Təhlükə:  ChatGPT-nin bu versiyası dialoqları özündə saxlayır
05 iyul 2024 12:38 (UTC +04:00)

Təhlükə: ChatGPT-nin bu versiyası dialoqları özündə saxlayır

OpenAI şirkəti bir neçə müddət bundan öncə ChatGPT tətbiqinin macOS versiyasını istifadəyə verdi.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, lakin bəzi istifadəçilər sözügedən tətbiqdə konfidensiallıqla bağlı narahatlıq duyduqlarını açıqlayıblar. Məsələ burasındadır ki, ChatGPT tətbiqinin macOS versiyası istifadəçi ilə çat-bot arasındakı bütün dialoqları öz sistemində adi mətn şəklində saxlayır. Bu isə öz növbəsində istifadəçilərin konfidensial məlumatlarının ortaya çıxması riskini artırır. Məlumatda qeyd edilib ki, tətbiq macOS-in standart sandbox təhlükəsizlik sistemindən istifadə etmir. Qeyd etmək lazımdır ki, sözügedən təhlükəsizlik sistemi tətbiqləri və onların məlumatlarını izolyasiya edilmiş mühitdə işə salır.

Nəticədə xüsusi icazənin təqdim edilmədiyi halda tətbiqlər sistemin digər hissələrinə keçid edə bilmirlər. Bununla yanaşı sandbox təhlükəsizlik sistemi izolyasiya edilmiş mühitdə işə salınmış tətbiq daxilində məlumatların qorunmasını təmin edir. MacOS üçün nəzərdə tutulmuş ChatGPT tətbiqinin ayarlar ilə bağlı fayllarının və tətbiq keşinin analizi zamanı məlum olub ki, çat-bot ilə olan dialoqlar adi mətn şəklində saxlanılır. Bu isə onların əldə edilməsi riskini yüksəldir. Bu fayllar Mac kompüterindən istifadə edə biləcək istənilən şəxs üçün açıqdır. Həmin faylları həmçinin digər tətbiqlər və ya zərərli proqram təminatları da əldə edə bilərlər. OpenAI bu mövzu ilə bağlı hələ fikir bildirməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1947
avatar

Oxşar yazılar