318
16:25
26 Avqust 2019

Məktəbəhazırlıq qruplarına qəbul üçün tələb olunan sənədlər açıqlandı

Məktəblərdə təşkil olunmuş məktəbəhazırlıq qruplarına məktəbin yerləşdiyi ərazidə yaşayan və həmin ildə 5 yaşı tamam olan (2014-cü il təvəllüdlü) uşaqlar qəbul edilir.
Lent.az -ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, yaşayış ərazisindəki məktəbdə məktəbəhazırlıq qrupu təşkil olunmadığı halda, uşaqlar digər məktəbdə yaradılan məktəbəhazırlıq qrupuna qəbul edilə bilər.
Yalnız Bakı şəhərinin bir sıra ümumi təhsil məktəblərində məktəbəhazırlıq qruplarına qəbul ərazi prinsipi əsasında aparılır. Digər rayon və şəhərlərdə ərazi prinsipi tətbiq olunmur. Bakıda ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə, həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər. Həmin valideynlərə müvəqqəti və ya qeydiyyatsız yaşadıqları ərazidə yerləşən məktəbdə sıxlıq olduğu halda, digər məktəbləri seçmələri tövsiyə olunur. Kirayədə yaşayan valideynlər ərazi prinsipi tətbiq olunmayan bütün məktəblərdə övladlarını məktəbəhazırlığa elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər.
Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu zamanı Azərbaycan Respublikasının vətəndaşları üçün valideynin şəxsiyyətini təsdiq edən sənədin, uşağın doğum haqqında şəhadətnaməsi və ya şəxsiyyət vəsiqəsinin əsli və surəti, Azərbaycan Respublikasının vətəndaşlığını sonradan almış və övladının doğum haqqında şəhadətnaməsi əvvəllər vətəndaşı olduğu ölkə tərəfindən verilmiş şəxslər üçün Azərbaycan Respublikasının 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi və ya xarici ölkənin doğum haqqında şəhadətnaməsi, xarici ölkə vətəndaşları üçün valideynin xarici pasportu, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), uşağın doğum haqqında şəhadətnaməsinin əsli və surəti, digər ölkələrin vətəndaşları olan, qaçqınlıq statusu almış şəxslər üçün Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi, uşağın sağlamlığı haqqında tibbi arayış (forma 26U), 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil, valideynin (qanuni nümayəndənin) https://mektebeqebul.edu.az/az/ saytında yaradılmış “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə” təqdim olunmalıdır.
Bildirilib ki, uşağın məktəbəhazırlıq qruplarında təhsil almasından asılı olmayaraq 1-ci sinfə qəbul zamanı həmin uşaq üçün digər dildə tədris aparılan bölmə seçilərsə, uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün təşkil edilmiş müsahibədə iştirakı mütləqdir.
Qeyd edək ki, məktəbəhazırlıq qruplarına sənəd qəbulu avqustun 26-dan başlayaraq sentyabrın 25-dək davam edəcək. Elektron ərizəsi qeydiyyata alınan şəxslər sentyabrın 2-dən 27-dək sənədlərini qəbul olunduqları məktəbə təqdim etməlidirlər.