Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 61 ünvanında çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı xəsarət alan olmayıb.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməliyyat növbətçisi İlqar Nəsibov deyib.
Qeyd olunub ki, yanğın sahəsi 85 kvadratmetr olan 3 otaqlı mənzildə qeydə alınıb. Yanğın zamanı 20-yə yaxın bina sakini təxliyə edilib. Yanğınla bağlı 14:40-da məlumat verilib. 14:44-də yanğınsöndürənlər və FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları, 3 yanğınsöndürmə avtomobili hadisə yerinə cəlb olunub.
***
Saat: 15:23
Bakının Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 61 ünvanında çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çoxmərtəbəli yaşayış binasındakı yanğını söndürüb.
***
Saat: 15:10
Bakıda hündürmərtəbəli binada yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, yanğın paytaxtın Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 61 ünvanındakı yaşayış binasında qeydə alınıb. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün yanğın baş verdiyi ünvana cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.