Mikayıl Nərimanoğlu
18 fevral 2022 19:00 (UTC +04:00)

Mikayıl Nərimanoğlu

"Zavod həyatı"ndan "İki Sahil"ə, oradan da futbola - UNUDULAN MƏTBUAT KATİBLƏRİ

Vaxtı ilə mətbuat katibi idilər. Bütün jurnalistlər onları tanıyır və işləri mediadan keçirdi.
Bir vaxtlar onların saytlarda, qəzetlərdə açıqlamalarını oxuyardıq. İndi isə unudulanlar siyahısındadırlar. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır. İndi nə işlə məşğuldurlar?

Lent.az sabiq mətbuat katiblərinə həsr olunan layihəsini davam etdirir.

Layihəmizdə bu gün AFFA-nın sabiq mətbuat katibi Mikayıl Nərimanoğludan bəhs edəcəyik. 

Mikayıl Nərimanoğlu 9 mart 1965-ci ildə Zəngilan rayonunda anadan olub. O, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. 

Nərimanoğlu 1988-ci ildən mətbuatda çalışır. Əvvəlcə “Zavod həyatı” qəzetində, 1991-ci ildən 2005-ci ilə qədər isə bu qəzetin bazasında təsis olunan “İki sahil” qəzetində müxbir və şöbə müdiri vəzifələrində işləyib.

O, 2005-ci ildə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi, daha sonra isə AFFA-nın təsis etdiyi “Futbol dünyası” qəzetinin baş redaktoru vəzifələrində çalışıb. 
Milli komanda ilə bağlı çəkilən bir neçə televiziya filminin ssenari müəllifidir. Jurnalistlər Birliyinin üzvüdür. 

1983-1985-ci illərdə sovet ordusunda hərbi xidmətdə olub və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı (1993-1994) hərbi müxbir kimi milli orduda xidmət edib. Müharibə veteranıdır.
Müsahibələrinin birində “Tutduğunuz vəzifə ilə bağlı sərbəst  yaradıcılıqdan uzaqlaşmısınız, bu, sizi sıxmır ki?” sualına belə cavab verib:

”Çətindir. Biri var jurnalist masası, biri də var məmur. Mətbuat xidməti məmur masasıdır. Təbii ki, işin ağırlığı, vaxt darlığı buna çox mane olur. Ancaq peşəm jurnalistdir. Sadəcə, masam dəyişib. Sözsüz ki, bunun yaradıcılığıma böyük təsiri olub”.

O, müsahibələrinin birində deyir:

”1985-ci ildən jurnalistikaya başlamışam. On il ərzində sırf jurnalist kimi fəaliyyət göstərmişəm. Dövlət başçısı ilə ölkə xaricində və daxilində səfərlərə gedən jurnalistlərdən biri olmuşam. Jurnalistika mənim üçün çox maraqlı olub. Ancaq o vaxt bu qədər informasiyam yox idi. Bu gün məlumatım çoxdur. Çünki mən həm də məmuram. Elə buna görə də baş verənlərə jurnalist kimi yox, məmur kimi yanaşmalıyam. Əgər əvvəl hansısa problemdən yazırdımsa, indi onun həlli ilə məşğulam. Eyni zamanda xəbərin KİV-lərə çatdırılması mexanizmini də tənzim etməliyəm”.

O, “Zəngilanın süqutu” kitabının müəllifidir. Hazırda Milli Məclisdə işləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6222
avatar

Aytəkin Cəlali

Oxşar yazılar