719
14:46
03 Sentyabr 2019

Bir məktəbli səbəti üçün nə qədər pul lazımdır? - YARMARKADAN REPORTAJ

Yeni tədris ilinin başlamasına 2 həftədən də az qalıb.
Bununla bağlı artıq Bakı Şəhər Ticarət və Xidmət Departamenti yarmarka çadırları metronun “Nəriman Nərimanov”, “Gənclik”, “Koroğlu”, “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar Dostluğu”, “Əhmədli”, “Azadlıq prospekti”, “Memar Əcəmi”, “İnşaatçılar”, “Elmlər Akademiyası”, “Nizami” stansiyalarının qarşısında və ümumilikdə 19 yerdə quraşdırıb.
Məktəblilər üçün alış-verişə başlamalı olan valideynləri narahat edən əsas məsələ isə qiymətlərdir.
Lent.az -ın əməkdaşı məktəbli səbəti üçün nə qədər məbləğin lazım olduğunu müəyyənləşdirmək üçün yarmarkaların bir neçəsinə baş çəkib.
“Demək olar ki, buradakı qiymətlər Sədərəkdəkilərlə eynidir”.
Satıcı Sübhan deyir ki, insanlar yarmarkadakı qiymətləri öyrənib, müqayisə etdikdən sonra yenidən qayıdırlar:
“Həqiqətən də qiymətlər çox aşağıdır. Bazardakı, marketlərdəki qiymətlərlə fərqlər ciddi şəkildə hiss edilir. Ancaq Sədərəkdəkilərlə bizim qiymətlər eyni ola bilər, bu da ora getmək üçün yol xərci, yorğunluq, əlavə vaxt itkisi olur. Bütün bunlar nəzərə alınaraq, metro yaxınlıqlarında yarmarkalar yaradılıb ki, hamı üçün sərfəli və rahat olsun”.
“Keçən illə müqayisədə elə də fərq yoxdur”.
Digər satıcı Yusif isə bildirir ki, yarmarkanın ilk günlərində satış az olsa da, artıq maraq çoxalıb:
“Hazırda satış yaxşıdır. Bizim yaxşı satışımız dərs ilinin başlamasına 5 gün qalanda olur. Onda demək olar ki, burada boş yer tapılmır.
Onu da deyim ki, keçən illə müqayisədə qiymətlər azalıb. Məsələn, dəftərlər keçən il daha baha idi. İndi isə düşünürəm ki, əhalinin hər təbəqəsinə uyğun olan qiymətlər var. Məsələn, bir məktəbli üçün çanta ilə birlikdə ləvazimatlar 50-80 manat arası tuta bilir. Valideynlərin istəklərindən asılı olaraq bu qiymətlər dəyişir”.
Məktəb üçün ləvazimatlar alan valideynlərin əksəriyyəti isə qiymətlərdən razıdır.
“Bu il övladım ilk dəfə məktəbə gedəcək”.
Bu sözləri alıcı Gülarə xanım deyir. O bildirir ki, oğlunun məktəbə həvəsini artırmaq üçün istədiklərini almağa çalışır:
“Bağçaya getmədiyindən bir az narahatam. Ona görə də istəyirəm, istədiklərini özü seçsin, ondan istifadə etmək üçün isə məktəbə marağı yaransın. Məktəb alış-verişini isə təkcə buradan etməyəcəm, hələ ki baxıb seçim etməyə çalışırıq. Ancaq qiymətlər burada digərlərindən aşağıdır”.
“Mənim üçün sentyabr ayı hər il çətinliklə keçir”
Bu sözləri isə alıcı İlahə xanım bildirir. O deyir ki, 3 övladı məktəblidir, onlardan biri artıq 10-cu sinfə keçəcək:
“Onun hazırlıqları artıq başlayıb. Hazırlıqlara görə əvvəlki illərdən də artıq ləvazimatlar alıram. Keçən il də ləvazimatları buradan almışdım. 3 övladıma birlikdə aldığım üçün buradakı qiymətlərlə, digərdəkilərdəki fərq mənim üçün çox olur. Təxminən büdcəm sırf ləvazimatlarla bağlı 150 manatdır, çanta və geyimlərə isə bir neçə gün sonra baxacağıq”.
