“YouTube Shorts” platformasında istifadəçilər artıq “Google”un ən güclü süni intellekt modeli Gemini Omni vasitəsilə videoları yenidən dizayn edib redaktə edə biləcəklər.
Lent.az xəbər verir ki, yeni funksiya sayəsində “Shorts” videolarının altındakı “remix” düyməsinə kliklədikdə, AI dəstəkli “yenidən dizaynetmə” seçimi görünəcək.
Bu alət videoları saniyələr içində piksel-art, anime və ya qorxu filmi üslubuna çevirə, hətta videonun məzmununa birbaşa müdaxilə etməyə imkan verəcək.
İstifadəçilər personajların görünüşünü dəyişə, yeni fon personajları əlavə edə və öz görüntülərini videoya inteqrasiya edə biləcəklər.
“Google” eyni zamanda müəllif hüquqlarını qorumaq üçün tədbirlər görüb. Kontent müəllifləri bu funksiyanı aktiv və ya deaktiv edə biləcək, AI ilə dəyişdirilmiş videolar isə xüsusi etiketlə işarələnəcək və orijinal mənbəyə keçid saxlanılacaq.
Bu addım dezinformasiya və məzmun oğurluğunun qarşısını almağa yönəlib.