Yevlax hava limanı iritutumlu təyyarələri qəbul edəcək
10 sentyabr 2013 13:57 (UTC +04:00)

Yevlax hava limanı iritutumlu təyyarələri qəbul edəcək

 

Prezident İlham Əliyev Yevlax hava limanının açılışında iştirak edib.

 

Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, dövlət başçısı əvvəlcə şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.


Rayon ictimaiyyəti adından çıxış edən Şahin Kərimov dövlət başçısına Yevlaxın inkişafına verdiyi dəstəyə görə təşəkkür edib. Gənclər adından çıxış edən Əli Quliyev isə ölkəmizdə yürüdülən gənclər siyasətinə verdiyi töhfəyə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib. Dövlət başçısı  hava limanının rəmzi açılışını bildirən lenti kəsib, Yevlax hava limanının planını əks etdirən stendə baxıb.


“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov məlumat verib ki, Yevlax hava limanı istismar olunduğu dövrdə öz inkişafının iki böyük mərhələsini yaşayıb. Birinci mərhələ 1978-1980-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə respublikanın fəal aerofikasiyasının aparıldığı dövrə təsadüf edir. Bu dövrdə hava limanının fəaliyyəti təkmilləşdirilib, kənd təsərrüfatı aviasiyasının təmin edilməsi üçün baza yaradılıb. Bu çərçivədə uzunluğu 1600, eni 35 metr olan uçuş-enmə zolağı yenidən qurulub. Uçuş-enmə zolağı işıq-siqnal sistemi ilə təchiz edilib, uzaq və yaxın ötürücülər, radiomayak, pelenqator və dispetçer radiolokatoru quraşdırılıb. Bu, “Yak-40” reaktiv təyyarələrinin gecə-gündüz qəbulunu təmin etməyə və hava gəmilərində Bakı-Yevlax-Bakı, Yevlax-Naxçıvan-Yevlax, Yevlax-Minvod-Yevlax istiqamətlərində uçuşların açılmasına imkan verib. Sərnişinlərə xidmət göstərilməsi üçün saatda 100 sərnişin buraxılış qabiliyyəti olan aerovağzal binası da inşa olunub. Həmin vaxtlar perronda, eyni zamanda, 4 “Yak-40” təyyarəsi yerləşə bilib. İkinci istiqamət üzrə “AN-2” tipli kənd təsərrüfatı təyyarələrinə xidmət göstərilməsi üçün baza yaradılıb, onlar üçün anqar, bu təyyarələrin aviasiya və radio avadanlıqlarına xidmət laboratoriyası və akkumulyator binası tikilib. O dövrdə yanacaq-sürtkü materialları anbarı və “AN-2” təyyarələri üçün 60 dayanacaq inşa edilərək hava limanı genişləndirilib. Uçuş və texniki-mühəndis heyətləri, onların ailələri üçün istirahət və yaşayış şəraiti yaradılıb. Aviaşəhərciyin ərazisi abadlaşdırılıb, buradakı klub və digər sosial təyinatlı obyektlər təmir edilib.


Məhz prezidentin qayğısı və diqqəti nəticəsində qısa müddətdə limanın yeni uçuş-enmə zolağı, perron, yönəldici yol inşa edilib, aerovağzal müasirləşdirilib, yardımçı bina və tikililər yenidən bərpa olunub.
Milli aviasiyamızın tarixində mühüm yer tutan Yevlax hava limanı bu ilin martından başlayan tikinti-quraşdırma işləri nəticəsində ən müasir standartlara uyğun yenidən qurulub. Yenidənqurma işləri nəticəsində 2520 metr uzunluğunda, 40 metr enində, ümumi sahəsi 105 min kvadratmetr olan asfalt-beton örtüklü yeni uçuş-enmə zolağı salınıb. Əvvəllər isə uçuş-enmə zolağının uzunluğu cəmi 1200 metr olub. Bununla yanaşı, 345 metr uzunluğunda, 25 metr enində, ümumi sahəsi 10,7 min kvadratmetr olan yeni asfalt-beton örtüklü yönəldici yolun tikintisi, sahəsi 30,8 min kvadratmetr olan yeni asfalt-beton örtüklü perronun, sahəsi 1200 kvadratmetr olan aerovağzalın yenidən qurulması da görülən işlər sırasına daxildir. Uçuş-enmə zolağı, yönəldici yol və perron xaricdə istehsal olunan işıq-siqnal sistemləri ilə təchiz edilib. Burada sərnişinlərin uçuşa gediş və gəliş zonaları, qeydiyyat masaları, kafe, brifinq və hava limanının işçiləri üçün ofis otaqları yaradılıb. Ümumi sahəsi 1300 kvadratmetr olan və dispetçer məntəqəsinin yerləşdiyi dördmərtəbəli bina da tamamilə yenidən qurulub.


Vağzalyanı meydan abadlaşdırılıb, 60 avtomobil tutumlu dayanacaq tikilib. Hava limanının fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün transformator yarımstansiyası inşa olunub, 1300 metr uzunluğunda 10 kilovoltluq iki elektrik xətti çəkilib. Bundan əlavə, radionaviqasiya sistemlərinin və işıq-siqnal avadanlığının elektrik enerjisi ilə təmin olunması üçün transformator yarımstansiyası tikilib və 250 kilovolt gücündə dizel generatoru quraşdırılıb. Burada təhlükəsizliyin təmin olunması üçün aeroport boyu 9 kilometr uzunluğunda mühafizə hasarı çəkilib. Uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Yevlax hava limanında Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələb və normalarına cavab verən, Avropa istehsalı olan radio və meteoavadanlıq - enmə sistemi, meteosistem, hava hərəkətini idarəetmə sistemi və rabitə sistemi quraşdırılıb. Bir çox iritutumlu təyyarələri qəbul etmək gücündə olan Yevlax hava limanı sərnişin daşımaları ilə yanaşı, ölkəmizdə kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq. Hava limanına yeni yol salınıb, böyük abadlıq işləri görülüb.
 

Sonra xatirə şəkilləri çəkdirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2626
avatar

Oxşar yazılar