Sosial mediada fenomenə çevrilən kənd müəllimi: <span style="color:red;">“Dərsləri oyuna belə çevirirəm”
17 sentyabr 2019 11:45 (UTC +04:00)

Sosial mediada fenomenə çevrilən kənd müəllimi: “Dərsləri oyuna belə çevirirəm”

Son illər sosial mediada uğur və fərqlilikləri ilə diqqət çəkən müəllimlər arasında kənd orta məktəblərində çalışanların sayı çoxdur. Onlardan biri də hər kəsin rəğbətini qazanan və yerli mediada marağa səbəb olan Ehtiram Safquliyev və onun dərs metodlarıdır.

O,  keçdiyi dərslərdən maraqlı məqamları “Youtube” hesabına yerləşdirir. Onun ən çox diqqətçəkən videosu isə şagirdlərini iki sıraya düzərək, onlara sual verməsidir. Videoda cavabı daha tez tapan bir komandaya, digəri isə başqa komandaya keçir. Sual-cavab şəklində qurulan dərsdə hər uşaq fərdi yarışır və qalib gələn şagird hər hansı bir mükafat və ya şagirdlərin alqışları ilə qarşılanır.

Lent.az gənc müəllimlə müsahibəni təqdim edir:

HAŞİYƏ: Safquliyev Ehtiram Nadir oğlu 1993-cü il noyabr ayının 3-də Zaqatala rayonu, Muğanlı kəndində anadan olub. 2011-ci ildə Muğanlı kənd tam orta məktəbini  bitirib. Elə həmin il 508 bal toplayaraq Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin coğrafiya müəllimliyi ixtisasına qəbul  olub. E.Safquliyev 2016-cı ildə hərbi xidmətini başa vurub və 2016-2018-ci illərdə Geomorfologiya ixtisası üzrə BDU-nun magistratura pilləsində təhsilini davam etdirib.

Gənc müəllim 2017-ci ilin avqust ayında Təhsil Nazirliyinin keçirdiyi Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanından 52 bal toplayaraq Zaqatala rayonu, Üçüncü Tala kənd  tam orta məktəbində müəllim işləmək hüququ  qazanıb. Artıq 2 ildir həmin məktəbdə işləyir.

- Ehtiram müəllim, topladığınız bal əslində digər şəhər və rayonlarda da işləməyinizə imkan yaradırdı. Maraqlıdır, nə üçün məhz Zaqatalada kənd orta məktəbini seçdiniz?

- İmtahana getdiyim il Zaqatalada vakansiya olmasaydı, başqa rayonları da seçməyi düşünmüşdüm. Amma elə oldu ki, Zaqatala üçün vakansiya verildi və mən o yeri qazandım. Öz rayonuma bağlı insanam, ona görə öyrəndiklərimi məhz burada tətbiq etmək istədim. Şükürlər, buna nail oldum. Eyni zamanda, düşünürdüm ki, rayonumuzda təhsilin inkişafına mən də bacardığım qədər töhfə verə bilərəm. Bu duyğu və düşüncə ilə gəlib buralara çatdım. Kənd yerini seçməkdə məqsədim o yerlərdə bizlərə, gənclərə ehtiyacın daha çox olmasıdır.

Hiss edirəm ki, gənclər getdiyi yerlərə yeni nəfəs gətirir, fərqlilik yaradır. Mən də kənd məktəbinə nə isə maraqlı işlər görəcəyimi, fərqli bir ab-hava yaradacağımı düşünərək getmişdim. Bir sözlə, bu təhsil ocağına hər hansı bir işimlə töhfə verə biləcəyimi düşünmüşdüm.

- Keçdiyiniz maraqlı dərslərin videoları bir müddət sosial şəbəkələrdə tez-tez paylaşıldı və bununla daha çox ictimaiyyət arasında tanındınız. Maraqlıdır, yeni dərs ilində bu dərsləri davam etdirəcəksiniz?

- Müəllim kimi dərslərimi hər zaman interaktiv üsullarla keçməyə çalışıram. Çox zaman fərqli, oyun-dərs metodlarına istinad edirəm. Bu həm mənim, həm də məndən də çox şagirdlərimin xoşuna gəlir. Şagird olduğum zamanlarda bu cür vəziyyətin olmasını arzulayırdım. Amma bizim dövrümüzdə mümkün deyildi. İndi özüm müəlliməm və istəyirəm ki, yaşamadıqlarımı şagirdlərim də yaşasın. İstəyirəm ki, onların dərs saatları əyləncəli və yüksək əhval-ruhiyyədə keçsin. Bu fikirlər məni fərqli dərslər keçməyə vadar edir. Oyun-dərslərimi, əlbəttə, davam etdirəcəyəm. Bunu tez-tez deyil, fasilələrlə edirik, çünki şagirdlər bundan sıxıla bilər. Hər dərsdə fərqli üsullardan istifadə edirik ki, daha maraqlı alınsın.

- Yeni dərs ilində tətbiq edəcəyiniz yeni ideyalarınız var?

