“Hizbullah”ın məhv edilən rəhbəri Nəsrullah İsraili lazımınca qiymətləndirməyib, buna görə də əvəzini canı ilə ödəyib.
“Hizbullah” lideri Həsən Nəsrullahın məhvi şiə terror təşkilatına ciddi zərbə olub.
Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, təşkilata rəhbərlik etdiyi 32 il ərzində Nəsrullah onu regional aktyordan Livanda və ondan kənarda ən nüfuzlu qüvvələrdən birinə çevirib. Bununla belə, uğurlu rəhbərliyinə baxmayaraq, o, İsraili qiymətləndirməkdə iki ciddi səhvə yol verib və nəticədə onun həyatı bahasına başa gəlib.
Nəsrullahın rəhbərliyi altında “Hizbullah” təkcə güclü hərbi təşkilat deyil, həm də böyük siyasi partiya və iqtisadi imperiyaya çevrilib. Təşkilat Livanın şiə əhalisinə sosial dəstək verib və dövlət resurslarından fəal istifadə edərək özünü “dövlət içində dövlət”ə çevirib. Bu, “Hizbullah”ın ölkənin idarə olunmasında əsas rol oynamasına gətirib çıxarıb, eyni zamanda Livanın iqtisadi çöküşünə və siyasi qeyri-sabitliyinə töhfə verib.
Təşkilatı gücləndirməkdə uğur qazanmasına baxmayaraq, Nəsrullah iki dəfə İsrailin niyyətlərini yanlış qiymətləndirib.
İlk dəfə bu, 2006-cı ildə, İsrail əsgərlərinin qaçırılması ilə İkinci Livan Müharibəsinin başlamasına səbəb olub. Nəsrullah daha sonra etiraf edib ki, İsraildən belə sərt cavab gözləmirdi və bunun nəticələrini bilsəydi, heç vaxt adam oğurluğu əmrini verməzdi.
İkinci ölümcül səhv Nəsrullahın 2024-cü ilin oktyabrında Qəzza zolağında bir neçə cəbhədə qarşıdurmaları birləşdirən ümumi strategiyanın bir hissəsi kimi “dəstək cəbhəsi” açmaq qərarı olub. O, hətta elit Radvan Qüvvələrini məhv etdikdən sonra belə, İsrailin qisas almağa hazır olduğuna dair aydın siqnallara məhəl qoymayıb. Ömrünün son həftələrində Nəsrullah öz həyatının təhlükə altında olduğunu dərk etmədən döyüş cəbhələrində birliyə çağırmaqda davam edib.
Təhlükəsizliyi ilə maraqlanan Nəsrullah son 18 il ərzində praktiki olaraq bunkerini tərk etməyib və əmin idi ki, İsrail onu məhv etməyə razı olmayacaq. Bu, onun Beyrutdakı sığınacağına İsrail ordusunun kütləvi hücumu ilə nəticələnən ən böyük səhvi olub.
İndi Yaxın Şərqdə Nəsrullahın aradan götürülməsindən sonra “Hizbullah”ın gücünü bərpa edə biləcəyini və onun davamçısı kimin olacağını müzakirə edirlər.