Bayılda evimdən xeyli aralıda , bir an belə dayanmadan işləyən buruq var. Adını qoymuşam zəhmətkeş buruq. Paslı əyni-başı, yanındakı neft gölməçəsi köhnə əsrdən xəbər verir. Elə bil qonşuya bir boşqab neft aparırmış əlindən salıb. Gecələr üstündə zəif bir lampa yanır. Həzin yuxu gətirəcək bir səsi var. Hansı bir dəmirisə laxlayıb. Gecə səhərə kimi kədərli-kədərli taqqıldayır. Elə bil harasa yol gedir, 15 il yanındayıq, hələ gedib çıxmayıb mənzil başına.
Gecələr səsi mənə şirin yuxu gətirir. Əgər səsi bir an dayansa, o saat yuxudan oyanaram.
Səhərlər yanına özünə oxşayan, sanki köhnə əsrdən qalma mazutlu bir maşın gəlir, içində də 3-4 adam. Düşüb, bir az bir-biriləri ilə kal səsləri söhbətləşirlər (Səhərlər səs kal olur). Sonra buruğun bir-iki yerinə baxıb, bir iki yerini taqqıldadıb sonra çıxıb gedirlər. Buruq heç başını qaldırıb baxmır da. Elə hey “yeriyir”, dayanmır…
Yanında qamış, ot-ələf bitib, elə bil təbiət onu mühasirəyə alıb, yanında hərdən bir-iki inək də otlayır, Ətrafında yulğun ağacları bitib. Bütün bunlar buruğun zəhmətkeş olmağındandır, hər şey başına yığılır. Bir sözlə, bərəkət mənbəyidir buruq. Yanındakı evlər olmasa, bura dovşan, tülkü, lap canavar da gələr. Heç kəsə pisliyi keçməyib buruğun. Elə yanındakı evlərdi buruğun nankor qonşuları. Onlar məhv elədi buruğun qardaşlarını. Bu buruğu dindirsən, nələr danışar sənə. Özünə oğul-qardaş hesab elədiyi buruq qonşularını necə yıxdılar, hamısı yadındadır. Başını aşağı salıb, heç nəyə, heç kəsə baxmadan işləyir. Üstündə enib-qalxan dəmirə baxıram, elə bil qoca bir nənədi, xəmir yoğurur, sanki sübh namazı qılır. Bəlkə itkin qardaşlarının qara xatirələrini oxuyur və ya onlar haqqında qara bir kitab yazır buruq.
Hər gün baxıram zəhmətkeş “qardaşıma”. Bir dəfə buruğun yanına bir bahalı maşın gəldi. Qırmızı qalstuklu adamlar gülə-gülə maşından düşdülər. Ürəyim sancdı. Bu, buruğun öz maşını deyildi. Öz maşını səhər tezdən gələcəkdi. Adamlar buruğun ora-burasına baxıb nəsə yazdılar. Şəkil çəkdilər. Bəlkə ilk dəfə idi ki, buruq şəkil çəkdirirdi. Sonra həmin adamlar bahalı maşınlarına minib getdilər. Gəldim buruğun yanına, heç nə olmamış kimi işləyirdi. Yadıma böyük şair Əli Kərimin “Zəhmətkeş buruq” şeiri düşdü.
Nəzarətdən, nəsihətdən tənha bir buruq,
İşləyir bir dağ döşündə,
Axşam-səhər.
Başında dumanlar buruq-buruq.
Bir baxış ona
Günlərlə sancılmasa da,
Olsa da bəzən sancılanması da,
İşləyəcək ona verilən qüvvə
Qurtarana qədər,
Baş verməyincə bir qəzavü qədər.
Elə bil Əli Kərim lap “bizim” buruğu görüb bu şeiri yazmışdı. Səhər yenə onun öz maşını gəldi. Üstündə üç-dörd adam. Düşüb bir az kal səsləri ilə söhbət etdilər, sonra buruğun bir-iki yerinə çəgic vurub getdilər.
Günorta bəzəkli bir maşın gəldi. Bu yerlərin maşınına oxşamırdı. Üstündəki hərflər bizim əlifbadan deyildi. Sonra bir neçə ayrı maşın da gəldi. Sanki buruq qaçmaq istəyir, elə bil bir az yerə sinmişdi. Gələn adamlar buruğun ətrafını təmizlədilər. Üstündəki köhnə paslı dəmirləri açdılar, tamam yeni rəngli dəmirlər bağladılar. Amma buruq yenə həmin ritmlə işləyirdi, səsi, taqqıltısı yox idi. O gündən, bir daha onu yoluxmağa öz köhnə maşını və kal səsli dostları gəlmədi.
... Yaman darıxmağa başladım .