Zeynəb Xanlarovanın yandırılan bağ evi görüntüləndi
11 aprel 2013 19:47 (UTC +04:00)

Zeynəb Xanlarovanın yandırılan bağ evi görüntüləndi

 

Xalq artisti Zeynəb Xanlarovanın Nardaranda yandırılmasına cəhd edilmiş villasının video görüntüləri yayılıb.

 

APA-nın Daxili İşlər Nazirliyindən əldə etdiyi əməliyyat çəkilişində saxlanılan şəxslər Zeynəb Xanlarovanın bağ evini və Bakı Şəhər İcra Hakimiyyətini hansı məqsədlərlə yandırmaq istədiklərini etiraf ediblər.

 

 

Çəkilişdə qeyd edilir ki, martın 31-də nazirlik əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Taleh Bağırov və Anar Məlikov saxlanılıblar. Baxış zamanı Taleh Bağırovun üzərindən 1,026 qram heroin, Anar Məlikovdan isə "Makarov" tipli tapança, 4 patron və 1 bıçaq götürülüb. Faktla bağlı cinayət işi başlanıb və hər iki şəxs həbs olunub. 

 

Aprelin 2-də naməlum şəxslər Nardaran qəsəbəsində yerləşən, xalq artisti Zeynəb Xanlarovaya məxsus bağ evinin qarşısında avtomat silahdan atəş açaraq yandırmaq məqsədilə onun həyətinə içərisinə yandırıcı maye doldurulmuş şüşə qablar atıblar. Daha sonra vətəndaş Rafiq İbrahimovun bağ evinin həyətinə də yandırıcı qablar atılıb, birinci mərtəbənin şüşələri sındırılıb və divarına "Taleh Bağırova azadlıq!" sözləri yazılıb. Elə həmin gün, təxminən saat 05.35 radələrində Bakı şəhər İcra Hakimiyyətinin yaxınlığında şübhəli şəxs qismində Bəxtiyar Qurbanov və Röyal Əsgərov saxlanılıb, əllərindəki çantadan 1 ədəd 5 litrlik plastmas su qabında və 4 ədəd 1 litrlik qablarda benzin, daş parçası, pambıq, süngər və köhnə şalvar götürülüb.

 

İlkin dindirmə zamanı onlar Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası ətrafında əvvəlcədən bir neçə dəfə müşahidə apardıqlarını, Taleh Bağırovun həbsinə və guya hicaba qoyulan qadağaya etiraz olaraq İcra Hakimiyyətini yandırmaq, bununla da vətəndaş itaətsizliyi və ajiotaj yaratmaq istədiklərini etiraf ediblər. Təqsirləndirilən şəxslərin etirafedici ifadələri, müvafiq ekspertiza rəyləri və digər mötəbər sübutlarla Bəxtiyar Qurbanov və Röyal Əsgərovun törətdikləri cinayət əməlləri, onların bu işi məhz Taleh Bağırovun tapşırığı əsasında etdikləri tam təsdiqini tapıb.

 

Bu gün Xalq artisti Zeynəb Xanlarova isə “Azadlıq” qəzetinə müsahibəsində həbs edilmiş ilahiyyatçı Tale Bağırzadəyə qarşı ittihamlarda adının hallanmasının ona çox pis təsir etdiyini açıqlayıb: “İnanın, özümə gələ bilmirəm. Mən Nardaran camaatından həmişə hörmət görmüşəm. Mən məscid tikdirmişəm. Mən məhz onların xahişi ilə prezidentin qəbulunda olub kommunal problemlərini qaldırmışam. Hörmətli prezidentə demişəm ki, onlar mərd, kişi adamlardır. Prezident də mənim xahişimdən sonra onların kommunal problemlərinin həllinə göstəriş verib. Bilirsiniz nə var, mən kişi qızıyam. Mənim üçün heç vaxt müxalifət-iqtidar söhbəti olmayıb. Mənim üçün həmişə xalq olub. Mən həmişə aşağı təbəqəni sevmişəm, onların mövqeyində olmuşam, onlara yaxşılıq etməyə çalışmışam. İndi bu nə şərdir yaxırlar mənə? Mən heç kimdən şikayət etməmişəm. Cəhənnəm olsun bağ da. Kiçik bir hadisədir olub, onu da nardaranlılardan görmürəm. Tələb edirəm ki, mənim adımı bu məsələlərdə hallandırmasınlar. Yenə deyirəm, mən həmişə yaxşılıq etməyə çalışmışam. O oğlanın həbsini də eşidən də çox pis oldum ki, gənc bir övladımız həbsə düşüb. O ittihamı hazırlayanlara deyirəm, kimi tutmaq istəyirsinizsə, kişi kimi, öz adınızdan tutun, mənim adımı bu işə qatmayın. Mənim işim ayrı-ayrı ölkələrdə Azərbaycanı layiqincə təmsil edib tanıtmaq, bayrağımızı ucaltmaqdır, adam tutdurmaq deyil”. 

# 12315
avatar

Oxşar yazılar