Alıcılar arasında alış-veriş üçün gələn ailələr də var.
Alıcı Tural bəy bildirir ki, artıq ikinci ildir ki, ləvazimatlar almaq üçün yarmarkaya baş çəkir:
“Bir qızım və bir oğlum olduğu üçün bu bizim vaxtımızı çox alır. Qızım bəzəkli, düzəkli dəftərlərə, qələmlərə, oğlum isə avtomobil şəkilli olanları həmişə alır. Qiymətlər isə qənaətbəxşdir”.
İndi isə keçək məktəbli yarmarkalarındakı qiymətlərə:
Dəftər - 12 vərəq (0.08 qəpik), 20 vərəq (0.20 qəpik), 40 vərəq (0.35 qəpik), 60 vərəq (0.53 qəpik), 100 vərəq (0.65 qəpik);
Qələm - 0.20 - 3 manat;
Pozan - 0.20 qəpik - 1.50 manat;
Xətkeş - 0.30 qəpik – 2.50 manat;
Sadə qələm - 0.15 qəpik - 1 manat;
Rəngli qələm - 2 - 12 manat;
Say çubuğu - 1 manat - 13 manat;
Dəftər üzləri - 0.25 qəpik - 0.50 qəpik;
Penal - 3 manat - 11 manat;
Plastilin - 2 manat - 9 manat;
Yapışdırıcı - 0.30 qəpik - 1.50 manat;
Qayçı - 0.70 qəpik - 3.20 manat;
Rəsm albomu - 0.60 qəpik - 5 manat;
Rəngli kağızlar - 0.80 qəpik - 3.50 manat;
Su qabı 4 - 15 manat;
Yemək qabı 6 - 16 manat aralığında dəyişir;
Sumkalar isə 15 - 35 manat aralığında dəyişir.
Məktəbli formalarına gəldikdə isə bildirək ki, hazırda bazarda Türkiyə və Çindən, eləcə də yerli istehsal olan məktəbli geyimləri ilə yanaşı, Bakı Tikiş Evinin (BTE) tikərək satdığı məktəbli formaları da var.
Formaların qiymətləri ilə bağlı saytımıza açıqlama verən Bakı Tikiş Evinin satış şöbəsinin rəisi Etibar Əzimov bildirib ki, 1-6-cı siniflərin məktəbli formasının qiyməti 40 manat, 7-11-ci sinif şagirdləri üçün 46 manatdır. Bu dəstə pencək, şalvar və yaxud pencək, ətək daxildir.
Bazarda olan məktəbli geyimlərinin qiymətləri isə qızlar üçün 33 - 45 manat, oğlanlar üçün isə 35 - 45 manat aralığında dəyişir. Həmçinin dəstləri ayrı-ayrılıqda da almaq mümkündür. Belə ki, ətəklər və şalvarlar 15 manatdan başlayaraq, pencəklər 25 manatdan başlayaraq, qızlar üçün sarafanlar isə 18 manatdan başlayaraq təklif edilir.
Bundan başqa ağ köynəklər qızlar üçün 15 - 30 manat, oğlanlar üçün isə 13 - 35 manat arasında təklif edilir.
Ayaqqabı qiymətləri qızlar üçün 25 - 50 manat, oğlanlar üçün isə 25 - 45 manat arası dəyişir.
Valideynlər övladları üçün corab almaq istəsələr, 0.50 qəpik - 5 manat, qızlar üçün kalqotkalar 2.50 manat - 5 manat, qızlar üçün saç lentləri isə 0.40 qəpik - 15 manat arası dəyişir. Alt paltarları isə qızlar və oğlanlar üçün 5 manatdan başlayır.
Qeyd edək ki, əhalinin aşağı təbəqəsi 1 övladı (ibtidai sinif) üçün az sayda məktəbli ləvazimatları və digər şeyləri almağa minimum qızlara 130 manat, oğlanlara isə 120 manat lazımdır. Əgər ailədə 2 uşaq varsa, bu məbləğ ikiqat, 3 uşaq varsa, üçqat artacaq.
Həmçinin azgəlirli ailəsi olan yuxarı sinif şagirdləri üçün isə bu qiymət təxminən 150 manat civarında olacaq.
Fotoların müəllifi: İlkin Nəbiyev.