İşdən çıxan polis rəisi: “Vicdanım haqqı, deyirəm...”
24 yanvar 2013 10:57 (UTC +04:00)

İşdən çıxan polis rəisi: “Vicdanım haqqı, deyirəm...”

Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, general-mayor Rasim Musayev “Yeni Müsavat” qəzetinə tutduğu vəzifədən uzaqlaşmasının səbəbindən danışıb.

 

Lent.az-ın “Yeni Müsavat”a istinadən verdiyi məlumata görə, Gəncə şəhər icra başçısı Elmar Vəliyevlə mübahisə etməsi və bu mübahisənin davaya çevrilməsi barədə müxtəlif media orqanlarında yazılanları təkzib edən Rasim Musayev deyib ki,  Elmar Vəliyevlə 20 ildir bir-birlərini tanıyırlar, o səviyyənin yiyəsi deyil ki, gedib kabinetində kimisə vursun, qışqırsın.

 

“Mən elə tərbiyəsiz adam deyiləm”, - deyən Rasim Musayev bildirib ki, bir neçə gün əvvəl Elmar Vəliyev Gəncədə tədbir keçirib: “Mən özüm onunla bərabər orada olmuşam, onun Gəncədə gördüyü işlərdən danışmışam. Mən barəmdə yazılan yalan-palanlara etiraz edirəm. Orada belə söhbət olmayıb. Mənim nazirə raport yazıb işdən çıxmağımın Elmar Vəliyevlə heç bir əlaqəsi yoxdur. Bəli, raportla nazirə müraciət etmişəm. Amma bu, səhhətimlə bağlı olub. Müraciətimdə yazmışam ki, səhhətimlə bağlı məni tutduğum vəzifədən azad edin. Mən elə adam deyiləm ki, bir işi görüb sonra da bundan imtina edim, deyim ki, yox, mən belə iş etməmişəm. Vicdanım haqqı deyirəm, belə şeylər olmayıb. Ağ yalandır”.

 

O, general Bəylər Əyyubovun yaxınlarını tez-tez cəzalandırıldığı üçün işdən çıxmağa məcbur edildiyi barədə versiyaları da rədd edib: “Bəylər Əyyubov dövlətə xidmət edən adamdır, mən heç vaxt onun yaxınlarını, qohumlarını cəzalandırıb-eləməmişəm də. Hərə bir şey yazır. Mənim işdən çıxmağımın Bəylər müəlliminə nə aidiyyəti var?”

 

Qeyd edək ki,  Rasim Musayev Gəncədə 20 Yanvar şəhidlərinin anım mərasimində Elmar Vəliyevlə mübahisə etdiyi, onun şəhid analarını qarşı xoş olmayan münasibətinə qarşı çıxdığı, həmin vaxt Gəncənin icra başçısının polis rəisi və Gəncə prokuroru Adil Vəliyevin üstünə qışqırdığı barədə yazılanlara da münasibət bildirib:Elmar Vəliyev nə mənim, nə də ki, prokurorun üstünə heç vaxt qışqırmayıb. Həmin tədbirdə şəhid anası nəsə deyirsə, Elmar Vəliyev bizim üstümüzə niyə qışqırmalıdır? Elmar Vəliyev o səviyyənin, tərbiyənin adamı deyil. Bu söhbətləri kimsə bilərəkdən belə yayır. Kimsə kiməsə kəllə vurub söhbəti ağ yalandır. Səlahiyyətlərimi müavinim Anar Əkbərov icra edir. Mənim Elmar Vəliyevlə rəhbər kimi, polis rəisi kimi münasibətimiz olub. Xahiş edirəm, kimlərsə bizim aramıza girib münasibətlərimizi pozmasın. İcra başçısı gözəl insandır, işləyən, dövlətini sevən adamdır. Demişəm ki, Gəncəyə 10 dənə belə başçı gəlsəydi, yenə də Elmar müəllim kimi işləyə bilməzdi. Gəncədə 500 şəhidin qəbrinin üstü qara mərmərdən götürülüb. Şəhid ailələrinə evlər verilib. Bu işlərin hamısını cənab prezidentimizin rəhbərliyi ilə başçımız orada aparıb. Bizim qətiyyən pis münasibətlərimiz olmayıb.”.

 

Rasim Musayev daha yüksək vəzifəyə təyin edilib-edilməyəcəyinin isə daxili işlər nazirinin səlahiyyətində olduğunu qeyd edib: Bu, cənab nazirin səlahiyyətindədir. Mən səhhətimlə bağlı raport yazmışam. Nazir də raportuma əsasən məni hara verəcək, bu, onun səlahiyyətidir. Belə şeylər yoxdur, hamısı əsassız söhbətlərdir. Fevralın 1-dən 20-nə kimi mənim məzuniyyət dövrümdür. Məzuniyyətimizlə bağlı qrafik nazirlikdə hazırlanır, verilir”.

 

Gəncə Şəhər Baş Polis İdarəsinin sabiq rəisi vəzifədə olduğu dövrdə dindarlara işgəncə verməyi, onların bəzilərinin boğazına zorla spirtli içki tökməsi barədə yayılan xəbərləri də ağ yalan adlandırıb: “Belə hərəkətləri vicdansız adam edər. Kimsə belə xəbərləri qəsdən yazır. Mən həmişə dindarlara hörmət-izzətlə yanaşmışam, münasibətimiz yaxşı olub. Qəti yalandır”.
 

Qeyd edək ki, 2007-ci ilin noyabrında Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi təyin olunan Rasim Musayevin iki gün əvvəl işdən çıxması haqda məlumat yayılıb. Bundan sonra onun Gəncənin icra başçısı Elmar Vəliyevlə mübahisə etməsi, bu mübahisənin sonradan davaya çevrilməsi haqda xəbərlər dolaşmağa başlayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3804
avatar

Oxşar yazılar