3575
13:37
18 İyul 2019

"Məni Afaq Bəşirqızı xilas etdi, girdi qanımın arasına" - Məşhur aktyordan ilginc ETİRAFLAR

Deyəndə ki, “Aramızda qalsın”, “Baldız” seriallarındakı Əzizağa Əzizovun acığı gəlir. “A, bala, onlara qədər mənim nə qədər rollarım var, niyə məni seriallarla tanıdırsınız? ”- deyir. Yaxşı, sadalayaq oynadığı film və tamaşaları. “Dəvətnamə”, “Hərənin öz payı- tayı”, “Qovğalı kəndinin gecələri ”, “Şans”, “Yaşıl eynəkli adam-3, “Şəms-Qəmər” , “Baldız” serialı və s.

Çalışdığı Akademik Musiqili Teatrda isə "O olmasın, bu olsun"da Qoçu, "Bankir adaxlı"da Zaur, "Əlin cibində olsun"da 1-ci adam, "Volqalı canan"da Doymarov, "Səhnədə məhəbbət"də Şvartseneger, "Aldın payını, çağır dayını"da Məzarov, "Bir günlük xəlifəlik"də şah obrazlarını oynayıb.

- Bas-bariton səsli Əzizağa Əzizov özünü oxucuya necə tanıdardı?

- Hacıqabulda böyüyüb, orta məktəbi də orda bitirmiş bir uşaqdan başlasam belə deyərdim. Ailədə yeddi uşaq olmuşuq, dörd qardaş, üç bacı. Mən üçüncü uşaq idim. Uşaqlıqdan xalq teatrına, dərnəklərə gedirdim, elə-belə hobbi kimi. Arzum Odessa Dənizçilik Məktəbinə qəbul olunmaq idi, dənizçi olmaq istəyirdim. Məndən böyük bacımla qardaşım dedilər ki, sənin aktyorluq istedadın var. Bacı-qardaşlarım hamısı Rusiyada təhsil alıblar, bir böyük qardaşım rayonda traktor sürür, çünki atamız rəhmətə getdi, böyük qardaşım oxumağa gedə bilmədi, bizə atalıq elədi. Mən də şərt kəsdim ki, gedəcəm İncəsənət institutuna, amma qəbul olunmasam, əsgərlikdən sonra sənədlərimi Odessa Dənizçilik Məktəbinə verəcəm. Bədbəxtlikdənmi deyim, xoşbəxtlikdənmi elə birinci il qəbul olundum İncəsənət İnstitutuna.

Sənətdən imtahan götürən Əliağa Ağayevin oğlu Vaqif Ağayev idi, vokaldan Lütfiyar İmanov, səhnə danışığından Əzizağa Qasımov idi. Üç dənə beş aldım ixtisasdan. Sənət müəllimim də Yaşar Nuri oldu. Vokaldan məşhur Aleksandr Milovanovdan dərs aldım. Müslim Maqomayevin müəllimi olub, Azərbaycanda çox vokalçılar yetişdirib. Belə çıxır ki, Müslim Maqomayevin yetirməsiyəm. Mənim səsim bas-bariton idi. Belə səs nadir olur. Ya bas olur, ya bariton, ikisi bir şəxsdə nadir tapıntıdır. İnstitutu bitirəndə təyinatımı Opera və Balet Teatrına vermək istəyirdilər. Gördülər ki, əsgərlikdə olmamışam. O vaxt əsgərlikdə olmayanı ümumiyyətlə təyinatla göndərmirdilər. Mənə dedilər ki, get Gəncə teatrında işlə, əsgərlikdən qayıdan kimi səni Opera və Balet Teatrına qaytaracağıq. Getdim işlədim, əsgərliyə də gedib qayıtdım, dedilər sənin təyinatın Gəncəyə verilib orda da işləməlisən. Allah rəhmət eləsin Rəhilə Cabbarova getdi nazirliyə dedi ki, bunun bas-bariton səsi var, Azərbaycanda bu saat belə səs yoxdur, bu operada işləməlidir. Gətirdilər məni Opera və Balet Teatrına. İstəyirdilər birbaşa solist götürsünlər, amma solfecio bilmədiyim üçün xora solist götürdülər. O vaxt solfecio yalnız konservatoriyada keçirilirdi, mən də İncəsənət İnstitutunu bitirmişdim. Altı aylıq xora götürdülər ki, səhnəyə öyrənim, solfecio keçim, sonra solist təyin etsinlər.

- Altı ay gəlib çıxdı düz 2007-ci ilə qədər?

- Hə. Bir dəfə Rusiyaya qastrola getmişdik, Puşkin adına Opera və Balet Teatrının direktoru səsimi eşidən kimi mən dedi ki, səni operaya solist götürürəm, gəl bizdə işlə, razı olmadım. Mənimlə qastrolda olanlar da qınadılar məni ki, belə təklifi adam qaçırar? Şahlar Quliyev çox danladı məni, qalmadım, dedim başqa ölkədə yaşaya bilmərəm.