- İdeyalarım hər zaman həm dərslə bağlı, həm də dərsdənkənar vaxtlarda çox olur. Artıq bir neçə könüllü təlimçilərlə əlaqə saxlamışam, onları məktəbimizə dəvət etmək fikrim var. Onların şagirdlərimizə ixtisas seçimi ilə bağlı kömək etməyini, yol göstərməyini istəyirəm.

Eyni zamanda, yeni və maraqlı dərs metodları ilə bağlı da daim axtarışdayam. Bunlarla yanaşı, şagirdlərimlə ekskursiya üçün də yeni marşrutlar fikirləşmişəm. Əminəm, bu dərs ilimiz çox maraqlı və əyləncəli keçəcək.

- Sizcə, kənd müəllimi ilə şəhər müəlliminin hansı fərqləri var? Bu sual kənd məktəblisi ilə şəhər məktəblisi arasındakı fərqlərə də aiddir...

- Bəlkə də haradasa istisnalar var, amma düşünürəm ki, şəhər müəllimləri kənd müəllimlərindən daha çox inkişaf ediblər. Kənd müəllimlərinin problemləri, qayğıları daha çox olur. Onlar öz problemlərini həll etməklə yanaşı, tədrisə də vaxt çatdırmalıdırlar. Düzdür, şəhərdə çalışan müəllimlərin də qayğıları olur, amma kənd müəllimləri qədər deyil. Onlar özlərini inkişaf etdirmək, dünyaya açılmaq üçün daha böyük imkanlara malikdirlər. Bunlar həmçinin şəhər və kənd məktəblisi üçün də keçərlidir. Şəhər məktəblərində şagirdlərin qəbul faizləri hər zaman yüksək olur, onların arasında rəqabət yüksəkdir. Ancaq təəssüf ki, kənd məktəblərində belə olmur.

- Necə düşünürsünüz, uşaqlarda ixtisasınıza maraq və sevgi yarada bilirsinizmi? Həmçinin, onlar arasında güvəndiyiniz və gələcəyinə inandığınız davamçılarınız varmı?

- Aşağı siniflərimdə coğrafiyaya maraq böyükdür. Hətta xəritənin qabağından ayrılmayan şagirdlərim də olur. Video çarxlardan, əyani vəsaitlərdən istifadə etməklə onlarda maraq oyatmağa çalışıram. Şagirdlərim daha çox kosmosla, planetlərlə, xarici ölkələrlə bağlı olan mövzuları daha diqqətlə öyrənirlər. Bu mövzulardan daha çox suallar verirlər. Gələcəkdə coğrafiya üzrə təhsil almaq istəyən şagirdlərim də var. Onların gələcəkdə təhsilimizə çox böyük töhfələr verəcəyinə inanıram.

- Hazırda çalışdığınız məktəbdə şəraitiniz necədir? Kənddəki məktəblərin hansı çətinlikləri olur?

- Tədris üçün məktəbimizin şəraiti normaldır. Dərslik və dərs vəsaitləri ilə tam təmin olunur. Ciddi çətinliyimiz yoxdur, hərdən xırda çatışmazlıqlar olur, onları tez həll etməyə çalışırıq. Gələcəkdə məktəbimizin əsaslı təmiri, həmçinin mavi yanacaqla təmin ediləcəyi də gözlənilir. 

Şəhər məktəbləri ilə müqayisədə kənd məktəblərinin şəraiti daha zəifdir. Bura ən əsas müasir avadanlıqlardan istifadə daxildir. Amma gələcəkdə bu fərqlərin azalacağına inanıram, çünki bu istiqamətdə işlər aparılır.

- Uşaqların dərsə həvəsləri necə, sizi qane edirmi? Onların davamiyyəti necə olur?

- Davamiyyət hər zaman yüksək olur. Buna bizimlə yanaşı, rəhbərlik də ciddi nəzarət edir. Hətta dərsə gəlməyən şagird olanda, vaxt tapıb onun evinə belə gedib səbəbi ilə maraqlanırıq.

Dərsə həvəslə bağlı onu deyim ki, bunun bütün şagirdlərdə eyni və yüksək səviyyədə olması mümkün deyil. Hər sinifdə təxminən 5-10 şagirdin dərsə marağı daha aşağı olur. Hər bir müəllim çalışıb daha çox həmin şagirdlərlə işləməli, həvəs yaratmalıdır.

- Gələcək planlarınız nələrdir?

- Qarşıdakı illərdə nələrin baş verəcəyini deyə bilmərəm, amma hələ müəllim işləməkdə davam edəcəyəm. Əlbəttə, özümü inkişaf etdirmək şərti ilə. Kim bilir, bəlkə gələcəkdə direktor müavini, direktor və ya daha yüksək vəzifələrə iddiam oldu. Hazırda növbəti illərdə də yenilikləri öyrənərək məktəbimizdə tətbiq etməyi planlaşdırıram.

- Son olaraq, hamı üçün fərqli olan “əsl müəllim” anlayışından danışaq. Sizcə, bu anlayışın izahı necə olmalıdır?

- Mənim üçün əsl müəllim daim çalışaraq, özünü inkişaf etdirən, şagirdləri üçün əlindən gələni edən, onların uğuruna sevinən, sözü ilə əməlləri üst-üstə düşən, danışığı, davranışı, geyimi və savadı ilə fərqlənən insandır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2621

Oxşar yazılar