“Neftçi” rəqibə tüpürən futbolçusunu sərt cəzalandırdı - TƏFƏRRÜAT
28 fevral 2013 17:42 (UTC +04:00)

“Neftçi” rəqibə tüpürən futbolçusunu sərt cəzalandırdı - TƏFƏRRÜAT

Ukraynanın “Dinamo” (Kiyev) klubunun əvəzedici komandasına keçidi baş tutmayan “Neftçi”nin gənc futbolçusu Cavid İmamverdiyevi öz komandası cəzalandırıb. Lent.az-ın məlumatına görə, buna İmamverdiyevin “Simurq”la Azərbaycan Kubokunun ¼ final mərhələsinin ilk oyunundan sonra etdiyi hərəkət olub.

 

O, Zaqatala komandasının serbiyalı yarımmüdafiəçisi Nenad Kisoya tüpürüb. “Neftçi” rəhbərliyi İmamverdiyevi əvəzedici heyətə göndərib. Baş məşqçi Böyükağa Hacıyev klubun rəsmi saytına açıqlamasında deyib: “Azərbaycan kuboku uğrunda keçirilmiş “Simurq” - “Neftçi” matçının 75-ci dəqiqəsində Cavid İmamverdiyevi meydana buraxdıq. Futbolçu meydanda olduğu 15 dəqiqə ərzində məşqçilər heyətinin etimadını doğrulda bilmədi. Bundan əlavə, İmamverdiyev oyundan sonra rəqib komandanın futbolçusuna qarşı qeyri-etik davranmaqla intizam qaydalarını pozdu və haqlı olaraq qırmızı vərəqə ilə cəzalandırıldı. Qarşılaşmadan dərhal sonra məşqçilər heyəti və futbolçuların iştirakı ilə toplantı keçirib klub rəhbərliyinə bu məsələ ilə bağlı hesabat təqdim etdik. Məşqçilər heyətinin birgə rəyi ilə İmamverdiyevin əvəzedici heyətə göndərilməsi qərara alındı. Bu gün “Neftçi”nin formasında meydana çıxan hər bir futbolçu göstərdiyi oyun və intizamı ilə hamıya nümunə olmalıdır. Bu qaydaları pozan futbolçu kimliyindən asılı olmayaraq, etdiyi hərəkətə görə cavab verməlidir”.

 

“Simurq”un mətbuat katibi Rüstəm Allahverdiyev isə Lent.az-a açıqlamasında olayın təfərrüatlarını nəql edib: “Oyundan sonra İmamverdiyevin qapıçımız David Petrkeviçlə mübahisəsi düşdü. Ola bilsin, oyunu alınmadığı üçün əsəbiləşmişdi. Futbolçularımız Petrkeviçin qarşısını aldılar. Bu vaxt Cavid Kisonun üstünə tüpürdü”.

 

Qeyd edək ki, “Simurq” – “Neftçi” matçında hesab açılmayıb – 0:0. Cavab görüşü martın 9-da olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1216
avatar

Oxşar yazılar