ChatGPT GPT-4o-nu  geri qaytarır
14 avqust 2025 11:47 (UTC +04:00)

ChatGPT GPT-4o-nu geri qaytarır

Ötən həftə OpenAI yeni süni intellekt modeli olan GPT-5-i təqdim etdi və bu modelin çat-bot ilə işləməyi daha da asanlaşdıracağı vəd edildi.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkət, cavabların sürətli verilməsi və ya daha dərin düşüncə əsaslı cavablar arasında avtomatik keçid edən marşrutlaşdırıcı funksiyasının istifadəyə verilməsi ilə istifadəçilərin bu seçimi özləri etmələrinə ehtiyac qalmayacağını düşünürdü. Lakin istifadəçilər bu dəyişiklikdən razı qalmayıblar. Bunun nəticəsində OpenAI model seçimi imkanını yenidən istifadəçilərə təqdim edib - amma əvvəlki formada yox. İndi GPT-5 üçün 3 rejim seçimi mövcuddur:
- Auto - modelin seçim haqqını sistemə verir
- Fast - çat-botu sürətli cavab rejiminə keçirir
- Thinking - çat-botu daha dərin düşüncə və təhlil rejiminə keçirir.

Bundan əlavə, əvvəlki modellər də yenidən istifadəçilərə əlçatan olub. Ödənişli istifadəçilər indi aşağıdakı köhnə modellər arasında seçim edə bilərlər:
- GPT-4o - birbaşa model seçimi menyusunda göstərilir
- GPT-4.1 və o3 - bu modelləri menyuya əlavə etmək üçün istifadəçi xidmət parametrlərinə daxil olmalıdır.
Bu dəyişikliklər OpenAI-nin istifadəçi rəyinə verdiyi önəmi və GPT modelləri ilə daha çevik işləmə imkanını təmin etməyə çalışdığını göstərir. "Biz GPT-5 modelinin xarakterini yeniləmək üzərində çalışırıq. Yeni versiya daha isti, daha insani olmalıdır, lakin əksər istifadəçilər üçün GPT-4o qədər israrlı və təkəbbürlü olmamalıdır. Lakin son günlərin dərsi ondan ibarətdir ki, biz hər bir istifadəçiyə daha fərdiləşdirilmiş model ayarları təqdim etməliyik" - deyə OpenAI-nin baş direktoru Sam Altman sosial şəbəkə X-də yazıb. GPT-5 versiyalarının seçim menyusunun əlavə edilməsi göstərir ki, avtomatik rejim seçimi bütün istifadəçiləri qane etməyib. GPT-5-dən gözləntilər çox yüksək idi - istifadəçilər GPT-4-də olduğu kimi bu modelin də süni intellektin imkanlarını genişləndirəcəyini ümid edirdilər.

Lakin yeni modelin istifadəyə verilməsi əvvəl düşünüləndən daha çətin və problemli olub. OpenAI-nin GPT-4o və digər süni intellekt modellərini ChatGPT-dən çıxarması bir çox istifadəçidə narazılıq yaradıb. Onlar bu modellərin cavab üslubuna və spesifik xüsusiyyətlərinə öyrəşmişdilər və OpenAI bu qədər reaksiya gözləmirdi. Bu narazılığa əlavə olaraq, GPT-5-in cavab rejimini avtomatik seçən marşrutlaşdırıcı funksiyası düzgün işləməyib. Bu da bəzi istifadəçilərdə GPT-5-in əvvəlki versiyalardan daha zəif performans göstərdiyi təəssüratı yaradıb və narahatlıq doğurub. Sorğudan asılı olaraq modeli avtomatik seçmək - asan məsələ deyil. Bu zaman süni intellektin imkanları istifadəçinin üstünlükləri və verdiyi konkret sualla uyğunlaşdırılmalıdır. Üstəlik, marşrutlaşdırıcı bu qərarı saniyənin cüzi hissəsində verməlidir ki, hətta “sürətli cavab” rejimində belə, cavab ləngiməsin.

Bəzi istifadəçilər üçün cavabın tezliyi əsas deyil - onlar daha çox cavabın əhatəli, təhlil yönümlü və ya hətta ziddiyyətli olmasını üstün tuturlar. Bu da süni intellekt modelinin cavab strukturuna və dərinliyinə bağlı seçimləri zəruri edir. İnsanların müəyyən süni intellekt modellərinə emosional bağlanması - hələ ki yeni və yetərincə öyrənilməmiş bir fenomendir. Məsələn, Anthropic Claude 3.5 Sonnet adlı model deaktiv edildikdə, San-Fransiskoda bir neçə yüz istifadəçi onun "dəfn mərasimi"ni təşkil etmişdi. Bəzi psixoloji cəhətdən həssas istifadəçilər süni intellektin təklif etdiyi fikirlərə həddindən artıq bağlana bilirlər. Bəzən süni intellekt modelləri absurd və reallıqdan uzaq ideyaları normal və məqbul kimi təqdim etdiyindən, belə istifadəçilər bu fikirlərə qapılaraq reallıq hissini itirə bilərlər. Bu da süni intellekt texnologiyalarının istifadə qaydaları və psixoloji təhlükəsizlik məsələlərini gündəmə gətirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 260

Oxşar yazılar