Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının ilk iclası keçirilib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirlyiinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verliyi məlumata görə, iclasın açılışında iştirak edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Müşahidə Şurasının üzvlərinə fəaliyyətlərində uğurlar arzulayıb.
Əli Abbasov bildirib ki, ölkədə fəaliyyət göstərən ixtisaslaşmış fondlar sahibkarlığın və özəl sektorun inkişafına müsbət təsir göstərir. Onun sözlərinə görə, nazirliyin tabeliyində yaradılan Fondun fəaliyyəti nəticəsində İKT sahəsi üzrə layihələrin və sahibkarların maliyyələşdirilməsi həyata keçiriləcək.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının müzakirəsinə üç sənəd təqdim edilib:
- Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu ilə banklar arasında fondun vəsaitlərindən istifadə edilməsinin şərtləri haqqında müqavilə forması
- Fond tərəfindən müvəkkil kredit təşkilatının seçilməsi meyarları
- Fondun qrant müsabiqələrinin təşkili və keçirilməsi qaydaları
Müşahidə Şurasının üzvləri tərəfindən qeyd edilən sənədlərin vacibliyi vurğulanaraq sənədlərin təsdiq edilməsi üçün üzvlərin yekun rəylərinin hazırlanması tövsiyə olunub. Müşahidə Şurasının üzvlərinin iştirakı ilə keçirilən müzakirələr nəticəsində sənədlərin təsdiq edilməsi məsələsinə Müşahidə Şurasının növbəti iclasında baxılması qərara alınıb.
Tədbirdə Müşahidə Şurasının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Müşahidə Şurasının katibinin seçilməsi qərara alınıb. Səsvermə nəticəsində Müşahidə Şurasının katibinin səlahiyyətləri nazirliyin Strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin məsləhətçisi Rauf Cabbarova həvalə edilib. Sonda Fondun icraçı direktoru Elçin Zeynalov görülmüş işlər və gələcək planlar haqda iştirakçılara məlumat verib.