Bakının Suraxanı rayonu Hövsan qəsəbəsində 22 il əvvəl 1989-cu il təvəllüdlü, 13 yaşlı Z.D. (şərti adla) adlı qızın qətlinin üstü açılıb.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi mətbuat xidmətlərindən Lent.az-a daxil olan birgə məlumata görə, toplanmış sübutlarla 1980-ci il təvəllüdlü M.E-nin (şərti) 2002-ci il aprelin 9-da yetkinlik yaşına çatmayan Z.D-yə qarşı zorakılıq hərəkətləri etməsinə əsaslı şübhələr müəyyən edilib. Həmçinin müəyyən edilib ki, daha sonra Z.D baş verənlər barədə şikayət edəcəyini bildirib. Buna görə də, M.E. Z.D-nin anası B.A ilə birgə çoxsaylı xəsarətlər yetirib başqa cinayəti gizlətmək və digər qanunsuz hərəkətlərlə əlaqədar qızı xüsusi amansızlıqla qəsdən öldürüblər.
M.E və B.A cinayət törətməkdə şübhəli şəxs qismində tutularaq 2024-cü il oktyabrın 5-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6-cı (bir qrup şəxs tərəfindən xüsusi amansızlıqla və başqa cinayəti gizlətməklə əlaqədar adam öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunublar. Onların barələrində müstəntiqin vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında Suraxanı rayon Məhkəməsinin qərarları ilə həbs qətimkan tədbirləri seçilib.
Əvvəlki illərdən bağlı qalmış cinayət işləri daim diqqət mərkəzində saxlanılmaqla, cinayət əməlini törədən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir.