341
14:42
28 İyun 2019

Həftə sonu dəniz necə olacaq? - Dincəlmək istəyənlərin NƏZƏRİNƏ

Həftə sonu bəzi insanlar istirahət üçün rayonlara gedəcək. Bakıda qalıb sərinləmək istəyənlər isə Xəzər dənizinin sahilinə üz tutacaqlar.

Bəs həftə sonu dənizdə vəziyyət necə olacaq?

Lent. az Ekologiya və Təbii Sərvətlər Nazirliyininə istinadən xəbər verir ki, iyunun 29-da Abşeron çimərliklərində şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək. Dəniz suyunun temperaturu 24-25 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək. Dəniz suyunun temperaturu 26-27 dərəcə isti təşkil edəcək.

Bazar günü isə hava küləkli, dəniz dalğalı olacaq. Çimmək üçün əlverişsiz olsa da, küləyin sayəsində dəniz havasından udmaq imkanı genişlənəcək.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları iyunun 24-27-də çimərlik ərazilərində növbəti monitorinqlər keçirib.

Məlum olub ki, Bakı və Abşeron yarımadasında Bilgəh, Nardaran, Buzovna, Mərdəkan, Şüvəlan, Novxanı, Zuğulba, Pirşağı çimərlik ərazilərində dəniz suyu çimərlik məqsədilə istifadəyə yararlıdır, Türkan, Hövsan, Şıx, Sahil və Sumqayıt çimərliklərinin dəniz suyu isə mikrobioloji baxımdan çirkli olduğundan çimərlik üçün qənaətbəxş deyil.

ETSN Xəzərin şimal və cənub bölgələrində də monitorinqlər aparıb. Nəticələrə görə, Xaçmazın Yalama, Seyidlər və İstisu (Müxtədir) çimərlik ərazilərində dəniz suyu istifadə üçün yararlı, Nabran ərazisinin dəniz suyu isə çimərlik məqsədilə qeyri qənaətbəxş hesab olunur. Lənkəran və Astara rayonları ərazisindəki çimərliklərdə dəniz suyunun tərkibi normalara uyğun olub həmin ərazilərdən çimərlik məqsədilə istifadəyə imkan verir.