Sonra Musiqili Teatra dəvət etdilər. Siyavuş Aslan teatrın rəhbəri idi. Operada xorda qala-qala Musiqili Komediya teatrında işləyirdim. Afaq Bəşirqızı “Afaq-şou”nu yaradanda məni ora dəvət elədi. Bir-neçə il onunla çalışdım. Allah razı olsun, Afaq xanımdan. Onunla işləyəndən sonra maddi vəziyyətim bir az düzəldi. Ona qədər çox əziyyətlər çəkirdim. Sonra təzədən Hacıbaba Bağırov çağırdı məni, qaytardı Musiqili Teatra. 2007-ci ildə Opera və Balet Teatrından birdəfəlik işdən çıxdım. Açığı filmlərə də çəkilirdim, teletamaşalar, artıq gedib xorda oxumağa çatdırmırdım.

Əsas kommersiya filmlərinə çəkilirdim. Sonra da televiziyalarda filmlər oldu.

-Bas-bariton səsi xorda saxlayıb məhv elədilər eləmi?

- Bəli. Düzü Akif müəllim 90-cı illərdə mənə dedi gəl rollar götür, solist ol, amma artıq bas-bariton qalmamışdı, işlənmədiyi üçün xarab olmuşdu. İllərlə xorda oxudum, işdən də çıxa bilmirdim. Çünki Opera və Balet Teatrının yataqxanasında qalırdım. Axır ki, xanımımın iş yerindən bizə ev verdilər. Mən də xordan yaxamı qurtardım. Xanımım Beynəlxalq Hava Limanında kompüter operatoru işləyir. İki övladımız var, qızımın adını Afaq xanımın şərəfinə Afaq qoymuşam, bu il Tibb Universitetini bitirdi. Oğlum Toğrul Aviasiya Akademiyasını bitirib. İstedadları var, aktyor olmaq ürəklərindən də keçirdi, qəti bildirdim ki, olmaz, başqa sənət seçin.

Musiqili Teatrda demək olar ki, bütün tamaşalarda oynayıram. Televiziyalarda filmlərə çəkilmişəm. Seriallara isə məni burdan, teatrdan seçib dəvət ediblər. “Aramızda qalsın” seriyalının rejissoru gəlib tamaşalara baxıb, məni dəvət elədi ki, rollarınızı görmüşəm sizi seriala çəkmək istəyirik. Onların verdiyi qonorar məni qane edirdi. Sağ olsunlar, başqa kanallardan da dəvətlər oldu, dedim sağ olun, amma müqaviləm var, “Aramızda qalsın” bitincəyə qədər başqa seriallara çəkilmədim, indi çəkilirəm.

- “Azərbaycanfilm”də bədii filmə isə heç çəkilməmisiniz?

- Çox istəyirəm bədii filmə çəkilim. Taleyə baxın ki, iki-üç bədii filmə dəvət aldım, amma o filmlərin heç biri çəkilmədi. Maliyyə çətinliyi oldu filmlər çəkilmədi. Bir filmə də dəvət olundum, amma maşın sürə bilmədiyim üçün çəkilmədim, montaj da mümkün deyildi, gərək özüm sürəydim. Maşınım yoxdur, sürə də bilmirəm, həmişə ictimai nəqliyyatla gedib-gəlirəm. Əvvəllər sıxılırdım camaatın içində, daha sıxılmıram alışmışam. Kim yaxınlaşır ədəblə söhbət edirəm, şəkil çəkdirmək istəyirlər çəkdirirəm. Sadə adamam, quru bəy deyiləm. Can deyənə on dəfə can deyirəm. Qəlbə dəyə bilmirəm.

- Ürəyinizdə oynamaq istədiyiniz obraz qalıb, yoxsa fərqi yoxdur sizin üçün Otello, yoxsa Yaqo? Amma sizdən yaxşı Otello olar.

-Heç fərqi yoxdur mənim üçün, heç bir rolun arzusunda olmamışam, deyiləm, yəqin bu sənəti arzu edib gəlməmişəm ona görə.

-Zavodda fəhlə işləməyə getdin, yaxud səhnəyə rol oynamağa elə bir fərq hiss etmirsiniz, sənətiniz sadəcə qazanc yerinizdir?

-Elədir, işimdir, işləyib məvacibimi alıram vəssalam. Mən dənizi çox sevirəm, hərbi dənizçi olmaq istəyirdim qismət deyilmiş.

-Bəs, necə olub Qarabağa getmisiniz?

- Xocalı hadisəsindən sonra məndən asılı olmadı, hiss elədim ki, getməliyəm, döyüşməliyəm. 32 yaşım vardı, nişanlı idim, toyumuz da təyin olunmuşdu, amma yenə getməyə bilmədim. Ağdərə bölgəsində döyüşmüşəm. O barədə danışmağı xoşlamıram, hamı getməli idi, mən də getdim.

-Qarabağ müharibəsi veteranısınız, 2015-ci ildən əməkdar artist fəxri adınız var, prezident təqaüdü alırsınız, ürəyinizdə qalan arzunuz varmı?

-O qədər çətinliklər çəkmişəm ki. Bas-bariton səsim kimi az qala özüm də batırdım. Afaq Bəşirqızı xilas etdi. Girdi qanımın arasına götürdü teatrına işə, ondan sonra filmlər, çəkilişlər düzəldi vəziyyətim. İndi yenə Allah yetirər. Ruzini verən Allahdır.