IV Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları İctimai Teleradioda olublar
07 aprel 2010 13:00 (UTC +04:00)

IV Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları İctimai Teleradioda olublar

Bakıda keçirilən “Ətraf mühitin mühafizəsi IV Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətində olublar. www.itv.az saytı xəbər verir ki, “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Enver Özerenin və Ekoloji Cəmiyyətin sədri Arif Gömleksizin də qatıldığı nümayəndə heyəti teleradionun Baş direktoru İsmayıl Ömərovla görüşüb.

Enver Özeren bildirib ki, 7-11 aprel tarixlərində Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti, İctimai Televiziya və Radio Yayımları Şirkətinin dəstəyi və “Çağ” Öyrətim İşlətmələrinin təşkilatçılığı ilə keçiriləcək olimpiada ekologiya və təbiəti mühafizə problemlərinə həsr olunub: “Olimpiadanın keçirilməsində məqsəd, Azərbaycanda və dünyada artmaqda olan ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanması mövzusunda gənc nəsli bilgiləndirməkdir. Eyni zamanda, şagirdlərdə ekoloji şüuru inkişaf etdirmək, ətraf mühitə qarşı həssas, müsbət və qalıcı münasibəti formalaşdırmaqdır. 33 ölkədən 110 şagirdin qatıldığı Olimpiada 2010-cu ilin Azərbaycan Respublikasında “Ekologiya ili” elan olunmasına həsr edilib”. Qonaqlar həmçinin, İctimai Teleradionun maarifləndirici missiyanı uğurla həyata keçirdiyini vurğulayıblar.

Dünyanın intellektual gənclərini İctimai Teleradioda salamlamaqdan məmnunluq ifadə edən Baş direktor İ.Ömərov bildirib ki, ayrı-ayrı ölkələri təmsil edən gəncləri bir araya gətirərək onların həmrəyliyini təmin etmək böyük əhəmiyyət kəsb edir: “Hesab edirəm ki, belə bir Olimpiadanın təşkili böyük nailiyyətdir. Dünyanın düşünən beyni olan bu gənclərə göstərilən diqqət gələcəyimizin xilasına yönələn bir addımdır”. Baş direktor bildirib ki, İctimai Teleradio maarifləndirici verilişlərə geniş yer ayırır: “Efirimizdə maarifləndirmə proqramları üstünlük təşkil edir, hətta musiqili-əyləncəli verilişlərimizdə belə bir bilgi var, öyrətmə var. Əyləncəli proqramlara olan maraq böyük olsa da bu, ötəridir, amma elmə olan maraq daimidir. Biz də işimizdə bu prinsipi əsas götürürük”.

Görüşdə İ.Ömərov olimpiada iştirakçılarının ölkəmizin tarixi, adət-ənənələri, o cümlədən İctimai Teleradionun fəaliyyəti ilə bağlı suallarını da cavablandırıb. Sonra qonaqlar teleradionun departamentlərində və studiyalarında iş prosesi ilə tanış olublar.
# 392

Oxşar yazılar