“Zaqatala” qəzetinin 100 illik yubileyi keçirildi - FOTO
26 oktyabr 2023 20:28 (UTC +04:00)

“Zaqatala” qəzetinin 100 illik yubileyi keçirildi - FOTO

Bu gün Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə “Zaqatala” qəzetinin 100 illik yubileyi ilə bağlı toplantı keçirilib.

Lent.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid əvvəlcə yubilyar nəşrin tarixindən və keçdiyi yoldan bəhs edib. O bildirib ki, 1923-cü ildə fəaliyyətə başlamış qəzet müxtəlif illərdə ayrı-ayrı adlarla fəaliyyət göstərib. 1991-ci ildən isə “Zaqatala” kimi işıq üzü görməkdədir.

Jurnalist əməyinin məziyyətlərindən söz açan R.Məcid bölgələrdə qəzet nəşr etməyin, onun nüfuzunu qorumağın fədakarlıq tələb etdiyini vurğulayıb. O, “Zaqatala” qəzetini də fədakar jurnalist əməyinin məhsulu kimi qiymətləndirib. Yubilyar mətbuat orqanının baş redaktoru İbrahim İbrahimlinin və baş redaktor müavini Elmira Mehdiyevanın jurnalist peşəsinə sadiqliklərindən söz açıb. R.Məcid “Zaqatala” qəzetini rəhbərlik etdiyi qurumun diplomu ilə təltif edib.

MŞ İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli çıxışında “Zaqatala” qəzetinin təmsil olunduğu bölgənin əsl peşəkarlıq nümunəsi kimi xarakterizə edib. O bildirib ki, nəşr fəaliyyətini beynəlxalq trendləri əsas tutaraq qurur. Bu və digər keyfiyyətlər isə qəzetə prinsipial jurnalist məhsulu kimi yanaşmağa əsas verməkdədir.

Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli qəzetin bir əsr ərzində varlığını davam etdirməsini, fikir və düşüncə məhsulu, ziyalı tribunası siması qazanmasını böyük ictimai hadisə adlandırıb, “Zaqatala” qəzetinin keçdiyi yolu şərəfli mərhələ olaraq xarakterizə edib. Qəzetlərin dilimizin və mənəviyyatımızın qorunmasında mühüm missiya daşıdığını vurğulayan N.Məmmədli əlavə edib ki, yubilyar nəşrin də bu baxımdan öyünməli olduğu xüsusiyyətlər çoxdur.

Şöbə müdiri çıxışında eyni zamanda təmsil olunduğu qurumun regional medianın inkişafı sahəsində gördüyü işlərdən söz açıb. O bildirib ki, MEDİA bu il Qubada və Lənkəranda yerli media təmsilçilərinin iştirakı ilə toplantılar gerçəkləşdirib və bu tədbirlər müəyyən diaqnostik qiymətləndirmələrin aparılmasına imkan verib. N.Məmmədli MEDİA-nın qarşıdakı müddətdə bölgə mətbuatının inkişafına yönələn sistemli fəaliyyət göstərəcəyini diqqətə çatdırıb.

“Zaqatala” qəzetinin baş redaktoru, respublikanın əməkdar mədəniyyət işçisi İbrahim İbrahimli çıxışında rəhbərlik etdiyi nəşrin 100 illik yubileyinin Zaqatala rayonunda da qeyd ediləcəyini bildirib. Mətbuat Şurasının rəhbərliyini və iştirakçıları həmin toplantıya dəvət edib. Baş redaktor 1991-ci ildən “Zaqatala” adı ilə fəaliyyət göstərən mətbuat orqanının tarixindəki spesifik məqamları vurğulayıb, qəzetin rayonun, ümumilikdə bölgənin salnaməsinin yaradılmasındakı missiyasından söz açıb.

Çıxış edənlərdən əməkdar jurnalist Rəhim Hüseynzadə, “Lent.az” saytının baş redaktoru Hafiz Heydərov, Yevlaxın “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı, Qax rayonunun “Şəlalə” qəzetinin baş redaktoru Xavər Əfəndiyeva, “Mədəniyyət” jurnalının əməkdaşı Qurban Cəbrayıl, jurnalistlər İbrahim Mehdiyev, Zemfira Ələkbərova, Adil İrşadoğlu, “Zaqatala”nın sadiq oxucularından olan ziyalılar – Aygün Əfəndiyeva, Elşad Həsənov, Ülkər Nəzərova, Dilarə Əfəndiyeva, Turac Mahmudov və başqaları yubilyar nəşrin region mətbuatındakı rolundan danışıb, xatirələrini bölüşüblər.

Sonda çıxış edən “Zaqatala” qəzetinin baş redaktor müavini, respublikanın əməkdar mədəniyyət işçisi Elmira Mehdiyeva nəşrin keçdiyi yola və redaksiya kollektivinin əməyinə verilən dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5808
avatar

Oxşar yazılar