“Volkswagen”, ABŞ-Çin ticarət mübahisəsindən sonra yenidən ortaya çıxan mikroçip böhranı səbəbilə 29 oktyabrdan etibarən Almaniyanın Volfsburq şəhərindəki zavodunda Golf istehsalını dayandırmağa hazırlaşır.
Lent.az xəbər verir ki, alman avtomobil nəhəngi, yarımkeçirici təchizat zəncirində yeni bir böhran səbəbilə Golf və Tiguan modellərinin istehsalını müvəqqəti olaraq dayandırdığını açıqlayıb.
Şirkət, xüsusilə Avropada çip axınına təsir edən geosiyasi inkişafların istehsal planlarını pozduğunu bildirib.
Çip çatışmazlığı, Hollandiya hökumətinin Malların Əlçatanlığı Qanununa əsasən Çin çip istehsalçısı “Nexperia” şirkətinin nəzarətini ələ keçirmək qərarından qaynaqlanır.
“Nexperia” Avropa avtomobil sənayesinin əsas təchizatçısıdır.
Hollandiya məhkəməsi “Nexperia”nın baş direktorunu vəzifəsindən azad etdi və müvəqqəti administrator təyin edib. Bu hərəkət şirkətin Çində yerləşən əlaqələri ilə bağlı potensial sanksiya pozuntularının qarşısını almaq üçün bir tədbir kimi izah edilib.
Lakin Çin buna cavab olaraq “Nexperia” məhsullarının ixracını məhdudlaşdırıb və bu da Avropadakı çip təchizat zəncirini pozub.