İngiltərədə özünü tibb işçisi kimi təqdim edərək anasının sevgilisinə ölümcül zəhər iynəsi vuran təcavüzkarın məhkəməsi başlayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, 51 yaşlı Tomas Kvan anasının mülkü ona deyil, onunla birlikdə yaşayan 71 yaşlı Patrik Ohara qoyacağından ehtiyat edib. Rəqibindən qurtulmaq üçün o, kompleks plan hazırlayıb. Saxta məktublardan istifadə edən Kvan Oharanı evdə peyvənd edəcəyinə inandırıb.
Təyin olunmuş gündə dövlət tibb işçisi əvəzinə Kvan özü saxta bığ və saqqalla gəlib. Üzünü cərrahi maska və tünd eynək gizlədib, başında parik və papaq, əllərində mavi tibbi əlcək olub. Nəticədə Ohara Kvanı tanımayıb.
Kvan Oharadan anket doldurmasını istəyib, analiz üçün onun qanını və sidiyini götürüb. Daha sonra həm özünün, həm də anasının qan təzyiqini ölçüb. Peyvənd son dərəcə ağrılı olub, lakin Kvan bunun tamamilə normal olduğunu bildirib.
İynədən iki gün keçsə də, ağrılar azalmayıb. Bundan əlavə, Oharanın əli şişib və rəngi dəyişib. Nəticədə kişi xəstəxanaya getməli olub. Gördüklərindən çaş-baş qalan həkimlər Oharanın inyeksiyadan sonra nekrotizan fasiit inkişaf etdirdiyi qənaətinə gəliblər.
Onun həyatını xilas etmək mümkün olub. Lakin o, bir neçə həftə reanimasiyada qalıb. Bu müddət ərzində o, bir neçə əməliyyat keçirib və zədələnmiş qolun toxumasının əhəmiyyətli hissəsini çıxarıb.
Axtarış zamanı Kvanda civə, tallium, arsen və sulfat turşusu ehtiyatı aşkar edilib. Bundan əlavə, o, zəhərli dərmanın hazırlanma prosesini və bunun üçün lazım olan gənəgərçək lobyasını təsvir edən təlimatlara sahib idi.
Kvana hələ də hökm verilməyib.