Avstraliyanın elektron təhlükəsizlik qurumu Steam, “Roblox”, Fortnite və “Minecraft” kimi məşhur oyun platformalarında uşaqların onlayn təhlükələrdən qorunması ilə bağlı boşluqlar aşkarlayıb.
Lent.az xəbər verir ki, qurumun hesabatında bəzi platformaların uşaqların zərərli şəxslərlə əlaqəyə girməsinin qarşısını almaq üçün kifayət qədər effektiv tədbirlər görmədiyi bildirilib.
Araşdırmaya əsasən, bəzi oyun platformalarında uşaqların yad şəxslərlə ünsiyyət qurmasını məhdudlaşdıran və şübhəli davranışları aşkar edən mexanizmlərdə çatışmazlıqlar var. Həmçinin valideynlərin övladlarının onlayn fəaliyyətinə nəzarət imkanlarının platformalar arasında fərqləndiyi qeyd olunub.
Qurum oyun şirkətlərini uşaqların təhlükəsizliyinin gücləndirilməsi, yaş yoxlamalarının təkmilləşdirilməsi və zərərli məzmun və davranışların daha sürətli aşkarlanması üçün əlavə tədbirlər görməyə çağırıb.