlükəsizlik səbəbindən bu seriyalı təyyarələrin istismarını dayandırıb.